Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-693/2023 10.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə 10 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 03 iyun 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 63 manat əsas, 9,4 manat cərimə, 28 iyun 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 407 manat əsas, 61 manat cərimə və 05 iyul 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 693,7 manat əsas, 104 manat cərimə borcu olmaqla, ümumilikdə 1338,1 manat borcun və 33,38 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2021-ci il tarixli müqaviləyə əsasən, sonuncu “Samsung” markalı paltaryuyana görə 12 aylıq ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla cəmi 499 manat, 28 iyun 2021-ci il tarixli müqaviləyə əsasən “Stinol” markalı soyuducuya, “Braun” markalı ütü və “Braun” markalı blenderə görə 18 aylıq ödəniş cədvəli üzrə hər ay 51 manat olmaqla cəmi 917 manat, 05 iyul 2021-ci il tarixli müqaviləyə əsasən isə “İphone” markalı mobil telefona görə 18 aylıq ödəniş cədvəli üzrə hər ay 78 manat olmaqla cəmi 1395,7 manat olmaqla, hər üçn müqavilə üzrə ümumilikdə 2811,7 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, müqavilələrin şərtlərini pozmaqla, ödəniləri vaxtında və ödəniş cədvəllərində göstərilmiş məbləğlərə uyğun etməməsi nəticəsində iddiaçıya həm əsas, həm də cərimə borcu yaranmışdır. Cərimə məbləğinin miqdarı hər üç müqavilə üzrə 1744 manat təşil etdiyi halda, humanizm prinsipinə əsasənalaraq, həmin cərimə məbləğinin 90 faizi iddiaçı tərəfindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 faizi, yəni 174,4 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 03 iyun 2021-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı müqaviləsi”ndən görünür ki, Cavabdeh İddiaçı MMC-dən dəyəri 499 manat olan “Samsung” markalı paltaryuyanı 12 ay ərzində, aylıq 42 manat ödəmək şərti ilə almışdır. - 18 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh həmin müqavilə üzrə 63 manat əsas, 94 manat cərimə borcu vardır. - 28 iyun 2021-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı müqaviləsi”ndən görünür ki, Cavabdeh İddiaçı MMC-dən ümumi dəyəri 917 manat olan “Stinol” markalı soyuducunu, “Braun” markalı ütünü və “Braun” markalı blenderi 18 ay ərzində, aylıq 51 manat ödəmək şərti ilə almışdır. - 18 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh həmin müqavilə üzrə 407 manat əsas, 610 manat cərimə borcu vardır. - 05 iyul 2021-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı müqaviləsi”ndən görünür ki, Cavabdeh İddiaçı MMC-dən dəyəri 1395,7 manat olan “İphone SE” markalı mobil telefonu 18 ay ərzində, aylıq 78 manat ödəmək şərti ilə almışdır. - 18 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh həmin müqavilə üzrə 693,7 manat əsas, 1040 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqavilələrə əlavədə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqavilələrə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. İddiaçı öz ərizəsində humanizm prinsipinə əsaslanaraq, maliyyə arayışında göstərilən cərimə borcunun 10 faizini tələb etdiyini göstərsə də, məhkəmə hesab edir ki, hər üç müqavilə üzrə iddia tələbində göstərilən miqdarda cərimənin tutulması da əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 03 iyun 2021-ci il tarixli müqavilə üzrə tələb olunan 9,4 manat cərimənin miqdarı azaldılaraq 4 manat, 28 iyun 2021-ci il tarixli müqavilə üzrə tələb olunan 61 manat cərimənin miqdarı azaldılaraq 28 manat, 05 iyul 2021-ci il tarixli müqavilə üzrə tələb olunan 104 manat cərimənin miqdarı azaldılaraq 49 manat müəyyən edilməlidir. Beləliklə, hesab edirəm ki, iddia qismən təmin edilməli, hər üç müqavilə üzrə əsas borc iddia tələbində göstərilən məbləğlərdə, dəbbə pulu isə məhkəmənin müəyyənləşdirdiyi məbləğdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 33,38 manat məbləğində pul vəsaitinin 26 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh 03 iyun 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 63 manat əsas, 4 manat cərimə, 28 iyun 2021-ci il tarixli müqavilə üzrə 407 manat əsas, 28 manat cərimə və 05 iyul 2021-ci il tarixli müqavilə üzrə 693,7 manat əsas, 49 manat cərimə borcu olmaqla, ümumilikdə 1244,7 manat, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 26 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-693/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-693/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver