Məhkəmə qərarları › İş №e-2(001)-859/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-859/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-859/2025 03.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 680,00 (altı yüz səksən) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,00 (otuz) manat dövlət rüsumunun (cəmi 690,00 manat) "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il, saat 22:30-da Bakı şəhəri, M.Kazımovski küçəsində cəmiyyət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış və Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz C200” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Mercedes E240” markalı, 99-DN331 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Sabunçu rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* №-li inzibati tənbeh vermə haqqında qərara əsasən,Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6,327.1-ci maddələrində (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. “Avtomobillərin Texniki Xidmət Mərkəzi” tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktında göstərilmişdir ki, “Mercedes E240” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 680,00 (altı yüzsəksən) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA138438/23 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 680,00 (altı yüz səksən) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Mülki iş materiallarında olan: - PXA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X2 məxsus “Mercedes Benz C200” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən tam sığortalanmışdır. - İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, “Mercedes Benz C200” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Qurbanov X4 Xətalar Məcəlləsinin 327.6, 327.1-ci maddələri ilə (yol hərəkatı qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) təqsirli bilinmiş və 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. - Avtomobillərin Texniki Xidməti Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktından görünür ki, “Mercedes E240” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 680 (altı yüz səksən) manat təşkil edir. - "xxxx" ASC-nə məxsus xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 ********** nömərli karta 680 (altı yüz səksən) manat məbləğində pul köçürülmüşdür. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Maddə. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.5.Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.1. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Maddə. 1114.3. Təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. “İcbari Sığortalar Haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.2023-cü il, saat 22:30-da Bakı şəhəri, M.Kazımovski küçəsində cəmiyyət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış və Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz C200” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Mercedes E240” markalı, 99-DN331 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri toqquşmuş, nəticədə sonuncuya 680 manat məbləğində maddi zərər dəymişdir. Bununla əlaqədar olaraq "xxxx" ASC tərəfindən iş üzrə PXA138438/23 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 680,00 (altı yüz səksən) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərara əsasən “Mercedes Benz C200” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Qurbanov X4 Xətalar Məcəlləsinin 327.6, 327.1-ci maddələri ilə (yol hərəkatı qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) təqsirli bilinmiş və 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Göründüyü kimi hazırki iş üzrə xx.xx.2023-cü il tarixində, saat 22:30 radələrində Bakı şəhəri, M.Kazımovski küçəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz C200” markalı, **- LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Mercedes E240” markalı, 99-DN331 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri toqquşması, eləcə də yol hərəkəti qaydalarını pozan “Mercedes Benz C200” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınması sübuta yetirilmişdir. Yuxarıda qeyd edilənləri, eləcə də dəymiş ziyanla bağlı sığorta ödənişinin tam olaraq sığorta şirkəti tərəfindən (qarşı tərəfə) ödənildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmış və tələb olunan 680 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “İcbari Sığortalar Haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 680 (altı yüz səksən) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia təmin olunduğundan onun verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 680 (altı yüz səksən) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASCnə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar