Məhkəmə qərarları › İş №e-2(001)-6556/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6556/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6556/2024 26.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 15 ay olmaqla 10 iyul 2019-cu il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1800 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 960 manat əsas borcu qalmışdır. Qeyd edilən borc müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 13536 manat cərimə borcu yaranmışdır (960 manat x 1410 gün x 1%=13536 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 200 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı tərəf hesab edir ki, Cavabdeh 10 iyul 2019cu il tarixli, QQK5700973 saylı borc müqaviləsinə əsasən 960 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat cərimə borcu və 32 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1192 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Müqavilədə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunması nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, xx xxxx 1971-ci il təvəllüdlü Cavabdeh 10 iyul 2019-cu il tarixli, QQK5700973 saylı borc müqaviləsinə əsasən 960 manat əsas borcun, müqavilə üzrə hesablanmış 200 manat cərimə borcu və 32 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1192 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 iyul 2019-cu il tarixli QQK5700973 saylı borc müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ilkin olaraq 0 manat ödəmək şərti ilə, 15 ay müddətinə, hər ay 120 manat ödəmək şərti ilə, dəyəri 1800 manat olan məişət avadanlığı satılmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış 10 iyul 2019-cu il tarixli QQK5700973 saylı müqaviləyə əsasən ödənilməmiş 960 manat əsas borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında olan müqavilə borc müqaviləsi adlandırılsa da, müqavilənin şərtlərindən müəyyən olunur ki, faktiki olaraq tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə bağladığı 10 iyul 2019-cu il tarixli QQK5700973 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən müqavilə üzrə 960 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 10 iyul 2019-cu il tarixli müqavilə üzrə hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan cərimə borcunun məbləği azaldılaraq, cavabdehdən 10 iyul 2019-cu il tarixli müqavilə üzrə əsas borcun 10% miqdarında, yəni 96 manat məbləğində dəbbə (cərimə) tutulmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 10 iyul 2019-cu il tarixli QQK5700973 saylı müqaviləyə əsasən 960 manat əsas borc və 96 manat cərimə borcu olmaqla, cəmi 1056 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10 iyul 2019-cu il tarixli QQK5700973 saylı müqaviləyə əsasən 960 manat əsas borc və 96 manat cərimə borcu olmaqla, cəmi 1056 (bir min əlli altı) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 32 manat dövlət rüsumunun 91%, yəni 29.10 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 9%, yəni 2.90 manat iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar