Məhkəmə qərarları › İş №e-2(001)-831/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-831/2023

27.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-831/2023 27.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və darvazanın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və darvazanın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istisamrında olan Binəqədi-Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərinin, 3-cü km-də, 39T 0398780; ******* saylı koordinat üzrə, kəmərə paralel 1-ci sırada, kəmərdən təqribən 20 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu Binəqədi qəsəbəsi DSK yolunun yaxınlığı ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və darvaza tikililəri faktı aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı SOCAR-ın İddiaçı istisamrında olan Binəqədi-Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərinin, 3-cü km-də, 39T 0398780; ******* saylı koordinat üzrə, kəmərə paralel 1-ci sırada, kəmərdən təqribən 20 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu Binəqədi qəsəbəsi DSK yolunun yaxınlığı ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və darvazanın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, sökülməsi xahiş edilən tikililəri o, X2 xx.xx.2009-cu il tarixli qərarı ilə onun istifadəsinə verilmiş torpaq sahəsi üzərində inşa etmiş və bunu özbaşına etməmişdir. Hal-hazırda həmin fərdi yaşayış yeri onun yeganə yaşayış yeridir və söküldüyü təqdirdə ailəsi ilə birlikdə küçədə qalacaq. Eyni zamanda, neft kəmərinin mühafizə zolağı indi 50 metrdir. Onun tərəfindən ev inşa edilən zaman, bildiyinə görə, mühafizə zolağı əvvəl 1 metr idi, sonra isə 10 metr oldu. Hal-hazırda mühafizə zolağının 100 metr olacağı barədə də müzakirələr gedir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktla ... Binəqədi-Bakı Dş 200 mm-lik neft boru kəmərinin yerüstü neft kəmərinin, 3-cü km-də, 39T 0398780; ******* saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada, kəmərdən 20 metr aralı məsafədə vətəndaş Cavabdeh aid olduğu iddia edilən köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin darvazasının üzərinə 4 metr uzunluğunda və 20 sm hündürlüyündə beton örtüyü verilməsinin aşkar edilməsi aktlaşdırılmıdşr. İş materiallarında olan X2 xx.xx.2009-cu il tarixli, 61 nömrəli Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş Cavabdeh adına və istifadəsinə verilməsi haqqında qərarda aşağıdakılar göstərilmişdir: “ ... Bakı şəhər sakini X5 ona 13 fevral 2007-ci il tarixli, 434 saylı qərarla fərdi ev tikintisi məqsədi ilə qanunla müəyyən olunmuş qaydada ayrılması rəsmiləşdirilmiş 300 kv.m. torpaq sahəsinin Bakı şəhər sakini Cavabdeh adına verilməsini ərizə ilə X1 xahiş etmişdir”. Həmin qərarla X2 ərazi hüdudlarında Bakı şəhər sakinləri X5 və Cavabdeh razılıq ərizələri və müraciətləri nəzərə alınaraq, birincinin istifadəsinə ayrılmış, ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 300 kv.m. torpaq sahəsinin sahiblik və istifadə hüquqlarının Cavabdeh adına keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Cavabdeh tərəfindən yuxarıda qeyd olunan torpaq sahəsinin alınması üçün 17600 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1779 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin qurtaracağının Binəqədi- Bakı DŞ 200 mm-lik yerüstü neft kəmərindən 19 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin torpaq sahəsində yerləşən tikililərin (hasar, darvaza, fərdi yaşayış evi və s.) bütövlükdə ... neft kəmərinin 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu”. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Lakin nəzərə alınmalıdır ki, bu akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları Məcəllənin 14.2-ci maddəsində sadalanmışdır. Mülki Məcəllənin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur. Mülki Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Eyni zamanda, Mülki Məcəllənin Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi adlanan 9-cu fəslinin 1-ci paraqrafı ilə daşınmaz əşyalara mülkiyyət hüququnun əldə edilməsi qaydaları tənzimlənmişdir. Həmin paraqrafda yer alan 180-cı maddəyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsası təşkil edir. Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004cü il 28 sentyabr tarixli, X4rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar). Məhkəmə hesab edir ki, cavabdehin istifadəsinə verilmiş torpaq sahəsi müvafiq qurumlarla razılaşdırılmış və həmin ərazidən cavabdehə fərdi yaşayış evinin tikintisi üşün 300 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində tikili 2009-cu ildən sonra inşa edilmiş, tikili müvafiq icazələr alınmadan inşa edilsə də, cavabdehə məxsus olan torpaq sahəsində yerləşir və 2009-cu ildən cavabdeh mübahisəli ərazidən sərbəst şəkildə və istədiyi kimi istifadə etmiş, bu müddət ərzində ona heç bir irad və etiraz bildirilməmişdir. İşdən göründüyü kimi cavabdeh ona məxsus tikilinin yerləşdiyi torpaq sahəsini özbaşına zəbt etməmiş və orada özbaşına tikinti işləri aparmamışdır. Qanunun göstərilən norması şəxsin ona məxsus olan torpaq sahəsində inşa etdiyi özbaşına tikiliyə mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınması imkanını nəzərdə tutduğundan məhkəmə hesab edir ki, belə vəziyyətdə həmin tikilinin müvafiq kompensasiya ödənilmədən sökülməsi şəxsin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qərarında (V.T.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 yanvar 2010-cu il tarixli qərarı), İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında (“X7rşı”, “Akimova Azərbaycana qarşı” qərarları) və Azərbaycanın tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində ifadə olunan yanaşmalar belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdehin özünə məxsus torpaq sahəsində və öz vəsaiti hesabına inşa etdiyi və uzun illər ərzində maneəsiz istifadə etdiyi tikili onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Nəhayət "Əhmədova Azərbaycana qarşı" xx.xx.2021-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “ ... 8-ci maddənin mənasında “ev” anlayışı ... qanuni əsaslarla tikilmiş evlərlə məhdudlaşmır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq. ... ərizəçi sözügedən evdə 2007-ci ilin iyulunda onu aldıqdan sonra qızı ilə birlikdə yaşayıb. Buna görə də, bu ev Konvensiyanın 8-ci maddəsinin mənasında ərizəçinin evi olub. ... Qeyri-qanuni tikintiyə gəldikdə, bu baxımdan vacib ola biləcək amillər evin qanunsuz tikilib-tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilərək evləri tikibtikməməsi, sözügedən qanunsuzluğun mahiyyəti və miqyası, söküntü ilə qorunacaq maraqlar və söküntüdən təsirlənənlər üçün uyğun alternativ yaşayış yerinin olubolmaması. ... Beləliklə, maraqlı şəxs müdaxilənin mütənasibliyini bu cür dəlillər əsasında mübahisələndirirsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlar üçün adekvat əsaslar gətirməlidirlər. ... Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçinin evinin sökülməsi və ərizəçinin evdən çıxarılması barədə qərar qəbul edərkən daxili məhkəmələr onun yalnız dövlət torpaqlarında tikilmiş icazəsiz tikili olmasına diqqət yetiriblər. Ərizəçinin apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq imkanları olmadığına görə evdən çıxarılsa, qızı ilə birlikdə evsiz qalacağını iddia etməsinə baxmayaraq, daxili məhkəmələr buna tamamilə məhəl qoymamışd və rəqabət edən maraqları bir-birinə münasibətdə qiymətləndirməmişlər. ... Bundan əlavə, bu tip işlərdə mütənasiblik birbaşa dövlətin torpağı qaytarmaq istəyinin məqsədi ilə əlaqədardır. Hazırkı işdə nə Azneft yerli məhkəmələr qarşısında iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün təcili olaraq lazım olduğunu iddia etməyiblər. ... ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat yenidən baxılmasına imkan verən prosedur təmin edilməmişdir. ... çıxarılma haqqında qərar belə bir yoxlama olmadan icra olunarsa, Konvensiyanın 8-ci maddəsi pozulacaq”. Məhkəmə hesab edir ki, cavabdehə neft kəmərinin mühafizə zonasında fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması və həmin sahədə onun özü üçün fərdi yaşayış evi inşa etməsi onun təqsiri üzündən baş vermədiyindən və əslində cavabdehin müvafiq dövlət qurumlarının hərəkətləri nəticəsində hüquq və azadlıqları pozulduğundan, hazırkı iddia ərizəsinin təmin edilməsi ədalətli, qanuni və əsaslı olmaz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və darvazanın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və darvazanın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçıdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar