Məhkəmə qərarları › İş №e-2(001)-837/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-837/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-837/2025 11.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “mənzil sahəsinə dair bağlanılmış müqavilənin icrasının təmin olunması, mənzildən çıxarma, vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “mənzil sahəsinə dair bağlanılmış müqavilənin icrasının təmin olunması, mənzildən çıxarma, vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə mərhum atası X6 arasında Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanda yerləşən yaşayış binasının 2-ci yaşayış massivində 10 saylı mənzilə dair bağlanılmış alqısatqı müqaviləsi ilə əlaqədar Cavabdeh2 MMC-nin üzərinə həmin mənzilin ona təhvil verilməsi öhdəliyinin qoyulması, Cavabdeh1 onun mülkiyyətini təşkil edən həmin Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanda yerləşən yaşayış binasının 2-ci yaşayış massivində 10 saylı mənzildən çıxarılması, mənzili qanunsuz zəbt edib vurduğu zərərə görə Cavabdeh1 maddi zərərin əvəzi kimi 40000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 MMC ilə mərhum atası X7 arasında Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanda yerləşən yaşayış binasının 2ci yaşayış massivində 10 saylı mənzilə dair bağlanılmış alqı-satqı müqaviləsinin şərtlərinə görə qeyd olunan mənzili Cavabdeh2 atası Y.Hümbətəliyevə satmağı, 3-cü şəxslərin öhdəliyindən kənar mənzili təhvil verməyi, həmin müqavilə ilə əlaqədar üzərinə göturduyu öhdəlikləri yerinə yetirməyi, Y.Hümbətəliyev isə həmin müqavilə üzrə müəyyənləşdirilmiş satış qiymətini ödəməyi öhdəsinə göturmüşdür. Mənzilin ümumi sahəsi 106 kv.metr 2 otaqdan ibarət olmaqla satış qiyməti 98000 manat təşkil etmişdir. Müqavilə üzrə müəyyən olunan satış qiyməti müqavilənin tərtib olunduğu tarixdə 98000 manat hissəsində cavabdehə ödənilmiş və heç bir borcu qalmamışdır. Satış qiymətinin həmin tarixdə ödənilməsinə dair 08 fevral 2016-cı il tarixli maliyyə arayışı təqdim olunmuş, maliyyə arayışı uzrə Y.Hümbətəliyevin MMC-yə həmin mənzilin satışı ilə əlaqəli borcunun olmaması barədə müvafiq qeyd aparılmışdır. X1 xx.xx.2020-ci ildə vəfat etmiş və bu barədə İmişli rayon Qeydiyyat idarəsi tərəfindən xx.xx.2020-ci il tarixli “Ölum Haqqında” şəhadətnamə verilmişdir. Müqavilənin bağlanılması tarixindən atasının ölum tarixinə qədərki müddətdə həmin mənzilin təmirsiz olması ilə əlaqədar ora köçub yaşaya bilməmiş, mənzil təhvil-təslim aktı ilə atasına təqdim olunması ilə əlaqədar mənzilə qapısını quraşdırmış, burada olmadıqları müddətdə isə onlara məlum olmayan səbəbdən mənzilin qapıları sındırılaraq dəyişdirilmiş, ora kənar şəxslər tərəfindən zəbt olunmuş və mülkiyyətlərini təşkil edən mənzildən sahiblik, istifadə və mülkiyyət hüqüqları cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən pozulmuş və hazırda da pozulmaqda davam edir. Sonradan onlara məlum olmuşdur ki, mənzil Cavabdeh1 adlı şəxs tərəfindən zəbt olunmuş, mənzilə köçərək hal-hazıra qədər də orada yaşamaqda davam edir. Dəfələrlə Cavabdeh2 MMC-yə muraciət edərək mənzilin boşaldılması, ona təhvil verilməsinə dair öhdəliyin icra edilməsini tələb etsələr də, öhdəlik icra olunmamış, Cavabdeh1 mənzildən çıxarılması ilə əlaqədar heç bir hərəkət edilməmişdir. Uzun müddətli müraciətlərdən sonra Cavabdeh2 MMC tələbinin bir hissəsini təmin edərək mənzili zəbt emiş Cavabdeh1 ilə onun özunun iddia etdiyi “alqı-satqı muqaviləsi”nin və “maliyyə arayışı”nın müəssisəyə təqdim olunmasını tələb etmiş, cavabdeh tərəfindən “sənədlər” təqdim edilməyəcəyi təqdirdə onun iddia etdiyi “alqı-satqı” müqaviləsinin və “maliyyə arayışının birtərəfli qaydada ləğv ediləcəyi barədə xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, məktub çatdırılmış, lakin sənədlər təqdim olunmadığından müqavilə bir tərəfli qaydada ləğv olunmuşdur. Eyni zamanda, cavabdehin mənzildən çıxarılması və ona təhvil verilməsi ilə əlaqədar öhdəliklər icra olunmamasının səbəbindən məhkəməyə muraciət etmək məcburiyyətində qalmışdır. Bu iddia uzrə cavabdehlərdən tələb hüququ yuxarıda qeyd olunan mənzilinin onun mülkiyyətində saxlanılmasına dair razılaşmanın pozulması, bununla əlaqədar külli miqdar maddi zərərin vurulmasından, mübahisə olunan mənzilin alınması ilə əlaqədar xərcə düşməyindən irəli gəlir. Həmin mənzilin 1-ci cavabdeh tərəfindən təhvil vermə barədə vəzifəsini tam icra etməməsi, 2-ci cavabdeh tərəfindən mənzili qanunsuz zəbt etməklə mülkiyyət hüquqlarını pozması, yaşayış sahəsindən qanunsuz istifadəsi və bu azmış kimi mənzili “özunünkü” hesab etməklə mənzildən çıxma və ona təhvil vermə kimi hərəkətləri etməməsi, qaytarılmasından imtina ilə əlaqədar vurulan zərərin əvəzinin ödənilməli olmasından və cavabdehlərin ona qarşı qeyri-səmimi, etibarsız hərəkətlərindən irəli gəlmişdir. Göründüyü kimi Cavabdeh2 onun xeyrinə qeyd olunanlar ilə əlaqədar vəzifə daşımış, onun xeyrinə etməli olduqları barəsində onun borclusu hesab olunur. Qeyd olunanlar ilə əlaqədar Cavabdeh1 ilə Cavabdeh2 arasında “bağlanıldığı” iddia olunan müqavilə və həmin müqavilə əsasında “ödəniş” olunmasına dair “maliyyə arayışı” rəsmi sənəd kimi qəbul oluna bilməz və faktın təsdiq olunmasında istifadə oluna bilməz. Cavabdeh tərəfindən əldə olunan həmin mənzilin alqı-satqısına dair iddia etdiyi müqavilə və mənzilin dəyərinin ödənilməsinə dair “maliyyə arayışı” formasına, yazı üslubuna, kserosurət formasında olmasına, qaralama, zədələmə və oxunması mümkün olmayan formada olmaqla həqiqi və faktı təsdiq edə bilən sənəd kimi qəbul oluna bilməz, mülki prosessual qanunvericiliyinin normalarının tətbiqi baxımından sübut əhəmiyyəti kəsb etməyən materiallardır. Mübahisəli mənzilə dair cavabdeh tərəfindən təqdim olunan materiallar mənzilin ona satılması və onun tərəfindən qiymətinin ödənilməsi faktını təsdiq etmir. Həmin materiallar formasına, yazı üslubuna və digər qaralama və zədələnmə kimi əlamətlərinə görə etibarlı hesab oluna bilməz. Hər iki cavabdeh arasında mənzilə dair bağlanılması iddia olunan “müqavilənin”, əqdin etibarsız sayılmasına dəlalət edir. Mübahisə predmetini təşkil edən müqavilə üzrə qarşı tərəfdən ödəniş olunmadığı, həmin 3-cü şəxsin - cavabdehin aldatma yolu ilə mənzili əvəzsiz ələ kecirməsi, mübahisə olunan müqavilənin “yalan” əqd kimi tanınması üçün tam əsaslıdır. 3-cü şəxs tərəfindən bağlanıldığı iddia olunan həmin müqavilə göründüyü kimi hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Cavabdeh2ın mülkiyyətində olmuş mübahisəli mənzilin alqı-satqısına dair bağlanılması iddia olunan müqavilə yalnız formal olduğu və tərəflər üçün heç bir nəticə yaratmadığı halda uydurma və yalan əqd kimi tanınmalıdır. Belə ki, Cavabdeh2ın mülkiyyətində olan yaşayış mənzili əvəzedilən əşya olduğundan, həmin mənzilə görə qarşı tərəfdən mənzilin əvəzi kimi pul ödənilmədiyindən, müqavilənin qarşı tərəfi (2-ci cavabdeh) əsassız varlanmış bu baxımdan həmin əqd hər iki tərəf üçün hüquqi nəticələr dogurmamışdır. Qeyd olunanlarla əlaqədar mənzilə dair hüquqlar cavabdehə keçməsinin hüquqi əsasları olmamış, bu əsasla da, mənzilin onun qanunsuz sahibliyindən alınması və qanuni sahib kimi ona qaytarılması və təhvil-təslim olunması, cavabdehin isə mənzildən çıxarılmasının hüquqi əsasları yaranmışdır. Bu səbəbdən də mülkiyyətin kimi qeydə alınmış mənzilin alqı-satqısına dair aparılmış qeyd və sənədlər üzrə mənzilə dair tələbi təmin olunmalıdır və bu hissədə cavabdehin təqdim etdiyi rəsmi olmayan materiallar üzrə bağlanıldığını iddia etdiyi muqavilə əqdin yalan və uydurma əqd kimi tanınması əsas verir. Buna görə də 3-cü şəxsdən mənzilin alınması və ona təhvil verilməsinə dair məhkəmə qətnaməsinin qəbul olunması əsasları vardır. Yuxarıda qeyd olunduğu kimi, atasının vəfatından sonra iddia olunan mənzilə onun vərəsəlik hüquqları yaranmışdır. Hal-hazırki vəziyyətdə Cavabdeh2 ilə aralarında bağlanılmış müqavilə üzrə tərəflərindən öhdəlikdən irəli gələn vəzifələr yerinə yetirilmiş, satıcı kimi Cavabdeh2 isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, mənzilin ona təhvil verilməsinə dair vəzifələrini icra etməmiş, 3-cü şəxsin mənzili zəbt etməsinə ya qəsdən, ya etinasızlıqla münasibət bəsləmiş, nəticə etibarı ilə onun Konstitutsiya ilə qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxaran qanunsuz və əsassız hərəkətlərə yol vermişdir. Bu baxımdan Cavabdeh2 qanunun həmin maddəsi ilə əlaqədar öhdəliyin icra etməməsi hissəsində borclu şəxsdir və mənzilin ona təhvil verilməsi hissəsində öhdəlik daşıyır. Mənzilindən cavabdeh tərəfin təqsirli hərəkətləri ucbatından 4 ildən artıqdır ki, məhrum olmuş, maddi və mənəvi zərərə məruz qalmışdır. Onu da bildirir ki, Cəbrayıl rayonundan olmaqla qaçqın statusuna malikdir. Cavabdeh1 iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı X13 ona və digər Cavabdeh2 MMC-yə qarşı ünvan 1 ünvanda yerləşən yaşayış binasının 2-ci yaşayış massivində 10 saylı mənzilə dair bağlanılmış alqı-satqı müqaviləsi ilə əlaqədar Cavabdeh2 MMC-nin üzərinə həmin mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin qoyulması, onun Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanda yerləşən yaşayış binasının 2-ci yaşayış massivində 10 saylı mənzildən çıxarılması, habelə mənzili qanunsuz zəbt edib vurduğu zərərə görə maddi zərərin əvəzi kimi ondan 40.000 manatın tutularaq iddiaçıya ödənilməsi tələbi barədə iddiasını tamamilə əsassız sayır. Belə ki, o, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi 10 ünvanında inşa edilməkdə olan 1 bloklu çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki 10 nömrəli mənzili "xxxx" MMC-dən 106.000 manata satın almışdır. Həmin tarixdə "xxxx" MMC-ilə onun arasında mənzilin alqı-satqısına dair müqavilə bağlanmış, mənzilin dəyərini tam ödədikdən sonra ona borcunun olmaması barədə maliyyə arayışı verilmişdir. Sonradan məlum olmuşdur ki, "xxxx" MMC-nin rəhbərliyi inşasını yarımçıq dayandırdığı binada mənzilləri bir neçə nəfərə sataraq xüsusilə külli miqdarda dələduzluq cinayəti törətmişdir. Bununla bağlı binanın sakinləri ilə birlikdə o da Azərbaycan Respublikasının Prezidentinə, müxtəlif dövlət orqanlarına, o cümlədən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Müraciətlərindən sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ********* nömrəli cinayət işi başlanmış, "xxxx" MMC-nin rəhbəri X21 cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin cinayət işi üzrə o da izahat və ifadə vermişdir. Lakin istintaq orqanı ona satılmış mənzilin başqa şəxslərə satılmadığını müəyyən etdiyi üçün onu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanımamışdır. Qeyd olunan cinayət işi üzrə X21 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-254/2024 saylı hökmü ilə təqsirli bilinərək müvafiq müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. İnşası yarımçıq qalmış binanın inşasını başa çatdırmaq üçün sakinlər əlavə pul yığmışlar. Bundan sonra, mənzillərin daxilindəki işləri, habelə qapı və pəncərələrin qoyulması işlərini hər bir mənzil sahibinin özü öz şəxsi vəsaiti ilə yerinə yetirmişdir. O da digər sakinlər kimi, binanın ümumi tikinti işlərinin başa çatdırılması üçün pul xərcləmiş, mənzilinin daxili işlərini öz hesabına tamamlayaraq ailəsi ilə birlikdə 2019-cu ildən orada yaşamağa başlamışdır. Qeyd edir ki, 2024-cü ilin sentyabr ayında iddiaçı binaya gələrək özünü director müavini kimi təqdim etmiş, sakinlərin binaya xərclədikləri pulların geri qaytarılacağını bildirmiş və kommunal xərclərin qiymətini artıracağını bildirmişdir. Sakinlər kommunal xərclərin qiymətinin artırılmasına bir şərtlə razı olmuşdur ki, iddiaçı binanın başa çatmamış işlərini tamamlamalı, sakinlərin binaya çəkdiyi xərcləri geri ödəməli və binanın çıxarışını alaraq sakinlərə təqdim etməli idi. Göründüyü kimi, Xanlar Cəfərovun həbsdə olduğu dövrdə "xxxx" MMC-nin adından rəsmi işləri direktor müavini vəzifəsində işləyən iddiaçı X23 aparırdı. Onun "xxxx" MMC-nin bütün rəsmi sənədlərini və möhürünü əldə etmək imkanı vardı. 2024-cü ilin noyabr ayında ona məhkəmədən bildiriş gəldikdən sonra bilmişdir ki, X23 xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq mənzili boşaltmasını və əlavə olaraq ona 40.000 manat təzminat ödəməsini tələb edir. X23 iddiasını onunla əsaslandırıb ki, onun X29 guya 2016-ci ilin fevral ayında, yəni ondan 2 ay əvvəl hazırda yaşadığı mənzilini "xxxx" MMC-dən satın almışdır. Atası xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra isə mənzil ona miras qalmışdır. Halbuki, nə Rzanın özü, nə də xx.xx.2020-ci il tarixdə vəfat etmiş X29 2024-cü ilin avqust ayına qədər bəhsigedən mənzillə bağlı hər hansı bir hərəkət, müraciət etməmişlər. Eləcə də cinayət işinin icraatı aparılan dövrdə, "xxxx" MMC-nin direktor müavini vəzifəsində çalışan X23 və onun atası hazırda istinad etdikləri sənədləri istintaq orqanına, məhkəməyə təqdim etməmiş və öz şikayət və iddialarını irəli sürməmişlər. O, bu məsələni qonşularına da bildirmişdir. Çünki onların da başına belə bir iş gətiriləcəyini ehtimal etmişdir. Qonşusu, 62 nömrəli mənzilinin sahibi Rasim ona bildirmişdir ki, 2024-cü ilin may ayında internetdə yerləşdirilmiş elanlarda öz mənzilinin satışa çıxarıldığını görüb. Bu elanın kimin tərəfindən yerləşdirildiyini aşkar etmək üçün alıcı qismində çıxış edərək elanı yerləşdirən şəxslə əlaqəyə girmişdir. Beləliklə, ona məlum olmuşdur ki, elanı X23 yerləşdirmişdir. Belə ki, X23 bir neçə mənzilin, o cümlədən ona da mənzilinin hamıdan əvvəl ona satıldığını iddia etmiş, bu faktı təsdiq etmək üçün alqı-satqı müqavilələrini və maliyyə arayışını göstərmişdir. O, hətta həmin sənədlərin şəklini çəkməyə Rasimə şərait yaratmışdır. Lakin Rasim ona bildirmişdir ki, öz vəzifəsindən istifadə edərək ələ keçirdiyi möhür və sənədləri indi geri tarixdən tərtib edərək saxtakarlıq yolu ilə camaatın əmlakını ələ keçirmək istəyir. Bu məsələ barədə hüquq mühafizə orqanlarına şikayət edəcəkdir. İddia tələbi belə əsaslandırılmışdır ki, guya iddiaçının mərhum atası X9 bəhsigedən mənzili ondan tez, yəni 08 fevral 2016-cı il tarixdə digər cavabdeh "xxxx" MMC-dən satın almış, bu barədə həmin tarixdə alqı-satqı müqaviləsi bağlamış və mənzilin 98.000 manat dəyəri tam ödənildikdən sonra borcun qalmaması barədə maliyyə arayışı almışdır. Guya müqavilənin baglanılması tarixindən Yunis Humbətəliyevin ölum tarixinə qədərki müddətdə həmin mənzilin təmirsiz olması ilə əlaqədar ora köçub yaşaya bilməmişdir. Mənzil təhvil - təslim aktı ilə Yunis Humbətəliyevə təqdim olunduqdan sonra mənzilin qapısını quraşdırmışlar. Lakin mənzildə yaşamadıqları müddətdə məlum olmayan səbəbdən o və Cavabdeh2 MMC-nin məsul şəxsləri mənzilin qapılarını sındıraraq zəbt etmişlər və qapısını dəyişərək iddiaçının mənzildən sahiblik, istifadə və mükiyyət huquqlarını pozmuşlar. O, mənzilə köçərək hal-hazıra qədər də orada yaşamaqda davam edərək iddiaçının mülkiyyət hüquqlarını guya hazırda da pozmaqda davam edir. İddia ərizəsində həm də qeyd olunur ki, Cavabdeh2 MMC iddiaçını tələbinin bir hissəsini təmin edərək onunla bağlanmış “alqı-satqı müqaviləsi”ni və “maliyyə arayışı”nı birtərəfli qaydada xx.xx.2024-cü il tarixli məktub göndərildikdən sonra birtərəfli qaydada ləgv olunmuşdur. Eyni zamanda, cavabdehin mənzildən çıxarılması və ona təhvil verilməsi ilə əlaqədar öhdəliklərin icra olunmaması səbəbindən Məhkəməyə muraciət etmək məcburiyyətində qalmışdır. Bildirir ki, iddia ərizəsi saxta sənədlərlə və uydurulmuş hallarla əsaslandırılıb. Belə ki, iddiaçı öz tələbini əsaslandırmaq üçün elekton məhkəmə portalı vasitəsilə məhkəməyə "xxxx" MMC ilə Hümbətəliyev Yunis arasında bağlanmış 08 fevral 2016-cı il tarixli, ünvan 2 ünvanında inşa edilmiş 1 bloklu çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki 10 nömrəli mənzilin alqı-satqısına dair müqaviləni, 08 fevral 2016-cı il tarixli maliyyə arayışını, qanun üzrə vərəsəlik şəhadətnaməsini və atasının şəxsiyyət vəsiqəsinin surətlərini təqdim etmişdir. Həmin müqavilənin notarial qaydada bağlanmadığı, sənədlərin 8 ildən artıq müddətdə heç bir yerə təqdim edilmədiyi, iddiaçının həmin dövrdə "xxxx" MMC-nin direktor müavini vəzifəsində çalışması və rəhbəri Xanlar Cəfərovun həbsdə olduğu müddətdə verdiyi etibarnamə əsasında "xxxx" MMC-nin səlahiyyətli təmsilçisi qismində çıxış etməsi faktları onlarda belə qənaət yaradır ki, onlar bir dələduzluq cinayətinin ortaqları olaraq saxta yollarla həqiqətə uyğun olmayan sənədlər hazırlayaraq istifadə etmişlər. Alqı-satqı müqaviləsində mərhum Hümbətəliyev Yunisin adından edilmiş imza ilə onun şəxsiyyət vəsiqəsindəki şəxsi imzasını müqayisə edərkən aşkar surətdə görünür ki, imzalar eyni şəxs tərəfindən icra edilməmişdir. İddia ərizəsində mənzilin təhvil-təslim aktı ilə Yunis Humbətəliyevə təqdim olunduqdan sonra qapısının quraşdırıldığı qeyd olunsa da, ərizədə bu faktın baş verdiyi tarix göstərilməmişdir. Eləcə də həmin akt məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunan hallardan aşkar görünür ki, ona qarşı cinayət törədilmişdir. Belə ki, ya cavabdeh "xxxx" MMC-nin rəhbəri Xanlar Cəfərov ona satdığı mənzili həm də mərhum Yunus Hümbətəliyevə satmaqla cinayət əməli törədib, ya da iddiaçının özü Xanlar Cəfərovla əlbir olaraq saxta müqavilə və maliyyə arayışı hazırlayaraq onun mənzilini ələ keçirtmək istəyir. Hər iki halda məhkəmə xüsusi qərardad çıxararaq prokurora məlumat verməlidir. Hesab edir ki, iddiaçı, eyni zamanda "xxxx" MMC-nin direktor müavini vəzifəsini icra etdiyi müddətdə həmin MMC-nin rəhbəri Xanlar Cəfərovun cinayət ortağı olmuşdur. Lakin, iddiaçı naməlum səbəblərdən cinayət məsuliyyətindən kənarda qalmışdır. İddiaçı öz vəzifəsindən sui-istifadə edərək saxtalaşdırdığı rəsmi sənədləri indi dövriyyəyə salaraq ədalət məhkəməsini aldatmaq, bu yolla vətəndaşların əmlakını xüsusilə külli miqdarda talamaq əməlini davam etdirir. X31 mənzili ondan əvvəl, yaxud ümumiyyətlə satın almış olsaydı, onda hələ 2017-ci ildə "xxxx" MMC-nin direktoru Xanlar Cəfərov barəsində cinayət işinin icraatı aparılan dövrdə istintaq orqanı bu halı müəyyən etməli, bu epizod üzrə Yunus Hümbətəliyevi və ya onu zərərçəkmiş şəxs statusunda tanımalı idi. Həmin cinayət işinin icraatı zamanı onun zərərçəkmiş şəxs qismində tanınmamasına səbəb, məhz sözügedən mənzilin başqa bir alıcısının olmadığı, eləcə də iddiaçının atası Yunis Hümbətəliyev tərəfindən satın alınmadığı faktının müəyyən edilməsi olmuşdur. X5 atası "xxxx" MMC ilə mənzilin alqısatqı müqaviləsini bağlamış olsaydı, onda o da, həmin sənədləri istintaq orqanına, məhkəməyə təqdim edə, öz şikayət və iddialarını irəli sürə bilərdi. Əgər iddiaçı mənzili həqiqətən almışdırsa o zaman binanın rəhbərliyi barəsində cinayət işi aparılarkən digər zərərçəkmişlər kimi o da şikayət verməli, sənədləri istintaqa təqdim etməli idi. Çünki, 2016cı ilin dekabr ayından binada tikinti işləri yarımçıq dayandırılmış və bütün sakinlər hətta eyni mənzili təkrar almış şəxslər də şikayət etməyə başlamış və nəticədə binanın rəhbəri barəsində cinayət işi başlanılmış, binanın bütün sakinlərinin izahatı alınmışdır. Göründüyü kimi, 2016-cı ilin dekabr ayından iddiaçı və ya onun mərhum atası öz hüququnun pozulduğunu bilməli, hüquq mühafizə orqanlarına şikayət etməli və hazırki iddianı qaldırmalı idi. Lakin, həm iddiaçı, həm də onun mərhum atası bu vaxtadək hərəkətsiz qalaraq iddia müddətlərini ötürmüşlər. Bu fakt həm də müqavilənin sonradan hazırlandığını göstərir. Əgər mübahisə predmeti olan mənzil həqiqətən iddiaçının mərhum atasına məxsus olsaydı, 2016-cı ildən 2024-cü ilin iyun ayınadək iddiaçının mərhum atası və ya iddiaçı özü ən azı bir dəfə mənzilə baş çəkməli idi. Lakin bu dövrdə nə o, nə də binanın digər sakinləri mərhumu görməmişlər. Bu faktı binanın digər sakinləri şahid kimi ifadə verərək təsdiq etməyə hazırdırlar. İddiaçını isə yalnız "xxxx" MMC-nin direktor müavini kimi tanımışlar. İddiaçı həmin dövrlərdə mənzilə gəlsəydi dərhal mənzilin ona satıldığını biləcəkdi. Çünki o və binanın digər sakinləri evlərin qabağına və divarlarına adlarını və nömrələrini yazmışdırlar. İddiaçı binadakı başqa mənzillərə dair də saxta müqavilələr tərtib etmişdir. Bu barədə binanın 62 nömrəli mənzilinin sahibi Rasim onlara bildirmişdir ki, 2024-cü ilin may ayında internetdə yerləşdirilmiş elanlarda öz mənzilinin satışa çıxarıldığını görüb. Bu elanın kimin tərəfindən yerləşdirildiyini aşkar etmək üçün alıcı qismində çıxış edərək elanı yerləşdirən şəxslə əlaqəyə girmişdir. Beləliklə, ona məlum olmuşdur ki, elanı X23 yerləşdirmişdir. Belə ki, X23 bir neçə mənzilin, o cümlədən onun da mənzilinin hamıdan əvvəl ona satıldığını iddia etmiş, bu faktı təsdiq etmək üçün alqı-satqı müqavilələrini və maliyyə arayışını göstərmişdir. İddiaçı hətta həmin sənədlərin şəklini çəkməyə Rasimə şərait yaratmışdır. Lakin Rasim ona bildirmişdir ki, öz vəzifəsindən istifadə edərək ələ keçirdiyi möhür və sənədləri indi geri tarixdən tərtib edərək saxtakarlıq yolu ilə camaatın əmlakını ələ keçirmək istəyir. Bu məsələ barədə hüquq mühafizə orqanlarına şikayət edəcəkdir. Görünür, X24 mənzillərin sənədlərinin şəxsən öz adına saxtalaşdırıldığının daha asan aşkar ediləcəyini sonradan anladığı üçün, bu dəfə taktikanı dəyişmiş, sənədləri öncə vəfat etmiş atasının adına saxtalaşdırmış, sonra da vərəsə qismində çıxış edərək mənzillərini ələ keçirmək yolunu tutmuşdur. İddiaçı digər Cavabdeh2 MMC-nin rəhbəri, hazırda cəzaçəkmə müəssisəsində olan Xanlar Cəfərova yaxın şəxsdir. İddiaçı son zamanlar binaya gələrək özünü binanın yeni rəhbəri kimi təqdim edir və bu səlahiyyətlərin ona Xanlar Cəfərov tərəfindən etibarnamə vasitəsi ilə ötürüldüyünü bildirir. Bu fakt onu deməyə əsas verir ki, Cavabdeh2 MMC-nin möhürü də iddiaçıdadır və o bundan sui-istifadə edərək saxta sənədlər hazırlayaraq ona və gələcəkdə başqa sakinlərə qarşı eyniməzmunlu iddialar qaldıracaq. İddiaçının bu əməlinin araşdırılması üçün tərəflərindən Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmişdir. Hazırda araşdırma aparılır. İddia tələbinin əsaslarından biri kimi göstərilir ki, Cavabdeh2 MMC iddiaçının tələbinin bir hissəsini təmin edərək onunla olan alqı-satqı müqaviləsini bir tərəfli qaydada ləgv etmişdir. Beləliklə, guya onun mənzilə hüquqi əsası qalmamışdır. Bu halda o, iddiaçının mülkiyyət hüquqlarını pozmuş olur. İddiaçının bu arqument əslində onun Xanlar Cəfərovun cinayətin ortağı olduğuna dair fikirlərini təsdiqləyir. Digər tərəfdən, iddia ərizəsinin əsasları ziddiyyətlidir. Belə ki, iddiaçı bir tərəfdən cavabdehlər arasında bağlanmış mənzil alqı-satqı müqaviləsinin etibarsız sayılmasını qoyur, digər tərəfdən isə alqı-satqı müqaviləsinin ləğv edildiyini əsas gətirərək onun tərəfindən mənzil qanunsuz zəbt edilərək mülkiyyət hüququnun pozulduğunu iddia edir. Deməli, iddiaçı onun mübahisəli mənzili qanunsuz zəbt etmədiyini, hüquqi əsaslarla, o cümlədən mənzil alqısatqı müqaviləsi əsasında mənzilə mülkiyyət hüququ əldə etdiyini anlayır. Bu halda, onun mənzili qanunsuz zəbt etməyi barədə dəlillərinin heç bir əsası qalmır. Nəzərə alınmalıdır ki, "xxxx" MMC-nin onunla bağladığı alqı-satqı müqaviləsini birtərəfli qaydada ləğv edə bilməz. Onun belə hərəkətinin heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, o, xx.xx.2016-cı il tarixdə ünvan 2 ünvanında inşa edilməkdə olan 1 bloklu çoxmərtəbəli yaşayış binasının 2ci mərtəbəsindəki 10 nömrəli mənzili "xxxx" MMC-dən 106.000 manata satın almışdır. Həmin tarixdə "xxxx" MMC ilə onun arasında mənzilin alqı-satqısına dair müqavilə bağlanmış və ona borcunun olmaması barədə maliyyə arayışı verilmişdir. 2016-cı ildə "xxxx" MMC-nin adından direktoru X2 Rayon Məhkəməsində o və digər sakinlərə qarşı "xxxx" MMC ilə aralarında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbi ilə iddia qaldırmışdır. Lakin, sonradan X21 məhkəməyə ərizə verərək iddiadan imtina etmişdir. Mənzilin dəyərindən əlavə o, inşası yarımçıq qalmış binanın inşasını digər sakinlərlə birlikdə başa çatdırmaq üçün əlavə pul yığaraq binanın ümumi tikinti işlərinin, o cümlədən binanın həyətinə asfalt örtüyünün çəkilməsi, liftin alınması və qurulması, blokların qapı pəncərələrinin alınması və quraşdırılması, işığın, qazın, suyun texniki şərtinin alınması, xətlərin çəkilməsi və digər yarım qalmış işlərin başa çatdırılması üçün 50.000 manatdan artıq pul xərcləmişdir, mənzilin daxili işlərini öz hesabına tamamlayaraq 2019-cu ildən orada yaşamağa başlamışdır. Alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı iddia müddətlərini ötürmüşdür. Yuxarıda qeyd olunduğu kimi, o, mənzili qanunsuz əldə etməmiş və iddiaçının mülkiyyət hüquqlarını pozmamışdır. Nə qədər ki, onun alqı-satqı müqaviləsi ilə əldə etdiyi hüquqlar ləğv edilməmişdir, o, mənzilin qanuni sahibidir. Bütün hallarda, o, əmlakı vicdanlı əldə edəndir. Belə ki, mənzili digər Cavabdeh2 MMC-dən əvəzli şəkildə əldə etmiş və 2016-ci ilin aprel ayından ona sahiblik etməyə başlamışdır. Binanın rəhbərliyi barəsində cinayət işi aparılarkən izahat və ifadə vermişdir. Lakin istintaq orqanı ona satılmış mənzilin eyni zamanda başqa şəxslərə satılmadığını müəyyən etdiyi üçün onu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanımamışdır. Bundan sonra o, bir daha əmin olmuşdur ki, mənzilin ikinci alıcısı, ona hər hansı tələb olan başqa şəxs yoxdur. Bundan sonra öz hesabına mənzili təmir etdirmiş, eyni zamanda binanın digər sakinləri ilə birlikdə binanın tikintisinin başa çatdırılması üçün 50.000 manatdan artıq miqdarda pul xərcləmişdir. İddia tələbi Cavabdeh2 MMC-nin üzərinə iddiaçıya mənzil təhvil verilməsi öhdəliyinin qoyulması hissədə onun üçün birbaşa hüquq və vəzifələr yaratmaya bilər. Lakin Cavabdeh2 MMC-nin məhz onun mənzilini iddiaçıya və ya başqa bir şəxsə təhvil verməyə heç bir hüququ və səlahiyyəti yoxdur. Yuxarıda göstərilən hallara əsaslanaraq, məhkəmədən, iddiaçı X13 cavabdehlər Cavabdeh2 MMC-yə və ona qarşı Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanda yerləşən yaşayış binasının 2-ci yaşayış massivində 10 saylı mənzilə dair bağlanılmış alqı-satqı muqaviləsi ilə əlaqədar Cavabdeh2 MMC-nin üzərinə həmin mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin qoyulması, onun Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanında yerləşən yaşayış binasının 2-ci yaşayış massivində 10 saylı mənzildən çıxarılması və mənzili qanunsuz zəbt edib vurdugu zərərə görə ondan maddi zərərin əvəzi kimi 40.000 manatın tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, iddianı qəbul edir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil1 etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini, həmçinin vəsatətlərlə xüsusi qərardadın çıxarılmasını və iddia müddətinin tətbiq edilməsini xahiş etdilər. Cavabdeh1 yazılı vəsatəti əsasında dindirilmiş şahid X28 ifadəsində bildirdi ki, o, özünə məxsus mənzili xx.xx.2016-cı ildə almışdır. O, mənzili alanda tikinti işləri davam edirdi, təxmini 1 ildən sonra problemlər yaranmağa başlanmışdır. Özünə məxsus mənzilin satışa çıxarılması barədə ona bildirmişdirlər. Satışa çıxaran adamlara zəng etmiş, onlarla görüşmüş, həmin şəxslərdən birinin iddiaçının olduğu müəyyən etmişdir. İddiaçı özünü şirkətin sahibi kimi təqdim etmişdir. Daha sonra o, bununla bağlı müvafiq orqanlara müraciət etmiş və məsələ həll olunmuşdur. Cavabdeh1 yazılı vəsatəti əsasında dindirilmiş şahid X27 ifadəsində bildirdi ki, 2016-cı ildə mənzil almışdır. Cavabdeh1 ilk aldığı gündən tanıyır. Cavabdeh1 həmin binada yaşayır. İddiaçının yalnız adını eşitmişdir. Cavabdeh1 yazılı vəsatəti əsasında dindirilmiş şahid X22 ifadəsində bildirdi ki, hazırda həmin binada yaşayır. Cavabdeh1 2016-cı ildən tanıyır. Cavabdeh1 həmin binada özünə məxsus binada ailəsi ilə birlikdə yaşayır. İddiaçını isə ümumiyyətlə tanımır. Cavabdeh1 yazılı vəsatəti əsasında dindirilmiş şahid X25 ifadəsində bildirdi ki, həmin binadan mənzili 2016-cı ildə almışdır. Hazırda həmin binada yaşayır. Cavabdeh1 2016-cı ildən tanıyır. Hazırda Cavabdeh1 həmin binada yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh və iddiaçı məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, iddia əsassızdır və aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X10 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış mənzil alqı-satqısı haqqında müqavilədən görünür ki, ünvan 3 ünvanında tikilən yaşayış binasının “1”-ci girişi 2-ci yaşayış mərtəbəsində yerləşən 10 №-li, 2 otaqdan ibarət, 106 m² sahəsi olan mənzil 98000 manata sonuncuya satılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən kooperativ binasının 1-ci giriş 2-ci yaşayış mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² olan 10 saylı mənzilin ümumi dəyəri 98000 manat X10 tərəfindən tam ödənilmişdir. AZ-İİ seriyalı 112448 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İmişli Regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı müraciəti əsasında, İmişli Regional “ASAN xidmət” mərkəzi Notariat ofisində vəfat etmiş atası X3 adına vərəsəlik işi açılmışdır. AA seriyalı 172516 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. İmişli regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri ünvan 5i ünvanında qeydiyyatda olan oğlu İddiaçı və o miras əmlakdan tam hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: İmişi RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AC746905 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 1989-cu il olan MERCEDES BENZ YÜK markalı 14BD848 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış mənzil alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, ünvan 3 ünvanında tikilən yaşayış binasının “1”-ci girişi 9-cu yaşayış mərtəbəsində yerləşən 62 №li, 3 otaqdan ibarət, 138,76 m² sahəsi olan mənzil 107000 manata sonuncuya satılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş maliyyə arayışının surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən kooperativ binasının 1-ci giriş 9-cu yaşayış mərtəbəsində yerləşən ümumi sahəsi 138,76 m² olan 62 saylı mənzilin ümumi dəyəri 107000 manat İddiaçı tərəfindən tam ödənilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış mənzil alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, ünvan 3 ünvanında tikilən yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 10 №-li, 2 otaqdan ibarət, 106 m² sahəsi olan mənzil 106000 manata sonuncuya satılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş maliyyə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən kooperativ binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 106 m² olan 10 saylı mənzilin ümumi dəyəri 106000 manat Cavabdeh1 tərəfindən tam ödənilmişdir. X12 xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş, Bakı şəhəri xx.xx.2016-cı il tarixli Cavabdeh2 MMC-nin mənzil alqı-satqı haqqında müqavilənin alıcı qrafasında X4 adından icra edilmiş mübahisəli imza X10 tərəfindən deyil, başqa şəxs tərəfindən bənzədilmiş formadan icra edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 201-ci vərəqində olan xx.xx.2016-cı il tarixli "xxxx" MMC-nin Mənzil alqı-satqısı haqqında müqaviləsində “Alıcı” qrafasındakı imza - X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya); “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X26 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Hazırda iddiaçı Cavabdeh2 MMC ilə mərhum atası X6 arasında Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanda yerləşən yaşayış binasının 2-ci yaşayış massivində 10 saylı mənzilə dair bağlanılmış alqı-satqı müqaviləsi ilə əlaqədar Cavabdeh2 MMC-nin üzərinə həmin mənzilin ona təhvil verilməsi öhdəliyinin qoyulması, Cavabdeh1 onun mülkiyyətini təşkil edən həmin Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanda yerləşən yaşayış binasının 2-ci yaşayış massivində 10 saylı mənzildən çıxarılması, mənzili qanunsuz zəbt edib vurduğu zərərə görə Cavabdeh1 maddi zərərin əvəzi kimi 40000 manatın tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının hazırkı tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi hallan məhkəmə mövcud olmayan kımı rəod edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, mülki iş materiallarından, həmçinin keçirilmiş ekspertizalardan müəyyən olunur ki, xx.xx.2016-cı il tarixli "xxxx" MMC-nin Mənzil alqı-satqısı haqqında müqaviləsində “Alıcı” qrafasındakı imza - X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Belə olan halda iddiaçının hazırki iddianı qaldırmaqda ümumiyyətlə hüququ yoxdur. Göstərilənlərə əsasən, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, iddiaçının tələb etdiyi mənzilin ona məxsus olmasını mötəbər sübutlarla əsaslanıdıra bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə Cavabdeh1 xüsusi qərardadın çıxarılmasına dair vəsatətinə dair qeyd edir ki, araşdırma zamanı tərəflərin hərəkətlərində (hərəkətsizliyində) cinayət əlamətlərin mövcud olması müəyyən olunmamışdır. Bu səbəbdən həmin vəsatət təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 384.0 və 384.0.4-cü maddələrinə əsasən iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir. Həmçinin, məhkəmə Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə vəsatətinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarında mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddətinin şamil edilmədiyi imperativ qaydada qeyd edilmişdir. Odur ki, hazırkı tələbə iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.20-ci maddələrinə əsasən məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “mənzil sahəsinə dair bağlanılmış müqavilənin icrasının təmin olunması, mənzildən çıxarma, vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 138 (yüz otuz səkkiz) manat məbləğində vəsait Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar