Məhkəmə qərarları › İş №e-2(001)-6401/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6401/2022

17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6401/2022 17.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 720 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 750 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “HYUNDAİ TUCSON” markalı, 99– KT–129 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il aprelin 16-da Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi “HYUNDAİ TUCSON” markalı, 99–KT–129 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Atatürk prospektində X1 idarə etdiyi “MERCEDES C220” markalı, 99–BE–112 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Bakı şəhər DYP-i tərəfindən xx.xx.2021-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.1ci(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Bakı şəhər DYP-in xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 980 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “MERCEDES C220” markalı, 99–BE–112 dövlət nömrə nişanlı avtomobillə 720 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 720 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən iddiaçının tələbinə dair cavabdehə bildiriş göndərilmiş, lakin cavabdeh bildirişi alsa da, iddiaya dair əsaslandırılmış etiraz təqdim etməmişdir. Təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sığortaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh2 arasında bağlanan PXA********** saylı, xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsi barədə məlumatdan görünür ki, “Hyundai Tucson” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurula zərərə görə 5000, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manat məbləğində sığortalanmışdır. "xxxx" ASC tərəfindən verilən PXA********** saylı sığorta aktından görünür ki, “Hyundai Tucson” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə 55000 manat məbləğində sığortalanmışdır. Aktda qeyd edilir ki, xx.xx.2021-ci il tarixində, saat 22:00 radələrində Atatürk prospektində “Hyundai Tucson” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz C220” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Dəymiş zərər məbləği 720 manat məbləğində müəyyən edilmiş və X2 məxsus kart hesabına 720 manat ödəniş edilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, 16 aprel 2021ci il tarixində, saat 22:0 radələrində Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi “Hyundai Tucson” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 idarə etdiyi “Mercedes Benz C220” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Hyundai Tucson” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil AD seriyalı, 822266 saylı qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh2 məxsusdur. "xxxx" ASC tərəfindən təqdim edilən 29 aprel 2021-ci il tarixli ödəniş sənədindən görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 720 manat ödəniş edilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilən sığorta ödənişinin alınması üçün nömrələri göstərilən plastik kartlar və ŞEN zərflər X2 təhvil verilmişdir. “Auto BOX” avtomobil servisi tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Mercedes Benz C220” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 720 manat zərər dəymişdir. TP seriyalı inzibati tənbeh vermə haqqında qərardan və İXP seriyalı protokoldan görünür ki, Cavabdeh1 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsinə və yol nəqliyyat hadisəsi törətməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətani törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə tətbiq olunması qərara alınmışdır. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Mercedes Benz C220” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 16 aprel 2021-ci il tarixində “Hyundai Tucson” markalı, **-KT- *** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz C220” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Hyundai Tucson” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edən Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Vurulmuş zərəri müəyyən etmək üçün “Auto BOX” avtomobil servisi tərəfindən xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktı tərtib edilmiş və vurulmuş zərərin miqdarı 720 manat müəyyən edilmiş və həmin məbləğ X1 hesabına ödənilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən vurduğu zərərin əvəzi olaraq sığortalıya ödənilmiş 720 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş edir. Mübahisənin məhkəmə tərəfindən müəyyən edilən mahiyyəti ondan ibarətdir ki, sığorta şirkəti olan iddiaçı sığorta olunan avtomobilə dəyən zərərlə bağlı apardığı ödənişi delikt törədən cavabdehdən tələb edir. Yəni iddia subroqasiya tələbi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddəsinə əsasən Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”. Odur ki, mülki işin məhkəmə tərəfindən müəyyən edilən halları ilə cavabdehin təqsirli hərəkətləri nəticəsində sığorta hadisəsinin baş verməsi, təqsirli hərəkətin nəticəsində sığortalıya zərər vurulması və faydalanan şəxsə sığorta ödənişinin həyata keçirilməsi öz təsdiqini tapmışdır. Lakin məhkəmə hesab edir ki, iddiaçı “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3cü maddəsinə əsaslanaraq cavabdehlərdən sığorta ödənişini subroqasiya qaydasında tələb etməkdə haqlı olmamışdır. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Eyni zamanda həmin qanunun 6.2-ci maddəsində göstərilmişdir ki, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Eyni zamanda qeyd edilməlidir ki, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Odur ki, nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Eyni zamanda icbari sığorta fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir və tərəflərin mülki məsuliyyəti sığorta riskinin birbaşa əsasını təşkil edir. Yəni yüksək təhlükə mənbəyinin vurduğu zərər onsuz da sığortaçının üzərinə götürdüyü sığorta riskidir. Bununla belə icbari sığorta haqqında qanunvericiliyin normalarından müəyyən edilir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ o vaxt yaranır ki, sığortalı(və ya sığorta olunan) sığorta hadisəsinin baş verməsində qəsdən qanunazidd hərəkətlər törətmiş olsun, sığorta riskinin artmasına və nəticədə sığorta hadisəsinin baş verməsinə şərait yaratmış olsun, təqsirin müəyyən edilməsinə və sığorta hadisəsinin təfərrüatları ilə bağlı obyektiv araşdırmanın aparılmasına mane törətmiş olsun(avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır). Göründüyü kimi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququnun yaranması əsasları əsasən sığorta riskinin dəyişməsinə səbəb olan və məsuliyyət yaradan konkret qanunazidd hərəkətlərdən irəli gəlir. Çünki icbari sığorta müqaviləsi bağlamaq öhdəliyi hamı üçün məcburidir və həmin müqavilə tərəflərin iradəsinə uyğun şərtlərin daxil edilməsi qadağan olunan və şərtləri qanunla müəyyən edilən standart sığorta müqaviləsidir. Halbuki işin halları ilə müəyyən edildiyi kimi sığortalının avtomobili etibarnamə olmadan başqa şəxsə verməsi ona münasibətdə inzibati məsuliyyət yaratmır, avtomobilin başqa şəxsin idarəçiliyinə verilməsi həmin şəxsin Mülki qanunvericiliyə əsasən əmlakı istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs hesab edilməsinə əsas vermir, sığorta hadisəsi sığorta olunanın qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi deyildir, sığorta olunan əmlakın başqa şəxsin istifadəsinə verilməsi sığorta riskinin dəyişməsi ilə bağlı olan və bu barədə sığortaçıya məlumat verilməsini gərəkdirən hal deyildir. Bununla yanaşı avtomobili etibarnamə olmadan idarə etmiş sürücülük hüququ olan Cavabdeh1 avtomobilə faktiki sahiblik edən sığortalı Cavabdeh2 qardaşıdır. Bu faktı tərəflərin soyadları, ata adlarındakı uyğunluq, ailə üzvü kimi eyni ünvanda qeydiyyatda olmaları faktı təsdiq edir. (“Azemis” Elektron Məhkəmə sistemindən müəyyən edilmişdir ki, hər iki cavabdeh eyni ünvanda ünvan 1dadırlar.) Yəni tərəflər arasında avtomobilin sahibin iradəsinə zidd olaraq idarə edilməsi halının olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbi barədə iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbi barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar