Məhkəmə qərarları › İş №e-2(001)-728/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-728/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-728/2024 06.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi ilə, İddiaçı "İcbari Sığorta Bürosu" X6 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İcbari Sığorta Bürosu" X9 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X1 adına sığortalanmış Ford Transit markalı, 99RC628 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 04 mart 2020-ci il tarixində Bakı şəhəri, H.Əliyev prospektində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 əmlakına zərər vurulmuşdur. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən dərhal yayınmışdır. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerini tərk etmiş, bu səbəbdən onun barəsində Nərimanov rayon DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan qaydada (hadisə yerindən yayınma) xx.xx.2020-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar qəbul edilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2020-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi xx.xx.2020-ci il tarixdə, saat 13:40 dəqiqədə baş vermiş və həmin hadisə zamanı Ford Tranzit yük markalı, 99RC628 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutlmuş inzibati xətanı törədilməsi nəticəsində X3 maddi zərər dəymişdir. İş materiallarında olan Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədib. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərruatları barədə arayışdan görünür ki, yol-nəqliyyat hadisəsi xx.xx.2020-ci il tarixdə, saat 13:35 H.Əliyev prospektində baş vermişdir və hadisə nəticəsində X4 tərəfindən idarə olunan X5 məxsus olan Mercedes Benz markalı 99NF892 qeydiyyat nişanlı avtomobilə sağ qabağ qanaddan zərər dəyib. İş materiallarında olan 032109 nömrəli Nəqliyyat vasitənin zədələnməsi barədə arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə, 13:35-də Heydər Əliyev prospektində Mercedez Benz E220 markalı 99NF892 qeydiyyat nişanlı nəqliyyat vasitə sağ qabaq qanad hissəsində xarici əzintilər almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Dəymiş zərər barədə razılaşma sənədindən görünür ki, 99NF892 qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 120 manat məbləğdə qiymətləndirilmişdir. İş materiallarda olan Əmlaka dair qiymətləndirmə aktında görünür ki, Mercedez Benz markalı 99NF892 qeydiyyat nişanlı nəqliyyat vasitəyə ümumilikdə 120 manat məbləğdə təmir xidməti göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh 120 manat tutularaq iddiaçı "İcbari Sığorta Bürosu" X7 ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 120 (yüz iyirmi) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "İcbari Sığorta Bürosu" X7 ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar