Məhkəmə qərarları › İş №e-2(001)-681/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-681/2024

21.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-681/2024 21.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq, onun **********00051 saylı istehlakçı hesabına cavabdeh tərəfindən 2023-cü ilin may ayına yazılmış 1969,92 manat borcun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən evdə yaşayır. Qeyd edilən yaşayış evinə cavabdeh "Azəriqaz" İstehsaİat Birliyi tərəfindən qaz xətti çəkilmiş və mütəmadi təbii qazla tehciz edilirdi. Qeyd edilən qaz alğı-satqısı ilə cavabdehlə aralarında bağlanılmış müqavilənin şərtlərinə əsasən onların ünvanında qaz sayğacı quraşdırılmışdır. Hər ay mütəmadi olaraq işlətdikləri qazın dəyərini ödəmişlər. Cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin cavabdeh "Azəriqaz" İstehsİat Birliyinin əməkdaşları tərəfindən 2023-cü ilin may ayında, guya mənim təbii qazdan qeyri-qanuni (sayğacdan kənar əlavə xətt vəsitəsilə) istifadə etməsi barədə akt tərtib edilmişdir. Akt tərtib edilərkən iştirakı təmin edilməmişdir. Akta əsasən ünvanına həmin tarixə 1969 manat 92 qəpik həcmində zərər hesablanmış və **********00051 saylı istehİakçı hesabına borc kimi qeyd edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, tərəfindən sayğaca qanunsuz müdaxilə edilməmişdir. Sadəcə 1 gün müddətinə yas məclisini yol vermək üçün qansuz qoşulma edilib. Bu səbəbdən 1 günə görə hesablanacaq cərimə məbləğini ödəməyə hazırdır. Lakin 6 aylıq tələb edilən məbləğlə razılaşmır.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, Cavabdeh İB-nin əməkdaşları ona əsassız yerə 1969,92 manat borc yazmışlar və bununla bağlı xəbəri olmadan akt tərtib etmişlər. Cavabdeh İB-nin əməkdaşları 2023-cü ilin may ayının axırlarında yaşadığı ünvanda təmir işləri ilə əlaqədar qazın verilməsi dayandırmışlar. 2023-cü ilin may ayının axırlarında həyətdə atasının yas mərasimi keçirilirdi. Bu zaman yas mərasimi üçün çadır gətirən şəxslər qaz gəlmədiyi üçün xəbəri olmadan sayğacdan kənar təbii qazdan istifadə etmişlər. Əvvəllər həyətdən iki qaz xətti keçirdi. "Azəriqaz" İB-nin əməkdaşları 2022-ci ilin axırlarında qaz xəttini yenilədilər və evə bir xəttdən qazın verilməsini təmin etmişlər.O, sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə etməmişdir. Sayğacdan kənar ikinci xətt hazırda bağlıdır. Həyətdə iki fərdi yaşayış evi yerləşir, biri ona digəri isə qardaşına məxsusdur. 2011-ci ilin sonundan başlayaraq 1 il müddətinə məxsus fərdi yaşayış evində hissə-hissə təmir işləri getmişdir. Ona görə də, həmin dövrdə təbii qazdan az istifadə etməmişlər. Ev 42 kv. metrdir. Evdə qaz plitəsindən və kombidən istifadə edilir. Azəriqaz” İB-nin əməkdaşları eyni vaxtda ona və bacısına borc yazmışlar. Bununla bağlı iki akt tərtib etmişlər. Bacısı əsassız hesablanmış borcun silinməsi tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş və borc silinmişdir. O, dəfələrlə köhnə qaz xəttinin ləğv olunması barədə Cavabdeh İB-nə müraciət etsə də, köhnə qaz xəttini ləğv etməmiş, əksinə köhnə qaz xəttini öz hesabına ləğv edə biləcəklərini bildirmişlər. Buna isə razı olmamışdır.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı özü də, etiraf edir ki, qaz xəttinə qanunsuz qoşulma edilmişdir. Odur ki, iddia əsassız olduğundan rədd edilməsini xahiş edir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və etirazı müdafiə edir. Hesab edir ki, iddia ərizəsi əsassızdır. Belə ki, iddiaçı özü də etiraf edir ki, sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə etmişdir. Əlavə olaraq bildirmək istəyir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə, bacısına isə xx.xx.2023-cü il tarixdə akt tərtib olunmuşdur. Buradan da görünür ki, Cavabdeh İB-nin əməkdaşları eyni gündə yox, ayrı-ayrı vaxtlarda evə baxış keçirib sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə olunduğunu aşkar etmişlər və müxtəlif aktlar tərtib etmişlər.

7. Cavabdehin nümayəndəsi etirazında göstərir: Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00051 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edərək küllü miqdarda Dövlət əmlakını talamışdır. Həmin ərazidə reyd keçirilən saman sözügedən ünvanda sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə edildiyi müəyyən olunaraq müvafiq qaydada aktlaşdırılmış, itirilmiş təbii qazın (dəyəri ödənilmədən abonent tərəfindən istifadə edilmiş 16416m3 = 1969.92 manat) dəyəri hesablanaraq abonentin hesabına işlənmişdir. Aktlar , fotoşəkillər əlavə edilir. Aktı tərtib edən, abonentin qanunsuz hərəkətlərini aşkar edən Birliyin işçilərinin məhkəmədə dindirilməsi, Yerli baxış keçirilməsi, eləcə də Abonentin saldosuna baxdıqda da abonentin həqiqətən təbii qazdan qanunsuz, sayğacdan kənar istifadə etməsi təsdiqini tapacaqdır. Ehtiyac olduğu halda qanunsuz xətti aşkar etmiş işçilərin məhkəmədə dindirilməsi də mümkündür. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

8. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən evə Azəriqaz tərəfindən **********00051 abonent kodu verilməklə təbii qazın alqı-satqısı barədə İddiaçı ilə müqavilə bağlanılmışdır. “Azəriqaz“ İB-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar edilməklə, ləğv edilmişdir. “Həmin AKT-a əsaslanaraq BRQSD-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən 31 may 2023-cü il tarixdə “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib edilmişdir. Həmin tələbnaməyə əsasən qaz sayğacının maksimal qaz sərfi 1.2 kub.m orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 kub.metr saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın həcminin 16216 kub.m olduğu ehtimal edilmişdir.

9. Bundan sonra itirilmiş qazın həcminin dəyəri olaraq 1969,91 manat borc kimi 2023cü ilin may ayında abonentin koduna hesablanmışdır.

10. 21.02.2024-cü il tarixində keçirilmiş yerində müayinə nəticəsində müəyyən edilmişdir: Bakı şəhəri, ünvan 2 ünvanında iki fərdi yaşayış evi yerləşir. Həmin fərdi yaşayış evlərinin biri iddiaçıya, digəri onun bacısının mülkiyyətində olmaqla, faktik olaraq qardaşının istifadəsindədir. Fərdi yaşayış evlərinin sayğacları darvazanın bayır hissəsində yerləşir. Darvazadan həyətə daxil olarkən sol tərəfdə istifadəyə yarasız olan və yeni çəkilən qaz xətti var. Köhnə qaz xətti Cavabdeh İB-nin əməkdaşları tərəfindən kəsilərək, istifədədən çıxarılmışdır. Yerli baxış zamanı təbii qazdan sayğacdan kənar qanunsuz qoşulma ilə istifadə aşkar edilməmişdir.

11. İddiaçı qaz xəttinə qanunsuz qoşulma etmədiyini, belə bir hal olsa belə sadəcə 1 günlük keçirilən yas mərasiminə görə onun icazəsi olmadan və xəbərsiz qoşulma edilmişdir. Buna baxmayaraq, qoşulma edilən gün üçün hesablanmış borc məbləğinin ödənilməsinə etiraz etmir.

12. Cavabdeh tərəf isə iddianı ona görə əsassız və yazılan cəriməni ona görə əsaslı hesab edir ki, istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma edildiyi iddiaçı tərəfindən etiraf edilib. Nəticədə istehlakçının hüquqa zidd və təqsirli hərəkətləri nəticəsində onlara ziyan vurulmuşdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

13. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun(xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliklərlə):

14. 13-cü maddəsinin 8-ci bəndində əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

15. Həmin maddənin 8-1-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

16. 9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

17. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının(xx.xx.2023-cü il tarixli dəyişikliklərlə) 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

19. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

20. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

21. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

22. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

23. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

24. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

25. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

26. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

27. Həmin qaydaların 6.5-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

28. 6.5-1.-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; - əvvəlki dövrün orta gündəlik qaz sərfi; - istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

29. 6.5-2-ci maddəsinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

30. 6.5-4-ci maddəsinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

32. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

35. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

36. İşin halları ilə müəyyən edilir ki, iddiaçı 1 günlük qanunsuz qoşulmaya görə ona əsassız olaraq həmin məbləğdə borc hesablandığını iddia edir.

37. Cavabdeh tərəf isə iddiaçının hüquqa zidd əməl törətmiş olmasını tərtib edilən AKTla və iddiaçının qismən etirafı ilə sübut etməyə çalışır.

38. Məhkəmə iddiaçının qanunsuz qoşulma barədə etirafını nəzərə alaraq və işin müəyyən edilmiş hallarınə qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır.

39. Belə ki, qaz təchizatı haqqında qanunda və qazdan istifadə qaydalarının əvvəlki redaksiyasında qanunsuz qoşulma hallarının aşkar edildiyi halda qaz təchizatçının görməli olduğu tədbirlər tənzimlənməsə də, qanuna və qaydalara edilmiş yeni dəyişikliklərdə həmin məsələlər ətraflı tənzimlənmişdir. Bununla belə yeni qaydalarda öz əksini tapan zərərin həcminin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan meyarları ağlabatan mühakimə əsasında dəyərləndirildikə əvvəlki mübahisələrə də şamil edilməsini istisna edən hal yoxdur. Bu baxımdan da məhkəmə hesab edir ki, hazırki mübahisədə də sayğacdan kənar istifadə zamanı vurulmuş zərərin həcmini müəyyən edərkən həmin meyarlar nəzərə alınmalıdır. Bunlara sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; - əvvəlki dövrün orta gündəlik qaz sərfi; - istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası aiddir.

40. İşin müəyyən edilmiş hallarından göründüyü kimi abonentə xx.xx.2023-cü il tarixədək olan 6 aylıq dövr üçün 1969.92 manat zərər hesablanmışdır. Yəni qaz paylayıcının qənaətinə görə abonent həmin dövr üzrə sayğacdan kənar qazdan qanunsuz istifadə etməklə 16416 kub.m qazı talamışdır. Lakin iş materiallarında olan abonentin saldosundan görünür ki, abonent qanunsuz xəttin ləğv edildiyi 2023-cü ilin may ayından etibarən 6 ay üçün 1655 kub.m, 2022-ci ilin noyabr ayından may ayına kimi isə 6 ay ərzində 1054 kub.m qazdan istifadə etmişdir. 2022-ci ilin iyun ayından etibarən isə 6 ay üçün 1072 kub.m qazdan istifadə etmişdir. Bundan əlavə abonent 2022-ci ilin ilk beş ayı üçün 599 kub.m qazdan istifadə etmişdir Odur ki, həm qanunsuz xəttin ləğv edildiyi tarixdən sonrakı dövr, həm qanunsuz xəttin olduğu ehtimal olunan dövrlər nəzərə alındıqda, itirilmiş qazın həcminin dəyərinin 600 kub.m-dən çox olmadığı müəyyən edilir. Yəni abonentin qanunsuz qoşulma nəticəsində vurduğu zərərin həcmi, başqa cür yanaşsaq əsassız olaraq varlandığı məbləğ 600 kub.m qaz sərfinin məbləğindən artıq deyildir.

41. Bu səbəbdən məhkəmə hesab edir ki, itirilmiş qazın həcminin 600 kub.m olduğu müəyyən edilməklə hesablanmış digər borc abonentin hesabından silinməlidir. Bu isə 600 kub.m qaz sərfinin məbləğinin 120(600x0.2) manat təşkil etməsi nəzərə alınmaqla 1894.92(1969.92-120) manat təşkil edir. Tətbiq edilən prosessual normalar

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

43. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

44. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

45. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir

46. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə

47. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

48. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır

49. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

50. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:

51. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli AKT-a əsasən abonent İddiaçı(abonent kodu: **********00051) hesablanmış borcdan 1894.92 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməli və istehlakçının ödəməkdən azad olduğu 39 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

52. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli AKT-a əsasən abonent İddiaçı (abonent kodu: **********00051) hesablanmış borcdan 1894.92(bir min səkkiz yüz doxsan dörd manat doxsan iki qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 39 (otuz doqquz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar