Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7129/2025 31.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2009-cu il tarixli müqavilə əsasında iddiaçıya verilmiş ünvan 1 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında yerləşən 37 saylı qarajdan istafadəyə maneələrin aradan qaldırılması və qarajın cavabdeh tərəfindən yenidən iddiaçının istifadəsinə verilməsini xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
3. Belə ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mübahisə predmeti olan qaraj sahəsi ilə bağlı müqaviləni hazırki tələb üzrə cavabdeh qismində qoyulmuş şəxsin həyat yoldaşı ilə bağladığını qeyd etmiş, lakin hazırki cavabdehin irəli sürülmüş tələbə cavab verən şəxs olduğunu təsdiq edən sənədləri (iddiaçı cavabdehin X1 hüquqi varisi olduğunu qeyd etmiş, lakin bunu təsdiq edən sənədləri) iddia ərizəsinə əlavə etməmiş, beləliklə də cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları iddia ərizəsində qeyd etməməklə iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələbləri pozmuşdur.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. - Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları). - Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. - Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
5. Göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilmiş şərtinə - iddia ərizəsinin forma və məzmunla bağlı qanunvericiliyin tələblərinə əməl etməmişdir.
6. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, işə baxılması məqsədilə iddiaçı tərəfindən qanunvericiliklə iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələblərə əməl edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
7. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.1, 152.2, 152.4, 263-264, 267-268 və 284-3.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.
2. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Anar Rzayev