Məhkəmə qərarları › İş №e-2(001)-7900/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7900/2025

11.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7900/2025 11.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, Müəyyən etdim: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən "xxxx" MMC tərəfindən ödənilməli olan 23875.03 (iyirmi üç min səkkiz yüz yetmiş beş manat üç qəpik) borc qalığının silinməsinə və 01/1-923 nömrəli abonent kodunun İddiaçı adına keçirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı əvvəllər "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Xocəsən yolu 7F ünvanında yerləşən əmlak kompleksini xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********11-12301 reyestr nömrəli çıxarışla öz xüsusi mülkiyyətinə keçirmişdir. İddiaçı daha sonra sözügedən əmlak kompleksində elektrik enerjisindən istifadə etmək məqsədilə "xxxx" MMC-yə məxsus 01/1-923 nömrəli abonent kodunun öz adına keçirilməsi məqsədilə “ASAN Kommunal” mərkəzinə müraciət etmişdir. Lakin "xxxx" ASC tərəfindən təqdim edilmiş sistemdən çıxarışa əsasən həmin abonent koduna məxsus hesabda "xxxx" MMC tərəfindən ödənilməli olan 23875.03 (iyirmi üç min səkkiz yüz yetmiş beş manat üç qəpik) borc qalığı aşkar olunmuş və abonent kodunun iddiaçının adına keçirilməsindən imtina edilmişdir. Bununla əlaqədar, iddiaçı tərəfindən cavabdehdən 05 dekabr 2023-cü il tarixli məktub ilə 01/1-923 nömrəli abonent kodunun İddiaçı adına keçirilməsi və 23875.03 (iyirmi üç min səkkiz yüz yetmiş beş manat üç qəpik) borc qalığının "xxxx" MMC-dən məhkəmə qaydasında tutulması xahiş edilmiş, cavabdehin 04 sentyabr 2024-cü il tarixli, 13-13/2-2/18-K-11345-5/2024 nömrəli cavab məktubu ilə iddiaçı tərəfindən istinad olunan müddəaların əsassız hesab edilməsi qeyd edilmişdir. Halbuki, iddiaçının "xxxx" MMC ilə hər hansı varisliyi mövcud deyildir və "xxxx" ASC-yə hər hansı borcu yoxdur. Bu səbəbdən İddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edilərək, "xxxx" MMC tərəfindən ödənilməli olan 23875.03 (iyirmi üç min səkkiz yüz yetmiş beş manat üç qəpik) borc qalığının silinməsinə və 01/1- 923 nömrəli abonent kodunun İddiaçı adına keçirilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Lakin Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 6190/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş və iddiaçının inzibati məhkəmə icraatı qaydasında tələb irəli sürmək hüququnun olması qeyd edilmişdir. Daha sonra iddiaçı tərəfindən iddia ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilərək,"xxxx" MMC-yə məxsus 01/1-923 nömrəli abonent kodunun İddiaçı adına keçirilməsi və İddiaçı ilə enerji təchizatı haqqında müqavilə bağlanması vəzifəsinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, e-2-1(112)-3200/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış və iddiaçının tərəflər arasında yaranmış mübahisənin mülki məhkəmə icraatında həlli üçün ümumi məhkəməyə müraciət etməli olduğu qeyd olunmuşdur. Son olaraq iddiaçı tərəfindən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət edilmiş, Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, e-2-1(112)-3200/2025 saylı qərardadının ləğv edilərək yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2-1(103)-2079/2025 nörməli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə öz qərardadında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərara istinad etmişdir. Belə ki, sözügedən qərara əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir (2), xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.(3.1) İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Daha sonra İddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-yə qarşı 18 sentyabr 2025-ci il tarixli iddia ərizəsi ilə yenidən Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, e-2(001)-6455/2025 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmənin qərardadında İddiaçı "xxxx" MMC ilə eyniləşdirilərək tərəflər arasında yaranmış mübahisənin kommersiya xarakterli hesab edilməsi hüquqi baxımdan əsassızdır. İddiaçı fiziki şəxs olmaqla "xxxx" MMC-nin hüquqi varisi deyil və onunla sahibkarlıq fəaliyyəti çərçivəsində hər hansı əlaqəsi yoxdur. İddia tələbi iddiaçının xüsusi mülkiyyətində olan əmlaka dair elektrik enerjisi abonentliyinin onun adına keçirilməsinə və "xxxx" MMC-yə dair borc qalığının silinməsinə yönəlmişdir ki, bu da sahibkarlıq münasibətlərindən deyil, mülki hüquq münasibətlərindən irəli gəlir. Beləliklə, işin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinin tələblərinə ziddir və mübahisəyə ümumi məhkəmə aidiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 9 oktyabr 2024-cü il tarixli, 9 nömrəli qərarına əsasən təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülkihüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri yoxlayaraq hesab edirəm ki, irəli sürülən tələb kommersiya mübahisəsindən irəli gəldiyindən iddia ərizəsinə ümumi məhkəmədə baxıla bilməz və iddia ərizəsi aşağıda sadalananlara əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. İddia əizəsinin mahiyyətindən və əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının aktiv VÖEN-i olmaqla, tikinti malları bazarının icarəyə verilməsi fəaliyyəti üzrə vergi ödəyicisidir. Silinməsi tələb edilən borc isə "xxxx" MMC-yə məxsus 01/1-923 nömrəli abonent hesabına yazılmışdır. Hazırda iddiaçı abonent kodunun öz adına rəsmiləşdirilməsini və həmin hesabdan "xxxx" MMC tərəfindən ödənilməmiş borcun silinməsini xahiş edir. Lakin nəzərə alınmalıdır ki, silinməli olan borc vergi ödəyicisi olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-nin fəaliyyəti nəticəsində yaranmışdır. Bundan başqa iddiaçının özü də vergi ödəyicisidir. Belə olan halda işin mahiyyəti və borc məbləğinə münasibətdə tərəflər nəzərə alınmaqla, hesab edirəm ki, işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Beləliklə hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldım: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar