Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-913/2023 16.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “pul tələbi” iddiasına dair mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh RSK5646407 nömrəli, 22 sentyabr 2018-ci il tarixli müqavilə üzrə 55 manat əsas, 16 manat dəbbə pulu və RSK5722215 nömrəli, 17 iyun 2019-cu il tarixli müqavilə üzrə 1449 manat əsas, 434 manat dəbbə pulu və 40 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1.994 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 sentyabr 2018-ci il və 17 iyun 2019-cu il tarixlərində Cavabdeh (bundan sonra “Alıcı” adlandırılacaq) ilə aralarında RSK5646407 nömrəli və RSK5722215 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən RSK5646407 nömrəli müqavilə üzrə 455 manat dəyəri olan 1 (bir) ədəd “Samsung Galaxy J2" markalı telefon Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini üzərinə götürmüşdir. RSK5722215 nömrəli müqavilə üzrə 1748 manat dəyəri olan 1 (bir) ədəd “LG" markalı televizor Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini üzərinə götürmüşdir. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı RSK5646407 nömrəli müqavilə üzrə 20 manat ilkin ödəniş olmaqla, qalan 435 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə, aylıq 29 manat olmaqla, hər ayın 21-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı RSK5722215 nömrəli müqavilə üzrə 68 manat ilkin ödəniş olmaqla, qalan 1680 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 70 manat olmaqla, hər ayın 16-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 %-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun RSK5646407 nömrəli müqavilə üzrə 55 manat əsas, 16 manat dəbbə pulu olmaqla, 71 manat və RSK5722215 nömrəli müqavilə üzrə 1449 manat əsas, 434 manat dəbbə pulu olmaqla, 1883 manat borcu yaranmışdır. Alıcı tərəfindən RSK5646407 nömrəli, 22 sentyabr 2018-ci il tarixli müqavilə üzrə sonuncu dəfə 12 avqust 2022-ci il tarixdə 20 manat ödəniş və RSK5722215 nömrəli, 17 iyun 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə 26 fevral 2021-ci il tarixdə 50 manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin cavabdeh iddiaçı tərəfindən qeyd edilən ünvanda yaşamadığından poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli № ******* saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 455 manat avadanlığı Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 15 ay müddətinə ayda 29 manat olmaqla ödəməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № RSK ******* saylı, Hissə-hissə ödənişlə alqısatqı müqaviləsindən görünür ki, İddiaçı (satıcı) qiyməti 1748 manat avadanlığı Cavabdeh (alıcıya) verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya ödəməyini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı avadanlığın qiymətini 24 ay müddətinə ayda 70 manat olmaqla ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə müqavilələr üzrə 55 manat əsas və 16 manat dəbbə pulu; 1449 manat əsas və 434 manat dəbbə pulu, 40 manat dövlət rüsumu, cəmi 1994 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli № ******* saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə görə 55 (əlli beş) manat əsas, 2 (iki) manat dəbbə borcu; xx.xx.2019-cu il tarixli № RSK ******* saylı, Hissəhissə ödənişlə alqı-satqı müqaviləsinə görə 1449 (min dörd yüz qırx doqquz) manat əsas, 40 (qırx) manat dəbbə borcu olmaqla, cəmi 1546 (min beş yüz qırx altı) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun 32 manatı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli № ******* saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə görə 55 (əlli beş) manat əsas, 2 (iki) manat dəbbə borcu; xx.xx.2019-cu il tarixli № RSK ******* saylı, Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə görə 1449 (min dörd yüz qırx doqquz) manat əsas, 40 (qırx) manat dəbbə borcu, 32 (otuz iki) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1578 (min beş yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-913/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-913/2023
16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver