Məhkəmə qərarları › İş №e-2(001)-930/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-930/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-930/2024 05.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 391,9 AZN əsas, 58,7 AZN cərimə, ümumilikdə 450,6 AZN borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqaviləsi (müqavilələri) barədə məlumat: Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilənin məbləği: 589.90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 33.00 AZN 18 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "Samsung" markalı mobil telefon Son ödəniş məbləği və tarixi: 33.00 AZN xx.xx.2023 Cavabdeh müddətli (nisyə) alqısatqımüqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 691.90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 587.00 AZN Nisyə alqı-satqımüqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 58.70 AZN Tutulmalı olan cəmi məbləğ: 450.60 AZN. Müddətli (nisyə) alqı-satqı müqaviləsi, Müddətli (nisyə) alqı-satqı müqaviləsinin 1 (bir) saylı Əlavəsi, ödəniş cədvəli, müştəri müraciəti üzrə ərizə-anket və Maliyyə arayışı iddia tələbinin əsasıslığı məqsədi ilə sübut kimi təqdim edilir. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı MMC-nin ona qarşı iddia ərizəsinin heç bir əsası yoxdur və rədd edilməlidir. xx.xx.2022-ci il tarixli ********* saylı nisyə “Alqı-satqı” müqaviləsinə əsasən 18 ay müddətinə, aylıq 33 manat olmaqla müqavilə bağlanmışdır. Aralarında bağlanmış müqavilənin dəyəri olaraq 589,90 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən əsassız olaraq məbləğ düzgün hesablanmamış, tərəfindən ödənilmiş məbləğlər əsas borcdan düzgün hesablanaraq çıxılmamış və əlavə olaraq cərimə tətbiq edilmişdir. Alqı-satqı müqaviləsinə əsasən təqdim edilən “Samsung” markalı mobil telefon nəğd alış qiymətinə əlavə faiz hesablanmaqla yüksək məbləğə nisyə “alqı-satqı” müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən əsassız olaraq cərimə tətbiq edilmişdir. İddia tələbində əsas borcun düzgün olub-olmaması müəyyən olunmalıdır, o, əsas borcla da razı deyil, düzgün hesablanmamışdır. Həmçinin cərimə tətbiq olunması qeyri-qanunidir və təmin edilə bilməz. Müqavilənin bitməsinə vaxt qalıb, o, müqavilənin şərtlərinin yerinə yetirilməsindən yayınmaq məqsədi güdmür, ödənişlərdə çətinlik çəkdiyindən müvəqqəti olaraq ödənişləri edə bilməmişdir. Odur ki, İddiaçı MMC-nin ona qarşı iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, müqaviləni o imzalasa da, həmin telefonu başqa şəxs üçün götürüb. Odur ki, iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən, həmin müqaviləyə 1 saylı Əlavədən və ödəniş cədvəlindən görünür ki, satıcı bir ədəd “Samsung A325” markalı məhsulu alıcıya verməyi, alıcı isə müqavilə üzrə qalan borc 589,99 manatı 18 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 1 saylı Əlavəyə əsasən gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh əsas borcu 391,9 manat və cərimə borcu 587 manat olmaqla, cəmi 978,9 manat borcu var. Cavabdehə ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2022-ci il tarixində bağlanmış müqaviləyə əsasən yaranmış borc məbləği barəsində məlumat verilməklə yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış əsas borcunu iddiaçıya ödəməlidir. Həmçinin məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə dəbbə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli müqaviləyə cərimə məbləği azaldılmalı və müqavilə üzrə 5 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 391,9 manat əsas borc, 5 manat cərimə olmaqla, cəmi 396,9 manat pul alınaraq İddiaçınə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 26 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 391,9 manat əsas borc, 5 manat cərimə olmaqla, cəmi 396,9 (üç yüz doxsan altı manat, doxsan qəpik) manat məbləğində borc və 26 (iyirmi altı) manat dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar