Məhkəmə qərarları › İş №e-2(001)-6645/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6645/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6645/2025 07.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 193.80 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Sığorta Kommersiya Şirkətində DS - İPO********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Əmlak sığortası” növü üzrə sığortalanmış X4 məxsus Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 4, 1 saylı mənzilə xx.xx.2025-ci il tarixdə Cavabdeh məxsus üst mərtəbədəki mənzildən su axması nəticəsində zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən həmin mənzilə dəymiş zərərə görə 193,80 manat sığorta ödənişi həyata keçirilmişdir. Dövlət Sığorta Kommersiya Şirkəti ilə Cəmiyyət arasında xx.xx.2024-cü il tarixdə bağlanmış №01/24 saylı“Sığorta müqavilələrinin ötürülməsi barədə” Müqaviləyə əsasən yuxarıda qeyd olunan sığorta müqaviləsi onlara ötürüldüyündən, müvafiq sığorta hadisəsinin tənzimlənməsi "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Sözügedən sığorta hadisəsi ilə əlaqədar “X5” MMC-nin onlara təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktubla da müəyyən olunmuşdur ki, X4 məxsus Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 4, 1 saylı mənzilə üst mərtəbədə yerləşən Cavabdeh məxsus 9 saylı mənzildən su axması nəticəsində maddi ziyan dəymişdir. Bu səbəbdən də iddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehlərə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Onlara iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim etmələri xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. - 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir: İş materiallarında olan sənədlərə əsasən: - İPO********** saylı sığorta şəhadətnaməsinə əsasən Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 4, mənzil 1 “Azərbaycan Respublikası Dövlət Sığorta Kommeriya Şirkəti” tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək sığorta olunmuşdur. - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 4, mənzil 1 tam mülkiyyət hüququ əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. - “X5” MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Qurtuluş 93” Yaşayış Kompleksi, “Rahat Həyat” yaşayış sahəsində yerləşən 04 saylı binanın 01 nömrəli mənzilində su sızması nəticəsində dəymiş zərərin düzgünlüyünü araşdırmaq məqsədi ilə Cəmiyyətin mütəxəssislərindən ibarət komissiya həmin mənzilə baxış keçirmişdir. Baxış zamanı məlum olmuşdur ki, həqiqətən xx.xx.2025-ci il tarixdə Cavabdeh məxsus olan, həmin binanın 3-cü mərtəbə, 09-cu mənzilində istilik xəttindən sızan su nəticəsində adı gedən mənzilin yataq və qonaq otağının divarları islanmış, mənzilin tavanı isə saralmışdır. - xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktından görünür ki, Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 4 ünvanında yerləşən 1 saylı mənzilə dəymiş ziyan 768 manat (material 218 manat, təmir işləri – 550 manat) məbləğindədir. - Pİ007925 saylı sığorta аktına və 5765 saylı, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC dəymiş zərəri aradan qaldıraraq sığortalanmış Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 4, 1 saylı mənzilə dəymiş zərərə görə X3 hesabına 193.80 manat (768 manat dəymiş zərərdən 459 manat azadolma məbləği, 115.20 manat qismən sığorta səbəbi ilə tutulan məbləğ çıxıldıqdan sonra) sığorta ödənişini ödəmişdir. - Sığorta müqavilələrinin ötürülməsi barədə 01/24 nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Azərbycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (ləğv prosesindədir) tərəfindən bağlanmış sığorta müqavilələri "xxxx" ASC-yə ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci madəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 36.1.9-cü maddəsinə əsasən üçüncü şəxslərin hərəkətləri nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Beləliklə məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən su axıdılması nəticəsində alt qonşusu X4 məxsus Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 4, 1 saylı mənzilə zərər vurulmuş olduğundan sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Belə olan halda iddia təmin edilməli və Cavabdeh X6ya məxsus Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 4, 1 saylı mənzilə dəymiş zərərə görə ödənilmiş 193.80 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 193.80 (bir yüz doxsan üç manat səksən qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar