Məhkəmə qərarları › İş №e-2(001)-919/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-919/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-919/2023 23.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 23 yanvar 2023-cü il tarixdə аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 dekabr 2019-cu il tarixli, ECK5825104 saylı hissə-hissə ödənişlə alğı-satqı müqaviləsi üzrə yaranmış 6363 manat əsas borc, 1908 manat cərimə borcu olmaqla, ümumilikdə 8271 manat borcun və 103 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında 18 dekabr 2019-cu il tarixdə hissəhissə ödənişlə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Alıcı ümumi dəyəri 8484 manat olan 2 ədəd “iPhone 11 Pro 256 GB” modelli mobil telefonu dəyərini 12 ay ərzində, aylıq 707 manat ödəmək şərtilə kreditlə almışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 29 noyabr 2022-ci il tarixə 6363 manat əsas, 1908 manat cərimə borcu yaranmışdır. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 707 manat ödəniş etmiş, qalıq qalmış 6363 manat borcu qaytarmamışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə edib, onun iştirakı olmadan mülki işə baxılıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri ilə bağlı məhkəməni öncədən məlumatlandırmamışdır. Tədqiq edilən sübutlar: İddia ərizəsinə əlavə edilmiş 18 dekabr 2019-cu il tarixli, ECK5825104 saylı hissəhissə ödənişlə alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ümumi dəyəri 8484 manat olan 2 ədəd “iPhone 11 Pro 256 GB” modelli mobil telefonu dəyərini 12 ay ərzində, aylıq 707 manat ödəmək şərtilə kreditlə almışdır. 29 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə 6363 manat əsas, 1908 manat dəbbə borcu vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını araşdıraraq, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını rəhbər tutub, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilədə və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödəniş qaydası, müddəti və məbləği də nəzərdə tutulmuşdur. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də, cavabdehdən iddia tələbində göstərilən məbləğdə əsas borcun tutulmasına əsas yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, müqavilə üzrə iddia tələbində göstərilən miqdarda cərimənin tutulması əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, tələb olunan 1908 manat cərimənin miqdarı azaldılaraq 400 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 6363 manat əsas borc, 400 manat cərimə olmaqla, ümumilikdə 6763 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia qismən təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli, ECK5825104 saylı “Hissə-hissə ödənişlə alğı-satqı müqaviləsi” üzrə 6363 manat əsas borc, 400 manat cərimə olmaqla, ümumilikdə 6763 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar