Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-959/2025 10.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (İB) qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı X5 Departamenti tərəfindən 31 iyul 2023-cü il tarixdə mülkiyyətindəki Abonent kodu **********00460 olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 561 nömrəli bağ evində qanunsuz və əsassız olaraq 6480 kub.metr əlavə qazın sərf edildiyinin müəyyən edilməsini və həmin sərfiyyata görə qanunsuz və əsassız olaraq ona 777.60 (yeddi yüz yetmiş yeddi manat altımış qəpik) manat məbləğində borcun hesablanmasını nəzərə alıb, həmin 777.60 (yeddi yüz yetmiş yeddi manat altımış qəpik) manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvandakı evin Abonent kodu **********00460 olmaqla Cavabdeh İB tərəfindən vaxtaşırı müvafiq ödəniş olunmaqla həmin ünvan qazla təmin olunur. Onun xəbəri olmadan 2023-cü ilin iyul ayının 14-də Cavabdeh İB-nin Bakı X5 Departamentinin Xəzər rayonu üzrə nümayəndələri Eldəniz Əbilov, Elman Süleymanov və Pərviz Qafarovun iştirakları ilə həmin tarixdə Cavabdeh Bakı X5 Departamentinin rəis müavini Hicran Abasov tərəfindən təsdiq edilmiş Cavabdeh İB-nin 14-2-2/3-5-6476/0001 saylı rəyinə əsasən 1702AZ**********45 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu örtüyün qapağı aralı vəziyyətdədir. Daxilində elektron hissəyə impuls ötürücü bir ədəd dişli çarx və göstərici çarxlar aşkar olunmadı” məzmunlu “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Guya o, akta imza etməkdən imtina etmiş və onlar aktın surətini guya ona təqdim etmişlər. Əslində isə onların bu hərəkətlərindən heç bir xəbəri olmamışdır. Bu barədə bu yaxınlarda kartından ona tətbiq edilmiş cəriməyə görə pul tutulanda bunun səbəbləri ilə maraqlandıqda müəyyən etmiş ki, Cavabdeh Bakı X5 Departamentinin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 31 iyul 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” ilə guya itrilmiş 6480 kub metr qaza görə ona qanunsuz və əsassız olaraq 777.60 (yeddi yüz yetmiş yeddi manat altımış qəpik) manat cərimə hesablanmışdır. Bildirir ki, onun qaz sayğacı evinin hasarının küçəyə baxan hissəsində yerləşdirilmişdir. Tanımadığı maşın küçədə daş boşaldan zaman daş həmin sayğaca dəymiş və sayğacı zədələmişdir. O, da həmin sürücüdən tələb etdi ki, sayğacı dəyişdirsin. Həmin sürücü də sayğacı dəyişdirmişdir. Sayğacının zədələnməsi ilə bağlı cavabdeh tərəfindən onun hər hansı bir təqsirli hərəkətləri müəyyən edilmədən guya itrilmiş 6480 kub metr qaza görə ona qanunsuz və əsassız olaraq 777.60 (yeddi yüz yetmiş yeddimanat altımış qəpik) cərimə hesablanmışdır. Cavabdeh Bakı X5 Departamenti tərəfindən 31 iyul 2023-cü il tarixdə qanunsuz və əsassız olaraq guya onun evində 777.60 (yeddi yüz yetmiş yeddimanat altımış qəpik) manat məbləğində 6480 kub.metr əlavə qazın sərf edildiyi müəyyən edilmişdir. Bildirir ki, o, həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə, həmin vaxt heç kim nə yaşadığım ünvana gəlmiş, nə də onu harasa dəvət etməmişdir. Ona 777.60 (yeddi yüz yetmiş yeddi manat altımış qəpik) manat borc qanunsuz və əsassız olaraq hesablanmışdır. Ona görə də hesab edir ki, ona qanunsuz və əsassız olaraq borc kimi hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altımış qəpik) manatın Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, izahatında göstərmişdir ki, qonşunun evinə daşlarla yüklü maşın gəlmişdir, daşı boşaldan zaman sayğacı zədələmişdir. Cavabdehin işçıləri tərəfindən akt tərtib olunanda onun məlumatı olmamışdır. Ona qanunsuz və əsassız həmin borc hesablanmışdır. Göstərilənləri nəzərə alaraq iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X2 iddia tələbinə etiraz göndərərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00460 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış G-4 markalı 1702AZ**********45 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 14-2-2/3- 5-6476/Q001 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu örtüyün qapağı aralı vəziyyətdədir, daxilində elektron hissəyə impuls örtücü, bir ədəd dişili çarx və göstərici çarxlar aşkar olunmadı, əsas çap vərəqəsinin üzərindəki mikrosxemlər zədəlidir, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cii il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 6480 m3 təşkil etmişdir. Hesablanmış 777,60 manat məbləğində dəymiş ziyan 2023-cü ilin iyul ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3’nm 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirir ki, **********00460 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Mülki iş materiallarında olan: Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus 1702AH**********5 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış G-4 markalı **********225 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023cü il tarixli aktdan görünür ki, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. Tələbnaməyə əsasən Azəriqaz İB-nin 14-2-2/3-56476/Q001 saylı rəyinə əsasən 1702AZ**********45 sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün qapağı aralı vəziyyətdədir. Daxilində elektron hissəyə impuls ötürücüsü, bir ədəd dişli çarx və göstərici çarxlar aşkar olunmadığından dəymiş ziyanın həcmi 6480 m3 müəyyən edilmiş və ödənilməsi tələb edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Abonentin **********00460 nömrəli saldosundan görünür ki, iddiaçıya məxsus evə 16 iyun 2023-cü il tarixdə XENNER G4T SMART, **********225 nömrəli sayğac quraşdırılmış, 2023-cü ilin yanvar, mart, aprel, avqust və oktyabr ayları üçün qazın sərfi 6480 m3 göstərilmiş və ödəniləcək məbləğ 777,60 manat qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü- butları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu: Maddə 3. istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununu: Maddə 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (25 iyun 2023-cü il tarixədək olan redaksiya). - Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00460 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış G-4 markalı 1702AZ**********45 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 14-2-2/3- 5-6476/Q001 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu örtüyün qapağı aralı vəziyyətdədir, daxilində elektron hissəyə impuls örtücü, bir ədəd dişili çarx və göstərici çarxlar aşkar olunmadı, əsas çap vərəqəsinin üzərindəki mikrosxemlər zədəlidir, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cii il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 6480 m3 təşkil etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir.Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanuna əlavə edilmiş 13.8-1 maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir). Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bır nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Analoji norma, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş"Qazdan istifadə qaydaları"mn 6.5-ci bəndində də müəyyən edilmişdir (həmin norma yeni redaksiyada verilmişdir - 25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, "Xalq" qəzeti, 6 iyul 2023-cü il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 878). Hazırki işdən isə görünür ki, Cavabdeh əməkdaşları yuxarıda qeyd edilən qanunun tələblərinə əməl etməyərək, yəni 2022-ci il mayın 1-dən sonra sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktlar inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməli olduğu halda bunu etməmiş, əksinə qüvvədən düşmüş qanunvericiliyə əsaslanaraq İddiaçı ümumilikdə 777,60 manat borc kimi yazılaraq tələb edilmişdir. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə görə hazırda borcun tutulması üçün Cavabdeh əməkdaşları tərəfindən 2022-ci il mayın 1-dən sonra tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə hesablanmış borcu əsassız hesab edir və qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 561 nömrəli bağ evinə (abonent kodu:**********60) 6480 kub.metr əlavə qazın sərfiyyatına görə əsassız olaraq hesablanmış 777,60 məbləğində borc silinməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 561 nömrəli bağ evinə (abonent kodu:**********60) 6480 kub.metr əlavə qazın sərfiyyatına görə əsassız olaraq hesablanmış 777,60 məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-959/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-959/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver