Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-740/2024 22.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X11 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh, qarşı, 44 saylı Notariat Ofisi cəlb olunmaqla, “miras əmlakın qəbul edilməsi və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlakın qəbul edilməsi faktının tanınması və ½ payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 ilə X10 xx.xx.1960-cı ildə evlənmişlər və arvada Allahverdiyeva soyadı verilmişdir. Daha sonra X9 ilə X5 xx.xx.1975-ci ildə nikahlarını pozmuşlar. Nikah pozulduqdan sonra arvada Atluxanova soyadı verilmişdir. Həmin şəxslər birgə nikahda olarkən onların 3 uşaqları doğulmuşdur: Allahverdiyev Sərdar, Cavabdeh və Salmanova Mahir. İddiaçının atası X9 xx.xx.2017-ci ildə ölmüşdür. X7 xx.xx.2019-cu ildə ölmüşdür. Qardaşı X2 vəfat etmiş və xx.xx.2019-cu ildə Qusar rayonunun Xürəl kənd qəbirstanlığında dəfn olunmuşdur. İddiaçının anasının istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi. İ döngədə yerləşən 21/23 saylı fərdi yaşayış evi mövcud olmuşdur. Bununla bağlı DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli, 11/95 nömrəli texniki pasport tərtib edilmişdir. İddiaçı nikaha daxil olduqdan sonra adı çəkilən ünvandan pasport qeydiyyatından çıxsa da, bir müddət sonra öz ailəsi ilə birlikdə anasına məxsus fərdi yaşayış evinə köçmüş və hazırki vaxta qədər də öz ailəsi ilə həmin ünvanda yaşayır. Hazırda iddiaçı bacısı Cavabdeh ilə birlikdə yaşamaqla bərabər həmin evə faktiki sahiblik edirlər. İddiaçı bir sıra sənədləri topladıqdan sonra vərəsəlik işinin açılması ilə əlaqədar şifahi qaydada müraciət etmiş, lakin cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdüyünü əsas gətirərək vərəsəlik işinin açılmasından imtina etmişdir. Bundan başqa, cavabdeh şifahi olaraq bildirmişdir ki, əgər məhkəmə qaydasında ötürülmüş müddət bərpa edilərsə, o zaman vərəsəlik işini açacaqlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında və məhkəməyə ünvanlandığı yazılı etirazında cavabdehin nümayəndəsi iddianı qəbul etmədiyini bildirib, izahatında göstərdi ki, iddia tamamilə əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir. İddia düzgün tərtib edilməmişdir. Hüquqi faktın müəyyən edilməsi xüsusi icraat qaydasında verilməli idi. Bundan başqa, ümumiyyətlə, vərəsəlik işi açılmamışdır, iddiaçının notariat kontoruna müraciət etməsi ilə bağlı hər hansı bir sübutu yoxdur, Üçüncüsü, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi. İ döngədə yerləşən 21/23 saylı fərdi yaşayış evin hüquqmüəyyənedici sənədlərdən yalnız texniki pasportu vardır. Texniki pasport evin yalnız texniki vəziyyətini müəyyən edən sənəddir. Lakin texniki pasport xüsusi mülkiyyət hüququ verən sənəd deyil. Beləliklə müəyyən olunur ki, ev iddiaçının mərhum anasına mülkiyyət hüququ ilə heç vaxt məxsus olmayıb. Həmçinin cavabdeh uzun illərdir ki, həmin evdə yaşayır və pasport qeydiyyatındadır, iddiaçı isə 2019-cu ildən anasının vəfatından sonra ailə üzvləri ilə birlikdə həmin evə köçmüşdür. Həmin ildən tərəflər arasında evdən istifadə qaydaları müəyyən edilmişdir. Sonra iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2019-cu ildə vəfat etmişdir. - DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 11/95 nömrəli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi. İ döngədə yerləşən 21/23 saylı fərdi yaşayış evinin hüquq subyekti X10 olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” 95-ci bənd. Mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə,habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyriyaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. 107-ci bənd. Miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218.1-ci Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını rəhbər tutaraq, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil. İşin müəyyən olunan hallarından belə görünür ki, tərəflərin atası X9 xx.xx.2017-ci ildə, anaları X10 xx.xx.2019-cu ildə vəfat etmişlər. X6 ölümü haqqında məlumat aşkar edilməmişdir (Qusar rayon Qeydiyyat şöbəsinin 19.07.023-cü il tarixli 398 nömrəli arayışı). İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi. İ döngədə yerləşən 21/23 saylı fərdi yaşayış evinə köçdüyünə, hazırki vaxta qədər də öz ailəsi ilə həmin ünvanda yaşamasına, evə cavabdehlə birlikdə faktiki sahiblik etmələrinə və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2007-ci il tarixli, 11/95 nömrəli texniki pasporta istinad edərək hazırkı tələblə çıxış edir. Cavabdeh iddiaya qarşı etirazını yuxarıda qeyd olunan şəkildə əsaslandırmışdır. Məhkəmə aşağıdakılara əsasən iddianı əsaslı saymır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Məhkəmə ilk növbədə qeyd edir ki, vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il tarixli (Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanmasına dair) Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumunun qərarında göstərilmişdir ki, miras əmlaka qanunla müəyyən olunmuş qaydada mülkiyyət hüququnu əldə etmiş və onu dövlət qeydiyyatından keçirmiş şəxslərin belə hüququ ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuşdur ki, dövlət vərəsəlik hüququna təminatverir. İlk növbədə qeyd olunmalıdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi. İ döngədə yerləşən 21/23 saylı fərdi yaşayış evi mülkiyyət hüququ ilə qeydiyyatdan keçməmişdir. Həmin evə dair tərtib olunmuş 25.01 .2007-ci il tarixli, 11195 inventar nömrəli texniki pasport isə hüquqmüəyyən edici sənəd hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmiş, həmin siyahıda sözügedən texniki pasportun daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi nəzərdə tutulmamışdır. Göründüyü kimi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi. İ döngədə yerləşən 21/23 saylı fərdi yaşayış evinə dair mərhum X1 həmçinin vəfat etdikdən sonra mülkiyyət hüquqları tanınmamış və dövlət qeydiyyatdan keçirilməmişdir. Belə ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İddiaçıların iddia etdiyi atalarından qalmış əmlak o, vaxt miras kütləsinə daxil edilə bilər ki, ya həmin əmlak miras qoyanın sağlığında, ya da ölümündən sonra mülkiyyəti kimi dövlət qeydiyyatına alınsın. İddiaçı nəzərə almamış ki, yalnız dövlət qeydiyyatına alınmış əmlaklar miras kütləsinə daxil edilə və vərəsələr arasında qanunvericiliyə uyğun bölünə bilər. Bu baxımdan məhkəmə cavabdehin etirazı ilə razılaşır. Məhkəmə onu da qeyd edir ki, vərəsəliklə bağlı qanunvericiliyin müddəalarının mahiyyətinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras əmlakın tərkibini yoxlamalı, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamə verməlidir. Hazırki iş üzrə iddiaçı tərəfindən nəinki, miras kütləsi ilə bağlı notariat orqanına hər hansı sənəd təqdim edilməmiş, ümumiyyətlə onun tərəfindən notariat ofisinə rəsmi müraciət də edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia rədd edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “miras əmlakın qəbul edilməsi faktının tanınması və ½ payın müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-740/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-740/2024
22.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver