Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7131/2025 29.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı «X3» MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə Satıcı "xxxx" MMC ilə Cavabdeharasında 18 noyabr 2021-ci il tarixdəZFK 00115 nömrəli nisyə alqı satqı müqaviləsi (bundan sonra “Müqavilə” adlandırılacaq) imzalanmışdır. Müqaviləyə əsasən satıcı cavabdehə müqavilənin əlavəsində göstərilən “Samsung” markalı mobil telefonusatmağı, cavabdeh isə həmin malın dəyərini satıcıya 1-ci ay 48 manat, 11 ay ərzində 60 manat, sonuncu ay isə 59.9 manat olmaqla, cəmi 767.9 manat məbləğində pulu ödəmək öhdəliyini üzərinə götürmüşdür. Malların nisyə satış müqaviləsinə 2 saylı əlavədə, təhvil-təslim aktında göstərilən 1ədəd “Samsung” markalı mobil telefon cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəfimizdən xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyi yerinə yetirməmişdir. Belə ki, müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında 18 noyabr 2021-ci il tarixli ZFK00115 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borcu 479.68 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün borc məbləğinin 0,3% həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 324.35 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında 18 noyabr 2021-ci il tarixli ZFK 00115 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 479.68 manat qalıq borcu, 324.35 manat cərimə borcu olmaqla, cəmi 804.03 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh qeydiyyatda olduğu ünvana iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilmiş, lakin cavadehin 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 767.90 manat dəyərində SAMSUNG GALAXY markalı mobil telefon 12 ay müddətinə nisyə satılmışdır. xx.xx.2021-ci il tarixli müqavilənin əlavəsindən və ödəniş cədvəlindən görünür ki, borclu 1-ci ay 48 manat, 11 ay ərzində 60 manat, sonuncu ay isə 59.9 manat olmaqla ödəməlidir. Həmçinin, eyni tarixli nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə (təhvil-təslim aktı) ilə iddiaçı tərəfindən Cavabdeh SAMSUNG GALAXY markalı mobil telefon qüsursuz halda təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 479.68 manat ödənilməmiş hissə, 324.35 manat cərimə, ümumilikdə 804.03 manat borc yaranmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehi mövcud müqavilə ilə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazımi qaydada məlumatlandırmışdır. Tədbiq edlən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 655.1-ci maddəsinə əsasən Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçının Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi əsas borca münasibətdə təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 479.68 manat əsas borc alınaraq iddiaçı "xxxx" MMC-yə verilməlidir. İddiaçının cavabdehdən tələb etdiyi cərimə məbləğinə bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin şərti kimi icranı lazimi qaydada yerinə yetirmədiyinə görə iddiaçı cavabdehdən dəbbə pulunu tələb etməyində haqlı olsa da, lakin məhkəmə qanunun ona verdiyi səlahiyyət əsasında (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi) işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə hazırki iş üzrə müqavilənin cavabdeh tərəfindən icra olunmama müddəti, əsas borcun-öhdəliyin də həcmini diqqətdən qaçırmır. Belə olan halda məhkəmə cavabdehdən 25 manat məbləğində dəbbə pulunun tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 30 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri təmin olunan hissəyə mütənasib cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq Nəticə hissəsi Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 479.68 (dörd yüz yetmiş doqquz manat, altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, ümumilikdə 504.68 (beş yüz dörd manat, altmış səkkiz qəpik) manat, həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. Qalan hissədə (cərimə hissəsində) təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(001)-7131/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7131/2025
29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver