Məhkəmə qərarları › İş №e-2(002)-1012/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1012/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1012/2025 08.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarına əlavə olunmuş xx.xx.2024-ci il tarixli, VİP 19389 nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, İddiaçı MMC (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı müqavilə üzrə göstərilmiş məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib məhsulun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

2. xx.xx.2024-ci il tarixli təhvil-təslim aktının məzmunundan aydın olur ki, Cavabdeh1 xx.xx.2024-ci il tarixli alqı-satqı müqaviləsi üzrə “Apple İphone 14 pro max 128 gb” təhvil almışdır.

3. Ödəniş cədvəlinin məzmununa əsasən, alıcı Cavabdeh2 12 ay müddətinə aylıq 83 ABŞ dolları məbləğində ödəniş etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür.

4. İddiaçının təqdim etdiyi maliyyə arayışının məzmununa görə, Cavabdeh2 İddiaçı MMC-yə alğı-satqı müqaviləsi üzrə əsas borcunun qalığı 999 ABŞ dollar, 250 ABŞ dolları cərimənin borcu olmaqla 1249 ABŞ dolları məbləğində mövcuddur.

5. İş materiallarında olan xx.xx.2024-ci il tarixli zaminlik müqaviləsinin məzmunundan aydın olur ki, Cavabdeh1 zamin qismində çıxış edərək, xx.xx.2024-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməsinə görə borcalan şəxslə birlikdə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür.

6. İş materiallarına əlavə olunmuş xəbərdarlığın məzmunundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ödənilməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunması bildirilmişdir. İddia tələbi

7. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19389 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh1 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19389 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 999 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%-i həcmində 250 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 1249 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42 manat pulun İddiaçı MMC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh1 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19389 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 1281 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankı kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 1281 ABŞ dolları) “Apple İphone 14 pro max 128 gb green” markalı 1 ədəd mobil telefon ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19389 saylı nisyə alqı-satqı müqaviləsinə tarixində zamin durmuşdur. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 282 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmir.

9. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 448.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 119.1 və 4.1-ci maddələrinə istinad etmişdir.

10. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı MMC məhkəmə ərizə ünvanlayaraq mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

12. Cavabdeh1 məhkəmə hazırlıq iclasında izahat verərək, iddia tələbini qəbul etdiyini bildirmişdir.

13. Cavabdehlərə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

15. Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarı: 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. b) Əsaslandırma

15. İddia qismən əsaslıdır.

16. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin məzmununda da göstərildiyi kimi alıcı Cavabdeh2 İddiaçıdan hissə-hissə ödəniş şərti ilə “Apple İphone 14 pro max 128 gb” markalı telefon əldə etmişdir. Həmçinin, iş materiallarından görünür ki, həmin kredit müqaviləsi üzrə zamin qismində çıxış edən digər Cavabdeh1 müqavilə üzrə borc öhdəliyinin vaxtında və lazımi qaydada icra olunmasına dair birgə məsuliyyət daşıması ilə bağlı öhdəlik götürmüşdür.

17. Beləliklə, tərəflər arasında xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanmışdır və həmin müqavilə etibarlıdır. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilələrin predmeti qismində avadanlıqları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsulların dəyərini hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarından aydın olur ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malların dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır.

18. İş materialları əsasında müəyyən edilmişdir ki, cavabdehin müqavilə üzrə qalıq borcun məbləği 999 ABŞ dolları təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin borc öhdəliyi aşkar olduğundan və cavabdeh tərəfindən öhdəliyi icra etməsinə dair sübutları məhkəməyə təqdim edilmədiyi və zamin tərəfindən iddia əsas borca dair hissədə etiraf edildiyindən iddia tələbi əsas borcun tutulması hissəsində həmin hissədə təmin edilməlidir.

19. Həmçinin məhkəmə iddia tələbinin cərimə borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 07 aprel 2024-cü il tarixli müqaviləyə Əlavələrin 2ci bəndinə əsasən, “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmdə peniya ödəyir.

20. Cavabdehin ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək cərimə məbləğini müqavilə üzrə 250 ABŞ dolları məbləğində müəyyən etmişdir.

21. Lakin məhkəmə hər iş üzrə cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, həm tərəflərin razılığı ilə cərimə məbləğləri ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək müəyyən edildiyindən, həmçinin hesablanmış cərimə məbləğləri əsas borc məbləğlərinə mütənasib olmadığından azaldılmalı və xx.xx.2024-ci il tarixli müqavilə üzrə 15 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə xərcləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia tələbi qismən təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğundan, ödənilmiş tələblərə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 37.24 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə

24. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-ci il tarixli, VİP 19389 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 999 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) məbləğində əsas borc, 15 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) məbləğində cərimə borcu olmaqla, cəmi 1099 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) borc və 37.24 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir

25. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixli, VİP 19389 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 999 ABŞ dolları məbləğində əsas borc, 15 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 1014 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) pul vəsaiti və 37.24 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar