Məhkəmə qərarları › İş №e-2(001)-6196/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6196/2024

25.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6196/2024 25.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X4 Hüseynağa qızının sədrliyi Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdeh İB-nə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X1 Cavabdeh İB-nə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Daxil olmuş iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmiş, iddia məhkəmə aidiyyəti üzrə düzgün verilməmişdir. İşin obyektiv araşdırılması məqsədilə iddia ərizəsinin icraata qəbulu ilə əlaqədar mümkünlük iclası təyin edilmiş, iddiaçının nümayəndəsi (vəkili) Vəkil işin məhkəmə aidiyyəti olaraq kommersiya məhkəməsində baxılması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını, lakin işin icraata götürülərək aidiyyəti üzrə göndərilməsini xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq iddiaçının vergi ödəyicisi olduğunu, yaranmış qaz borcunun isə süd məhsulları sexinin fəaliyyəti ilə əlaqədar hesablandığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilən AZEMİS elektron sistemdən çıxarışdan məlum olur ki, X2 xx.xx.2005-ci il tarixdən alınmış ********** saylı VÖEN ilə fiziki şəxs kimi ünvan 1 ünvanı üzrə qeydiyyatdan keçməklə vergi ödəyicisidir. Azəriqaz İB tərəfindən tərtib edilmiş abonent saldosunda kommersiya - fiziki şəxs Selman İbrahim pendir sexi, ünvan kimi isə Abşeron rayonu, Mehdiabad qəsəbəsi göstərilmişdir. Qazın alqı-satqısı barədə 3188-10-17 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən istehlakçı qrafasında fiziki şəxs Selman İbrahim və onun ********** saylı VÖEN məlumatları göstərilmişdir. İnternet vasitəsilə sorğulanmış məlumatda “X5” müəssisəsinin ünvan 3 ünvanında yerləşdiyi müəyyən olunur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. 24-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən Cavabdeh İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. 28-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Plenum qərarında həmçinin Kommersiya mübahisəsinin subyektlərinin dairəsi olaraq - Kommersiya hüquqi şəxsləri (xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları daxil olmaqla), fərdi sahibkarlar, qeyri-kommersiya hüquqi şəxsləri (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn tələblər üzrə), publik hüquqi şəxslər (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn tələblər üzrə), dövlət orqanları və bələdiyyələr (mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında sahibkarlıq subyektləri ilə bağlanmış mülki hüquqi əqdlərdən irəli gələn tələblər üzrə), fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daxil olmaqla, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər, investisiya qiymətli kağızları (istiqraz və səhm), veksel, depozitar qəbz, investisiya fond payı üzrə çağırış icraatı işlərində). Məhkəmənin mövqeyi və əsaslandığı hallar: Təqdim olunmuş iddia ərizəsi və əlavə olunmuş sənədləri nəzərdən keçirərkən məlum olur ki, iddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmış, VÖENi olan və hazırda yuxarıda adı çəkilən süd istehsalı müəssisəsinin rəhbəridir. Mübahisənin predmetini isə Cavabdeh İB qaz təhcizatı qurumu ilə iddiaçının süd istehsalı fəaliyyətinin həyata keçirilməsi üçün qaz enerjisindən istifadə olunması ilə əlaqədar yaranmış borc təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Cavabdeh İB-nə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi məhkəmə aidiyyəti üzrə qanunun tələbinə uyğun verilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263,264,268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı X1 Cavabdeh İB-nə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar