Məhkəmə qərarları › İş №e-2(001)-6689/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6689/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6689/2022 20.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında 06 avqust 2018-ci il tarixdə xx/xx/0252 saylı Daxili maliyyə lizinqi müqaviləsi və 15 yanvar 2020-ci il tarixdə 01/018/20-E saylı Nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinə əsasən, iddiaçı 1850 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 ədəd 2017-ci il buraxılışı olan, divardan asılan məişət qaz qazanı sənəd və ləvazimatları ilə birlikdə cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən Lizinq müqaviləsinə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən lizinq ödənişləri üzrə borc qalığı 1016,72 manat, dəbbə pulu üzrə 3574,62 manat olmaqla, cəmi 4591,34 manat məbləğində borcu yaranmışdır. Bundan əlavə, Nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı qiyməti 793.49 manat olan 1 ədəd 2019-ci il buraxılışlı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil verib, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürüb. Hazırda cavabdehin Nisyə alqı-satqı müqaviləsinə əsasən qalan borcu 720,49 manat, dəbbə pulu 1420,77 manat olmaqla, cəmi 2141,26 manat təşkil edir. Müqavilələrdən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilib. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi gecikdirilib və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməyib. Hazırda hər iki müqavilənin müddəti bitib. Cavabdeh1 06 avqust 2018-ci il tarixli xx/xx/0252-Z1 saylı Zaminlik müqaviləsinə əsasən Lizinq müqaviləsi üzrə zaminlik qəbul etmişdir. Bu isə o deməkdir ki, Cavabdeh1 həmin müqavilə üzrə mövcud öhdəliklərin icrasının təmin olunmamasına və ya lazımınca icra olunmamasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, xx/xx/0252 saylı Daxili maliyyə lizinqi müqaviləsi, xx.xx.2018-ci il tarixli, xx/xx/0252 saylı Daxili maliyyə lizinqi müqaviləsinə Əlavə № 1, xx.xx.2018-ci il tarixli, xx/xx/0252-Z1 saylı Zaminlik müqaviləsi, xx.xx.2019-cu il tarixli xx.xx.2018-ci il tarixli, xx/xx/0252 saylı Daxili maliyyə lizinqi müqaviləsinə dəyişikliklərin edilməsi barədə Razılaşma № 1, xx.xx.2018-ci il tarixli Lizinq obyektinin təhvil-təslim aktı, xx.xx.2020-ci il tarixli, NAS-01/018/20-E Nisyə alqı-satqı müqaviləsi, xx.xx.2020-ci il tarixli Əmlakın təhvil-təslim aktı və maliyyə arayışlarından görünür ki, xx.xx.2018-ci il tarixli, xx/xx/0252 saylı Daxili maliyyə lizinqi müqaviləsi İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı 1850 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 ədəd 2017-ci il buraxılışı olan, divardan asılan məişət qaz qazanı sənəd və ləvazimatları ilə birlikdə Cavabdeh2 istifadəsinə və sahibliyinə vermişdir. Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, NAS-01/018/20-E Nisyə alqı-satqı müqaviləsi də İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış və həmin müqaviləyə əsasən, İddiaçı qiyməti 793,49 manat olan 1 ədəd 2019ci il buraxılışlı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə Cavabdeh2 təhvil vermiş, Cavabdeh2 isə bunun müqabilində müqaviləyə əlavə olan ödəniş qrafikinə müvafiq olaraq ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli, xx/xx/0252 saylı Daxili maliyyə lizinqi müqaviləsi üzrə cavabdehin 1016,72 manat əsas borc, 3574,62 manat cərimə borcu olmaqla, cəmi 4591,34 manat borcu; xx.xx.2020-ci il tarixli, NAS-01/018/20-E Nisyə alqı-satqı müqaviləsi üzrə isə 720,49 manat əsas borc, 1420,77 manat cərimə borcu olmaqla, cəmi 2141,26 manat borcu mövcuddur. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəlləsinin 600.4-cü maddəsinə müvafiq olaraq, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müki Məcəllənin 470.1-ci maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı tələbində cərimə borcunun məbləğlərini azaltmış, lakin məhkəmə yenə də tələb olunan cərimə məbləğini tənasübsüz surətdə yüksək hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə əsas borcu cavabdehlərdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehlərin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və cavabdeh(lər)dən iddiaçının xeyrinə birinci müqavilə üzrə 10,28 manat, ikinci müqavilə üzrə isə 6,51 manat cərimə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli, xx/xx/0252 saylı Daxili maliyyə lizinqi müqaviləsi üzrə 1016,72 manat əsas borc və 10,28 manat cərimə borcu olmaqla, cəmi 1027 manat məbləğində borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1dan müştərək qaydada; xx.xx.2020-ci il tarixli, NAS-01/018/20-E Nisyə alqı-satqı müqaviləsi üzrə 720,49 manat əsas borc və 6,51 manat cərimə borcu olmaqla, cəmi 727 manat məbləğində borc Cavabdeh2 tutularaq İddiaçınə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 92,32% hissədə təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 36 manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1dan tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli, xx/xx/0252 saylı Daxili maliyyə lizinqi müqaviləsi üzrə 1016,72 manat əsas borc və 10,28 manat cərimə borcu olmaqla, cəmi 1027 (min iyirmi yeddi) manat məbləğində borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1dan müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. xx.xx.2020-ci il tarixli, NAS-01/018/20-E Nisyə alqı-satqı müqaviləsi üzrə 720,49 manat əsas borc və 6,51 manat cərimə borcu olmaqla, cəmi 727 (yeddi yüz iyirmi yeddi) manat məbləğində borc Cavabdeh2 tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 36 (otuz altı) manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1dan müştərək qaydada tutularaq İddiaçınə ödənilsin, 3 (üç) manat hissəsi isə iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar