Məhkəmə qərarları › İş №e-2(001)-6409/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6409/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6409/2023 13.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı Optimal Finance BOKT MMC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Optimal Finance BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, X2 MMC ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli ORK00473 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı 12 ay müddətinə hər ay üçün 95 manat, sonuncu ay üçün isə 93 manat ödəmək şərti ilə 1138 manat dəyərində 2 saylı əlavədə-təhvil-təslim aktında göstərilən və alıcı tərəfindən təhvil alınan məişət texnikalarını satıcıdan almışdır. Öhdəliyin təminatı olaraq zamin X1 ilə xx.xx.2016-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə alıcı tərəfindən əməl edilməmiş o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar öhdəliklərini yerinə yetirməmişlər. Cavabdehlərin hazırda əsas borca görə 176 manat, cəriməyə görə 109,10 manat borcları yaranmışdır. X5 BOKT MMC ilə müştəri Optimal Elektronika MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01 saylı faktorinq müqaviləsinə əsasən Optimal Elektronika MMC borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli ORK00473 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini Optimal Finance BOKT MMC-yə güzəşt etmiş, bu barədə cavabdehə bildiriş verilmişdir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2016-ci il tarixli ORK00473 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borca görə 176 manat, cəriməyə görə 109,10 manat olmaqla cəmi 285,14 manat borcun və dövlət rüsumuna görə 30 manatın iddiaçının xeyrinə tutulması xahiş olunur. Məhkəmə tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının tələbinə dair bildiriş göndərilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələbə qarşı etirazlarını məhkəməyə təqdim etməmişlər. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Maddə 655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Maddə 655.3. Müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Maddə 655.4. Faktorun faktorinq müqaviləsi üzrə öhdəliklərinə müştəri üçün mühasibat uçotunun aparılması, habelə müştəriyə güzəşt predmeti olan pul tələbləri ilə bağlı digər maliyyə xidmətlərinin göstərilməsi də daxil ola bilər. Maddə 655.5. Faktorinq müqaviləsi yazılı formada bağlanır. Maddə 655.6. Faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. Maddə 656. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. X2 MMC ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-ci il tarixli ORK0073 saylı nisyə alqı-satqı müqaviləsindən, həmin müqaviləyə 1 saylı əlavədən və tərəflər arasında tərtib olunan xx.xx.2016-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh2 oğlu qiyməti 1138 manat olan aspirator "xxxx"i və qaz üstü "xxxx"i 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə Optimal Elektronika MMC-dən təhvil almışdır. Alqı-satqı müqaviləsinin 2.4.4.-cü bəndindən müəyyən olunur ki, alıcı ödənişi gecikdirdikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3% həcmində cərimə (dəbbə pulu) ödəməlidir. X3 MMC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-ci il tarixli ORK00473 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin alıcının xx.xx.2016-ci il tarixli ORK00473 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərinin tam icrasına satıcıya təminat vermişdir. X5 BOKT MMC ilə müştəri Optimal Elektronika MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01 saylı faktorinq müqaviləsindən müəyyən olunur ki, müştəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində qeyd edilən borcular ilə bağladığı müqavilələrdən irəli gələn pul tələbini faktora güzəşt etmişdir. xx.xx.2022-ci il tarixli 01 saylı saylı faktorinq müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavədən müəyyən olunur ki, müştəri Optimal Elektronika MMC Cavabdeh2 ilə bağladığı xx.xx.2016-ci il tarixli ORK0073 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn 176 manat tələbini faktor X5 BOKT MMC-yə güzəşt etmişdir. Optimal Finance BOKT MMC-nin xx.xx.2023-ci il tarixli arayışından müəyyən olunur ki, xx.xx.2016-ci il tarixli ORK00473 nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 176 manat əsas borcu, 109,10 manat cərimə borcu vardır. Optimal Finance BOKT MMC-nin xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, Optimal Finance BOKT MMC Cavabdeh2 və Cavabdeh1 borc ödənilmədiyi halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Maddə 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla Cavabdeh2 xx.xx.2016-ci il tarixli ORK00473 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən 176 manat borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının bu cavabdehə qarşı əsas borca görə 176 manat tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin Cavabdeh2 borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə Cavabdeh2 3 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının zaminə qarşı tələbi ilə bağlı tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası MM-nin 367-ci maddəsinin tələblərinə əsasən müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva etməli və zaminlik müqaviləsi zaminliyin verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilməlidir. Tərəflər arasında bağlanmış müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində (xx.xx.2017-ci il tarixdən) kreditor zaminə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. Ona görə də məhkəmə iddiaçının zaminə qarşı tələblərini əsassız hesab edib təmin etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2016-ci il tarixli ORK00473 saylı nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 176 manat, cəriməyə görə 3 manat və dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 209 manat Optimal Finance BOKT MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar