Məhkəmə qərarları › İş №e-2(001)-742/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-742/2024

11.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-742/2024 11.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbi barədə mülki işə 11 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış 2510,2 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus evə işıq, qaz, su və digər kommunal xətlər qoşulmuşdur. İddiaçı həmin evdə daimi yaşamır. Belə ki, o, ailə üzvləri və öz şəxsi işlərilə əlaqədar Bakı şəhərinə gedərkən bir-iki gün həmin evdə qalmışdır. Evə məxsus bütün kommunal xərcləri ödəyir, bunlardan biri də sudan istifadəyə görə puldur ki, onu da vaxtında ödəyir. İddiaçı hal-hazırda Ağstafa rayonunda yaşayır. Bir neçə gün bundan əvvəl qonsuluqda yaşayan qonşuları ona zəng vuraraq bildirmişlər ki, onun guya ki, Cavabdeh ASC-yə 2510,2 manat borcu var. O, bununla bağlı Cavabdeh ASC-nin qaynar xəttinə və həmin idarənin evin yerləşdiyi ərazidəki nümayəndəsinə zəng vuraraq bu hadisə ilə bağlı maraqlanmış, ona bildirilmişdir ki, evə gedən su xəttində sızma var, ona görə də bu qədər borc yaranmışdır. İddiaçı avqust ayında Cavabdeh ASC-nin əməkdaşı ilə əlaqə saxlayaraq Cavabdeh ASC-yə borcu olub-olmaması barədə soruşduqda həmin əməkdaş bildirmişdir ki, onun 12 manat avansı var, yəni su pulundan 12 manat artıq ödəmişdir. Lakin bu qısa müddətdə bu qədər borcun yığılması onun itehlakçı hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Su xəttində sızmalara və ya hər hansı bir problemin olmasına cavabdeh bir başa Cavabdeh ASC və onun əməkdaşlarıdır. Həmçinin, iddiaçı həmin evdə daimi yaşamadığından evdən çıxarkən butun xətləri yəni, işıq, qaz və su xətlərini bağlayır ki, birdən nə isə problem yaşanar. Axırıncı dəfə də evdən çıxarkən bütün xətləri bağlamışdır. Cavabdeh ASC-nin əməkdaşları hansı əsaslarla ona bu qədər borcun yazılmasını izah edə bilmirlər. Sadəcə sızıntı olduğunu əsas gətirirlər. 2510,2 manat məbləğində olan su sızıntısının qarşısında ev tamam yararsız hala düşməli idi. Bundan başqa, “ətraflı abonent kartı” adlı sənəddən görünür ki, evdə xx.xx.2016-cı il tarixdən bu günə kimi sudan istifadə il bağlı ödənişlər azdır, yəni əksər aylarda umumiyyətlə sudan istifadə edilməyib. Lakin birdən-birə 2510,2 manat borcun yaranması səbəbi aydın deyildir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun tərəfindən səlahiyyətli nümayəndənin məhkəmədə iştirakı təmin edilməmiş, habelə iddiaya yazılı münasibət bildirilməmişdir. İş materiallarında olan: - Hesab fakturadan görünür ki, iddiaçıya məxsus ünvan üzrə cavabdeh tərəfindən **********002 abonent kodu verilmişdir. - Abonent kartı məlumatlarından görünür ki, iddiaçı tərəfindən 2021-ci il üzrə təmiz və çirkli su xidmətindən 4,51 manat, 2022-ci il üzrə 1,4 manat dəyərində istifadə edilmişdir. 2023-cü ilin oktyabr – noyabr ayları üzrə borc 2510,2 manat, sonrakı aylar üzrə müvafiq olaraq 9,8 manat və 37 manat göstərilmişdir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 5.1 və 5.1.5-ci bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçının hüquqlarından biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır:

1. Güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır;

2. Sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır;

3. Bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır;

4. Bu sübutlar birlikdə dəyərləndirilməldir. “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs ) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Qanunun həmin maddəsinin məzmunundan belə nəticəyə gəlinir ki, bu tip mübahisələrdə sübutetmə vəzifəsi icraçının, yəni Cavabdeh ASC-nin üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən iddia ərizəsində göstərilənləri təkzib edən hər hansı sübut, daha dəqiq, borcun yaranmasına əsas olmuş sənədlər, videogörüntü və s. təqdim olunmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə hesablanmış 2510,2 manat borc məlbəği silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı iddiası təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (kod: **********002) hesablanmış 2510,2 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar