Məhkəmə qərarları › İş №e-2(002)-1009/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1009/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1009/2025 01.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X6 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsindən görünür ki, **-YK-*** dövlət qeydiyyat nömrə nişanlı, “Nissan Note” markalı avtomobil xx.xx.2024-ci il tarixdə "xxxx" ASC tərəfindən kasko sığorta olunmuşdur.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İXP xx.xx.2024-ci il tarixli ******* №li inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, Cavabdeh barəsində İXM-nin 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə protokol tərtib edilmiş, X4 tərəfindən imza edilmişdir.

3. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli Sığorta Aktının məzmunundan görünür ki, sığortalanmış **-YK-*** dövlət qeydiyyat nömrə nişanlı, “Nissan Note” markalı avtomobil, zərərin ümumi həcminin 273 manat, sığorta ödənişinin 4904 manat olduğu qeyd olunmuşdur.

4. "xxxx" ASC tərəfindən təqdim edilmiş 7789 nömrəli ödəniş tapşırığına əsasən, xx.xx.2024 il tarixdə "xxxx" ASC tərəfindən 273 manat "xxxx" BOKT ASC-in hesabına ödəniş həyata keçirilmişdir.

5. "xxxx" ASC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktına əsasən, **-YK-*** dövlət qeydiyyat nömrə nişanlı, “Nissan Note” markalı avtomobilə 550 manat xərc çəkilmişdir. İddia tələbi

6. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 273,00 (iki yüz yetmiş üç) manat və ödənilmiş dövlət rüsumuna görə 30,00 (otuz) manat , ümumilikdə isə 303 (üç yüz üç) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh “Vaz 21070” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisində idarə edərkən "xxxx" ASC tərəfindən MVC-B 00129-24 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Nissan Note” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Nissan Note” markalı, ** YK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 200 (iki yüz əlli) manat azadolma məbləği çıxılaraq 273,00 (iki yüz yetmiş üç) manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı şəhər DYPİ-nin İnzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh Qasımov X2 Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmaması səbəbindən 273,00 (iki yüz yetmiş üç) manat məbləğ isə Cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli, G-01-M-0652-2024 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bu günədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

8. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2, 1108.1, 936.1-ci maddələrinə istinad etmişdir.

9. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini xahiş etmişdir.

11. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası

12. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

13. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir.

14. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 25-ci maddəsinin məzmunundan görünür ki, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmasə hallarından biri kimi Həmin Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş hal göstərilmişdir. 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

17. İddia əsaslıdır.

18. Belə ki, işin mübahisəsiz halları bundan ibarətdir ki, Cavabdeh **-XM-*** dövlət qeydiyyat nişanlı “Vaz 21070” markalı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Nissan Note” markalı, **-YK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin sığorta hadisəsi nəticəsində “Nissan Note” markalı, **-YK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan dəymişdir. Bununla yanaşı, Cavabdeh barəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cərimə edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş qüsur aktı əsasında həmin avtomobilə dəymiş zərər 273 manat məbləğində müəyyən edilərək, zərərçəkən şəxsə ödənilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən hazırkı mülki iş üzrə vurulmuş ziyanın məbləği mübahisələndirilməmişdir.

19. Bu halda məhkəmə hesab edir ki, sığorta haqqında qanunvericiliyin tələbinə əsasən sığorta ödənişini həyata keçirmiş iddiaçının yol nəqliyyat hadisəsini törətmiş cavabdehə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə qeyd olunan halları əsas götürərək hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir.

20. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia tələbi təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğundan ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi qismində ödənilmiş sığorta ödənişi olaraq 273 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.

22. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 273 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemində, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar