Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6751/2024 18.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı “istehlakçı hüquqlarının bərpası, əsassız olaraq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı “istehlakçı hüquqlarının bərpası, əsassız olaraq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdeh tərəfindən hesablanmış 13024 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 Binəqədi rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 603201 nömrəli Akta əsasən İddiaçı 13024 manat məbləğində borc yazılmışdır. Həmin Aktda qeyd edilir ki, guya obyektdə (qeyri-yaşayış sahəsi) yoxlama aparılan zaman istehlakçının sayğacdan kənar sudan qanunsuz istifadə etməsi müəyyən edilmişdir. Borcla bağlı xx.xx.2024-cü il tarixli ********* nömrəli “Qanunsuz istifadə fakturası” tərtib edilmişdir. Fakturadan görünür ki, guya iddiaçı 357 gün, hər gün 4 saat olmaqla ümumilikdə 1628 m.kub sudan qanunsuz istifadə etmişdir. Bu həcmdə suyun dəyərini də sudan xammal kimi istifadə edən istehlakçı qrupuna aid tariflə, yəni 8 manatdan hesablamaqla iddiaçıya 13024 manat məbləğində borc göstərilmişdir. xx.xx.2024-cü il tarixli 603201 nömrəli Akt və həmin Akt əsasında hesablanmış borc qanunsuz və əsassızdır. Belə ki, iddiaçı sahibkar deyil, hər hansı obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Beləliklə o, sudan xammal kimi istifadə edən istehlakçı qrupuna aid deyil. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 603201 nömrəli Aktda “obyektə” baxış keçirilməsi qeyd edilmişdir. Sözügedən obyekt iddiaçıya məxsusdur və onun fərdi yaşayış evinin həyətinə bitişik sahədə yerləşir. Həmin obyekt icarə müqaviləsi əsasında "xxxx" MMC-ə icarəyə verilmişdir və obyektdən hazırda icarəçi istifadə edir. İcarəçi obyektdən istifadə etməyə başlayandan sonra cavabdehlər tərəfindən həmin obyektə ayrıca 104088 abonent kodu ilə qeyri-əhali tipli su sayğacı quraşdırılmışdır. Həmin sayğac iddiaçının adına rəsmiləşdirilsə də, icarəçinin istifadəsindədir. İcarə müqaviləsinə əsasən də kommunal xərclər icarəçi tərəfindən ödənilir. Görünən odur ki, cavabdehlər guya icarəçinin sudan qanunsuz istifadə etməsilə bağlı icarəçiyə borc yazmaq əvəzinə əslində sudan xammal kimi istifadə edən istehlakçı qrupuna aid olmayan iddiaçının adına müvafiq tariflə (8 manat) hesablama aparmaqla qanunsuz və əsassız borc yazmışlar. Halbuki iddiaçı hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul deyil və onun evinə quraşdırılmış sayğac əhali tipli sayğacdır. Digər tərəfdən o da qeyd edilməlidir ki, cavabdehin yoxlama aparmaqla bağlı hərəkətləri ümumiyyətlə qanunsuzdur. Belə ki, cavabdehin əməkdaşları gecə saatlarında qanunsuz olaraq iddiaçıya məxsus fərdi yaşayış evinin həyətinə daxil olmuş, iddiaçının və onun ailə üzvlərinin iştirakı olmadan guya orada yoxlama aparmışdır. Yoxlama nəticəsində tərtib edilmiş akt isə nə iddiaçı, nə iddiaçının ailə üzvləri, nə də obyetin icarəçisi tərəfindən imzalanmamışdır. Ümumiyyətlə cavabdehin əməkdaşları tərəfindən obyektə baxış belə keçirilməmişdir. Cavabdehin müvafiq aktda qeyd etdikləri həqiqəti əks etdirmir. Sayğacdan kənar sudan istifadə edilməsi halı ümumiyyətlə mövcud deyildir. Bütün yuxarıda qeyd edilənlərdən aydın olur ki, İddiaçı istehlakçı hüquqları kobud formada pozulmuş və onun adına qanunsuz və əsassız borc yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 24.3-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Hazırkı işin mahiyyətindən mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması aşkardır. Bundan əlavə, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan müəyyən olunur ki, iddiaçı tərəf fərdi sahibkar kimi qeydiyyata alınmışdir. Həmçinin iddiaçının adına qeyd edilən yaşayış sahəsi ilə bağlı istehlakçı kimi hər hansı bir abenont kodu müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə sudan qanunsuz sərfiyyat nəticəsində hesablanmış borcun qeyd edildiyi abonent kodunun iddiaçının adında olduğu müəyyən edilmiş, iddiaçı tərəfindən iddiasında qeyd edildiyi kimi sərfiyyatın icarəçi tərəfindən həyata keçirildiyini təsdiq edən sənədlər əlavə edilməmişdir. Belə olan halda hazırki işin mahiyyəti tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyindən məhkəmə aidiyyat qaydalarına əməl edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalı, iddiaçıya ərizənin qaytarılmasının nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyə mane olmaması izah edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152.1.3, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı “istehlakçı hüquqlarının bərpası, əsassız olaraq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-6751/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6751/2024
18.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver