Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-726/2024 08.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı İcbari Sığorta Bürosu X2 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı İcbari Sığorta Bürosu X6 cavabdeh X3 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, LPO ASC Standard İnsurance Sığorta Şirkətindən PST ********** nömrəli sığorta şəhadətnaməsi əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh adına sığortalanmış Tofaş Şahin markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu 3-cü mkr, dairəsi ünvanında Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X1 əmlakına zərər vurulmuşdur. Baş vermiş hadisə ilə bağlı İcbari Sığorta Bürosu X6 tərəfindən 200 manat sığorta ödənişi ödənilmişdir. Cavabdeh yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. Belə ki, Cavabdeh barəsində Nəsimi rayon DYPŞ tərəfindən İXMnin 327.6-cı maddəsində nəzərdə tutulan qaydada (hadisə yerindən yayınma) xx.xx.2020ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ASC Standard İnsurance Sığorta Şirkəti müflis elan edilmişdir. Ona görə də, Cavabdeh sığorta ödənişinə görə 200 manat, dövlət rüsumuna görə 30 olmaqla cəmi 230 manatın iddiaçı İcbari Sığorta Bürosu HŞİ-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı İcbari Sığorta Bürosu X2 nümayəndəsi Ə.Quliyev ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, DİO-da işləmiş, 2023-cü ildə öz ərizəsinə əsasən işdən azad olunmuş, **-SU-*** dövlət nömrə nişanlı Topaş markalı avtomobil onun mülkiyyətində olmuş, yol nəqliyyat hadisəsi qarşıdakı avtomobilin sürücüsünün qəfil əyləci basması nəticəsində baş vermiş, toqquşmadan sonra həmin sürücü avtomobili irəlidə saxlamış, o, sürücünü cüzi bir məsələ olduğu üçün məsələni öz aralarında həll etmək məqsədi ilə çağırmış, lakin həmin şəxs getdiyi üçün o, da gözləmədən hadisə yerindən getmiş, hadisə barədə heç kimə məlumat verməmiş, hesab etmişdir ki, hadisə barədə məlumatı o, deyil həmin şəxs verməli idi. Hadisədən 1-2 ay keçdikdən sonra o, X9 Polis İdarəsinə dəvət olunmuş, hadisə barədə izahat vermişdir. Hadisədən 3 il müddət keçmiş, hazırda həmin nəqliyyat vasitəsi onun istifadəsində deyil, barəsində inzibati xəta ilə bağlı araşdırma düzgün aparılmayaraq onun hadisə yerindən yayınması qeyd edilmiş, bunun üçün hadisə yerindən kamera görüntüləri götürülməli, araşdırmanı aparan şəxsin izahatı alınmalıdır. O, hadisə yerini tərk etməmiş, əksinə orda 20 dəqiqə gözləmiş, 100 manat cərimə olunması barədə məlumatı olmamış, sahə inspektoru kimi işi çox olduğundan öz işinin nəticəsi ilə maraqlana bilməmiş, hadisə vaxtı işə tələsdiyi, ziyan qarşı tərəf dəydiyi üçün ziyanı ödəyərək dövlət orqanına məlumat verilmədən yerində məsələni həll etməyi düşünmüşdür. Məsələyə laqeyd yanaşmış, vaxtında məlumatı olsaydı, bu hadisəyə münasibət bildirər, məsul şəxslə danışar, araşdırmanı təzəliyərdi. Ona görə də ya araşdırmanın yenilənməsini ya da iddia ərizəsinin rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: ... 25.1.3.icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Maddə 25.4. Bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. Maddə 27.1. İcbari Sığorta Bürosu (bundan sonra - “Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. Maddə 32.1. Əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir: 32.1.1. sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə; Maddə 32.4. Büro bu Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir. Maddə 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar. Maddə 53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. ASC Standard İnsurance SŞ-nin PST ********** saylı xx.xx.2020-ci il tarixli avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Tofaş Şahin markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobil ASC Standard İnsurance SŞ-də xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortalanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə saat 14:45 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Tofaş Şahin markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və hadisə vaxtı həmin nəqliyyat vasitəsini idarə edən sürücüsü Cavabdeh olmuşdur. Opel Astra markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobili hadisə vaxtı idarə edən sürücüsü X5 olmuşdur. İcbari Sığorta Bürosu X2 İC AA 5901/20 saylı xx.xx.2020-ci il tarixli sığorta aktından müəyyən olunur ki, PST ********** saylı sığorta şəhadətnaməsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər sığortalanmış Tofaş Şahin markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonun 3-cü mkr, dairəsində törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində **-GS-*** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtomobilə dəyən ziyanın məbləği 200 manat, sığorta ödənişi 200 manat, barəsində subroqasiya tələbi irəli sürülməli şəxs Cavabdeh müəyyən edilmişdir. İcbari Sığorta Bürosu X2 zərərin hesablanması xx.xx.2020-ci il tarixli aktından müəyyən olunur ki, **-GS-*** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsinin təmiri üçün tələb olunan vəsait 200 manat təşkil edir. Paşa Bank ASC-nin ödəniş tapşırığından müəyyən olunur ki, İcbari Sığorta Bürosu X6 tərəfindən X4 200 manat ödənilmişdir. Nəsimi RPİ DYPŞ-nın xx.xx.2020-ci il tarixli AP0185526 saylı inzibati protokolundan müəyyən olunur ki, Cavabdeh 3-cü mik, dairəsində hərəkət edərkən düzgün ara məsafəsi saxlamadığından **-GS-*** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtomobili arxadan vuraraq hadisə yerindən yayınmışdır. Nəsimi RPİ DYPŞ-nın xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindan müəyyən olunur ki, Cavabdeh barəsində tərtib olunan xx.xx.2020-ci il tarixli AP ******* saylı inzibati protokola baxılaraq Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddələri ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Cavabdeh Nəsimi RPİ DYPŞ-də xx.xx.2020-ci il tarixdə yazaraq imzaladığı izahatından müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 14-45 radələrində özünə məxsus Tofaş Şahin markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilə 9-cu mkr, ərazisindən 3 mkr, dairəsi istiqamətində hərəkət edərkən fikri dağınıq olması səbəbindən qarşısında hərəkət edən Opel markalı avtomobillə toqquşmuş, bundan sonra Opel markalı avtomobilin sürücüsü irəliyə hərəkət etməyə başlamış və irəlidə saxlamışdır. O, sürücünü əl ilə hadisə yerinə dəvət etmiş, lakin sürücü gəlməmişdir. Bundan sonra o, da öz növbəsində hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə RPİ DYPŞ-dən ona zəng edilərək barəsində şikayət ərizəsi olması bildirilib Nəsimi RPİ DYPŞyə gəlməli olması bildirilmişdir. Həmin şəxs ona dəymiş ziyanın 200 manat olması bildirilmiş, lakin həmin məbləğ şişirdilmiş olması səbəbindən o, razılaşmamışdır. Hadisə barədə o, heç bir dövlət orqanına məlumat verməmiş, izahatını özü yazmış və öz imzası ilə təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mülkiyyətində olan nəqliyyat vasitəsini idarə edərkən törətdiyi yol nəqliyyat hadisəsindən sonra cavabdeh hadisə yerindən yayınmışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, cavabdehin təqsirli bilindiyi inzibati xəta nəticəsində ASC Standard İnsurance Sığorta Şirkətində icbari sığorta növündə sığortalanan ziyan vurulmuş nəqliyyat vasitəsinin sahibinə iddiaçı İcbari Sığorta Bürosu X6 tərəfindən 200 manat sığorta ödənişi ödənilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayındığından, sonuncunun təqsirli bilindiyi inzibati xəta nəticəsində yaranmış deliktə görə sığorta ödənişini ödəyən iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Ona görə də iddia ərizəsi təmin edilməlidir. Məhkəmə cavabdehin iddia tələbinə qarşı etirazı ilə bağlı qeyd edir ki, törətdiyi inzibati xətada təqsiri özünün etirafı və digər sübutlarla təsdiq olunmuş cavabdehin etirazında istinad etdyi hallar iddia ərizəsinin təmin edilməməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Mirzəyeva Aydın Arif oğlundan sığorta ödənişinə görə 200 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 230 manat İcbari Sığorta Bürosu X2 xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-726/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-726/2024
08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver