Məhkəmə qərarları › İş №e-2(001)-896/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-896/2024

29.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-896/2024 29.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə Mirşəbir oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanında onun, yəni İddiaçı iştirakı və xəbəri olmadan Cavabdeh tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib olunaraq köhnə “İTRON” tipli G-4 markalı 1202AQ**********8 saylı qaz sayğacı çıxarılaraq, yeni “ZENNER SMART” tipli G-4 markalı **********601 saylı qaz sayğacı ilə əvəz olunmuşdur. Sonra yenə də onun iştirakı və xəbəri olmadan Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib olunmuş, aktda istehlakçının istifadəsində yeni quraşdırılmış G-4 markalı **********601 saylı qaz sayğacı göstərilsə də, həmin akta əsasən mənzilin qaz sayğacına kənar vasitəsilə baxış keçirən zaman sayğacın çıxış plastmas borusunun deşik olduğunun aşkar edildiyi qeyd edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, qeyd edilən ünvanda olan daşınmaz əmlak mənzil deyil, həyət evidir, həm köhnə, həm də yeni qaz sayğacı həyət evinin içərisində yox, çöldə - küçədə quraşdırılmışdır. Cavabdeh tərəfindən 30 aprel 2023cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib olunmuşdur. Həmin tələbnamədə icra olunacaq tədbir qismində itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunacağı qeyd edilmişdir. Bu qeydə əsasən qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 12960 m3 qazın sərfiyyatına dair pul məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur. Üçüncü dəfə Cavabdeh tərəfindən qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-4903/Q001 saylı akt tərtib olunmuşdir. Həmin aktda yoxlamanın nəticəsi olaraq sayğacın çıxış plastmas borusunun deşildiyi, sayğacın istismara yararsız olduğu, xətaların normadan artıq olduğu, sayğacın minimal sərfiyyatda - 100% nisbi xətayla işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeydə almadığı göstərilmişdir. Tərtib olunmuş aktın qüsura görə nəticə hissəsində qaz itkisi və müdaxilə qeyd olunmuşdur. Onun tərəfindən heç bir vaxt qaz sayğacına hər hansı bir müdaxilə olunmamış, vaxtlı-vaxtında sərf edilmiş qazın dəyəri qismində pul ödənilmişdir. O, sözügedən - M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev (Məmmədyarov) küçəsi, ev 63İV ünvanında daimi olaraq yaşamır, qeyd edilən ünvanda bəzi hallarda kiçik zaman aralığında nəzarət və baş çəkmək məqsədi ilə olur. Həmin evdə olduğu zamanlarda isə qazdan çox az istifadə edilir. Yəni, sərfiyyata keçən qazın həcmini azaltmaqla bağlı hər hansı bir mənafe, məqsəd olmamışdır. Onun arada bir baş çəkdiyi evdə qaz sayğacına müdaxilə etməsində hər hansı bir məntiqli izah yoxdur. Tərtib olunmuş aktlar, onun nəticələri, eləcə də, əsassız hesablanmış borcla razı deyildir. Belə ki, sayğaclar dəyişdirilən zaman iştirakı olmadan dəyişdirilmişdir. Aktdan da görünür ki, köhnə sayğacın plombu üzərində olmuş, həmin plomb qaz idarəsinin əməkdaşları tərəfindən açılmışdır. (qırılmışdır). Tərtib edilən aktlar ona təqdim edilməmişdir. Daha sonra qaz idarəsinin əməkdaşları köhnə sayğaca müdaxilə olduğuna görə ona cərimə hesablandığını bildirmişlər. Sayğaca hansısa müdaxilənin, deşiyin olmasının onun iştirakı olmadan tək vizual baxışla müəyyən edilməsi olduqca şübhəli məqamdır. Qaz sayğacı sözügedən evin hasarından çöldə - küçədədir. Sayğaca belə bir müdaxilənin kim tərəfindən edilməsini müəyyən etmək mümkün deyildir. O, hesab edir ki, belə bir müdaxilə varsa, o, buna görə cavabdehlik daşımalı deyil, həm də bu müdaxiləyə elə qaz idarəsində də yol verilə bilər. Bu cür hadisələrə tez-tez rast gəlinir. Göstərilənləri əsas götürərək, o, 12960 m3 qazın sərfiyyatına dair qanunsuz olaraq tələb olunan əsassız hesablanmış 1555.20 manat məbləğində borcun silməsini məqsədəmüvafiq hesab edir. İddia ərizəsinə əlavə edilmiş aktların, tələbnamənin surətləri və abonentin saldosu xx.xx.2023-cü il tarixdə Qaz İdarəsindən əldə edilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* saylı aktın əsassız hesab edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən 12960 m3 qazın sərfiyyatına dair qanunsuz olaraq tələb olunan və ona (abonent № **********90003) əsassız hesablanmış 1555.20 manat məbləğində borcun silməsi, həmin borca görə sayğacın smart kartından silinmiş 22.65 manat məbləğin onun (abonentin) **********601 saylı smart kartına qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə Mirşəbir oğlu iddia tələbini müdafiə etməklə yanaşı, qaz sayğacına iddiaçı tərəfindən hər-hansı müdaxilənin edilməməsini əsas gətirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda, iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* saylı aktın əsassız hesab edilməsi, Cavabdeh tərəfindən 12960 m3 qazın sərfiyyatına dair qanunsuz olaraq tərtib edilmiş və iddiaçıya əsassız hesablanmış 1555.20 manat məbləğində borcun silməsi, həmin borca görə sayğacın smart kartından silinmiş 22.65 manat məbləğin iddiaçının (abonentin) **********601 saylı smart kartına qaytarılması və vəkil xidmətinə görə ödənilmiş 100 manat vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdehnə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və eyni zamanda vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2023-cü il üçün 1555.20 manat borcu vardır. Həmin saldonun akt tərtib edilən tarixdən sonra, yəni 2023-cü ilin may ayından başlamaqla “ayın sonuna borc” və “ödəniş” qrafalarına nəzər yetirdikdə, görünür ki, 1555.20 manat borc məbləğindən ümumilikdə 22.65 manat məbləğində borca görə tutulmalar həyata keçirilmişdir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanına məxsus “İTRON Smart” tipli G-4 markalı 1202AQ**********8 saylı qaz sayğacı çıxarılaraq, yeni “ZENNER SMART” tipli G-4 markalı **********601 saylı qaz sayğacı ilə əvəz olunmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanına baxış keçirilmiş, baxış zamanı sayğacın çıxış plastmas borusunun deşik olduğu aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, cavabdeh tərəf hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********90003 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmiş, həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” Akta əsasən “sayğacın hesablama mexanizminin qapağının üzərinə vurulan zavod qurğuşun plombu kəsici alətlə kəsilərək yapışqan maddə ilə yapışdırılıb, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı 30 aprel 2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnaməyə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. 30 aprel 2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 kub metr təşkil etmişdir. Hesablanmış 1555.20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırılmışdır ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göstərilənləri nəzərə alaraq, iddia ərizəsinə öz etirazlarını bildirmişlər. İş materiallarında olan 07 noyabr 2023-cü il tarixli hüquqi yardımın göstərilməsi haqqında 5255№-li müqavilənin surətindən görünür ki, İddiaçı ilə “Femida” Vəkil Bürosu arasında müqavilə bağlanmış, müqavilənin predmeti isə vəkil tərəfindən ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərilməsindən, həmçinin müraciət edən şəxsin isə hüquqi yardıma görə haqq ödəməsindən ibarət olmuşdur. Vəkilə həvalə edilən tapşırığın mahiyyətini isə “əsassız hesablanmış borcun silinməsi barədə mülki iş üzrə hüquqların müdafiəsi” təşkil etmişdir. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 100 manat müəyyən edilmişdir. İş materiallarında olan 01 dekabr 2023-cü il tarixli qəbzin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən “Femida” Vəkil Bürosunun hesabına 100 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31 may 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətində “sayğacın çıxış plastmas borusunun deşik olduğu aşkar edildi” kimi qeyd edilsə də, cavabdeh həmin qüsurun iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 1555.20 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Bakı şəhəri, ünvan 2 ünvanına (abonent kodu: **********90003) dair hesablanmış 1555.20 manat məbləğində borc silinməli və əsassız borca görə cavabdeh tərəfindən tutulmuş 22.65 manat pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi hüquqi yardıma görə ödənilmiş vəsaitin cavabdehdən alınaraq ona ödənilməsi hissəsində də təmin edilməli, hüquqi yardıma görə vəsait ağlabatan məbləğdə tutulmalıdır. Məhkəmə iddiaçı tərəfindən hüquqi yardımla bağlı ödənilmiş vəsaitə görə 100 manat pul vəsaitinin Cavabdeh İB-dən iddiaçının xeyrinə tutulmasını ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə də qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı da dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 37 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri, ünvan 2 ünvanına aid qaz sərfinə görə istehlakçı İddiaçı (abonent kodu: **********90003) hesablanmış 1555.20 manat borc məbləğini silmək və cavabdeh tərəfindən borca görə iddiaçıdan tutulmuş 22.65 manat pul vəsaitini iddiaçıya geri qaytarmaq vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş vəsaitə görə 100 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdehndən 37 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar