Məhkəmə qərarları › İş №e-2(001)-6336/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6336/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6336/2023 18.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2013-cü il tarixli, 1xx/xx/53219/13 saylı kredit müqaviləsi üzrə cavabdehdən 5697,86 (beş min altı yüz doxsan yeddi manat 86 qəpik) manat məbləğində əsas borc, 4296,71 (dörd min iki yüz doxsan altı manat 71 qəpik) manat məbləğində faiz borcu, 3874,70 (üç min səkkiz yüz yetmiş dörd manat 70 qəpik) manat məbləğində cərimə, 1790,14 (min yeddi yüz doxsan manat 14 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə, 15659,41(on beş min altı yüz əlli doqquz manat 41 qəpik) manat məbləğində pulun və 136,98 (yüz otuz altı manat 98 qəpik) manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında 21 dekabr 2013-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/53219/13 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixinə Banka 5697,86 (beş min altı yüz doxsan yeddi manat, 86 qəpik) manat məbləğində əsas borc, 4296,71 (dörd min iki yüz doxsan altı manat, 71 qəpik) manat məbləğində faiz borcu, 3874,70 (üç min səkkiz yüz yetmiş dörd manat, 70 qəpik) manat məbləğində cərimə borcu, 1790,14 (bir min yeddi yüz doxsan manat, 14 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 15659,41 (on beş min altı yüz əlli doqquz manat, 41 qəpik) manat məbləğində borcu qalmışdır. Cavabdeh kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 9322/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar iddia ərizəsi geri qaytarılmışdır. Lakin, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər iddiaçı tərəfindən təmin edildiyi halda, iddia ərizəsinin verildiyi günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçı ləğv etmə prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı tərəfindən verilmiş iddia tələbinin iddia müddətinin ötürülməsi səbəbindən rədd olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla Bank arasında xx.xx.2013-cü il tarixində 1xx/xx/53219/13 saylı müqavilə bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən, Bank tərəfindən ona illik faiz dərəcəsi 25 % olmaqla, 36 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. İddiaçı hazırkı tələblə bağlı ilk dəfə xx.xx.2019-cu il tarixində məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001 )-9322/2019 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddia tələbinin geri qaytarılmasına səbəb Azərbaycan Respublikası Prezidentinin problemli kreditlərlə bağlı qəbul etdiyi 551 saylı, xx.xx.2019-cu il tarixli fərmanının icrası ilə əlaqədar olmuşdur. Həmin Fərmanın tətbiqi ilə bağlı son icra tarixi xx.xx.2019-cu il tarixində başa çatmışdır. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bütün qeyd olunanlara istinadən iddiaçının tələbi üzrə iddia müddətinin ötürülmüşdür. Yəni müqavilə üzrə öhdəliyin icrasının son müddəti xx.xx.2016cı il tarixinə qədərdir. Həmin müddətdən iddia müddətinin axımı başlanır və xx.xx.2019-cu il tarixində bitir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 9322/2019 saylı qərardadı iddia axımının müddətini kəsmir, dayandırmır. Qərardadın qanuni qüvvəyə minməsindən iddiaçının yenidən məhəkəməyə müraciət etməsi arasında da 3 il 11 ay müddət keçmişdir. Yəni hörmətli məhkəmə, hansı prizmadan baxsaq iddia tələbi üzrə müddət ötürülmüşdür. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün çox olması səbəbindən iddiaçı ləğv posesində olan QSC “Bank Standard” KB-nin nümayəndəsinin məhkəmənin baxış iclasında iştirakını təmin etməyin mmkün olmadığını və iddia ərizəsində göstərilənləri tam müdafiə etdiyini bildirərək, e-2(001)-6336/2023 saylı mülki iş üzrə məhkəmə baxış iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini, iddia ərizəsinin tam şəkildə təmin edilməsini, zərurət yarandığı halda təxirə salınmasını və növbəti iclasın vaxtı və yeri barədə məlumat verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: 21 dekabr 2013-cü il tarixli, 1xx/xx/53219/13 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh (borclu) ilə Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı (kreditor) arasında kredit müqaviləsi bağlanmış və bank borcluya istehlak məqsədi ilə 36 ay müddətinə, illik 25 faiz olmaqla 6000 manat məbləğində kredit vermişdir. Hesabdan çıxarışdan görünür ki, cavabdeh müqavilə üzrə banka olan borcunu 2016-cı ilin dekabr ayından etibarən ödəməmişdir. 17 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21 dekabr 2013cü il tarixli, 1xx/xx/53219/13 saylı kredit müqaviləsi üzrə 06 mart 2023-cü il tarixə 5697,86 manat məbləğində əsas borc, 4296,71 manat məbləğində faiz borcu, 3874,70 manat məbləğində cərimə borcu, 1790,14 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla cəmi 15659,41 manat məbləğində borcu yaranmışdır. 20 noyabr 2019-cu il tarixli bildirişdən və bildirişin cavabdehə göndərilməsini təsdiq edən qaimədən görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-4498/2016 saylı qərarına əsasən Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu “Bank Standard” Kommersiya Bankının ləğvedicisi təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində iddia ərizəsinin verilməsinə görə Binəqədi Rayon Məhkəməsinin hesabına 136,98 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. Tərəflər arasında 21 dekabr 2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən, kredit 36 ay müddətinə 21 dekabr 2016-cı il tarixədək verilmişdir. Hazırda iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə borcun tutulmasını məhkəmədən xahiş edir, cavabdeh isə iddianı qəbul etmir və iddia müddətini tətbiq edilməsi ilə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından müəyyən edildiyi kimi, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Lakin göstərilənlərə baxmayaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı borcun qaytarılması tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Məhkəmə hesab edir ki, 21 dekabr 2013-cü il tarixli, 1xx/xx/52207/13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 21 dekabr 2016-cı il tarixdə bitmiş, Hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı 21 dekabr 2016-cı il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar