Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1041/2025 08.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflər arasında 3 alqı-satqı müqaviləsi bağlanmışdır: 18 iyun 2024-cü il tarixli, 03937680 nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavəyə görə "xxxx" MMC Cavabdeh 3924.06 manat dəyərində İMEİ kodu **********11321 İphone 15 Pro Max markalı telefon ilkin ödəniş 600 manat olmaqla, 18 ay müddətinə hər ay 184.67 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır.
2. 16 may 2024-cü il tarixli, 11226423 nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavəyə əsasən "xxxx" MMC Cavabdeh 3000.06 manat dəyərində İMEİ kodu **********85640 Samsung Galaxy S24 markalı telefon ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 166.67 manat hissəhissə ödəniş etmək şərtilə satmışdır.
3. 12 aprel 2024-cü il tarixli, 05076414 nömrəli Müqavilə və onun tərkib hissəsi olan Əlavəyə əsasən, "xxxx" MMC Cavabdeh 3059.46 manat dəyərində İMEİ kodu **********85640 Samsung Galaxy S24 markalı telefon ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 169.97 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır.
4. xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişlərin məzmunundan görünür ki, Cavabdeh 03937680 nömrəli Müqavilədə qeyd olunan İMEİ kodu **********11321 İphone 15 Pro Max markalı telefon, 11226423 nömrəli Müqavilədə qeyd olunan İMEİ kodu **********85640 Samsung Galaxy S24 markalı telefon, 05076414 nömrəli Müqavilədə qeyd olunan Apple Watch 9 45MM qol saatı 2 ədəd təhvil almışdır.
5. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş, 08 yanvar 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlində göstərilir ki, 18 iyun 2024-cü il tarixli müqavilə üzrə cavabdehin 3324.06 manat məbləğində ödənilməmiş əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum, 997.22 manat cərimə olmaqla, cəmi 4344.88 manat; 16 may 2024-cü il tarixli müqavilə üzrə cavabdehin 2666.2 manat məbləğində ödənilməmiş əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum, 799.86 manat cərimə olmaqla, cəmi 3489.66 manat; 12 aprel 2024-cü il tarixli müqavilə üzrə cavabdehin 2548.7 manat məbləğində ödənilməmiş əsas borc, 764.61 manat cərimə olmaqla, cəmi 3313.31 manat; ümumilikdə 11147.85 manat məbləğində borcu yaranmışdır.
6. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddia tələbi
7. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********11321 İphone 15 Pro Max markalı telefon üçün 3324.06 manat ödənilməmiş əsas borc, 23.6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum və 997.22 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********85640 Samsung Galaxy S24 markalı telefon üçün 2666.20 manat ödənilməmiş əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum və 799.86 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Apple Watch 9 45MM qol saatı 2 ədəd üçün 2548.70 manat ödənilməmiş əsas borc, 764.61 manat cərimə borcu olmaqla, ümumilikdə 11147.85 manat borc və 123.44 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflərin bağladığı 18 iyun 2024-ci il tarixli, 16 may 2024-ci il tarixli və 12 aprel 2024-cü il tarixli müqavilələrə əsasən “İMEİ kodu **********11321 İphone 15 Pro Max markalı telefon, İMEİ kodu **********85640 Samsung Galaxy S24 markalı telefon və Apple Watch 9 45MM qol saatı 2 ədəd üçün 11147.85 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3924.06 manat olan (18 ay x 184.67 manat + 600 manat ilkin ödəniş) İMEİ kodu **********11321 İphone 15 Pro Max markalı telefon üçün ümumilikdə 4344.88 manat, alqı-satqı qiyməti 3000.06 manat olan (18 ay x 166.67 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********85640 Samsung Galaxy S24 markalı telefon üçün ümumilikdə 3489.66 manat, alqısatqı qiyməti 3059.46 manat olan (18 ay x 169.97 manat + 0 manat ilkin ödəniş) Apple Watch 9 45MM qol saatı 2 ədəd üçün ümumilikdə 3313.31 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, iddiaçı məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir.
9. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 448.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 119.1 və 4.1-ci maddələrinə istinad etmişdir.
10. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı MMC məhkəmə ərizə ünvanlayaraq mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
12. Cavabdeh məhkəmə hazırlıq iclasında izahat verərək, iddia tələbini qəbul edərək, ekspertiza keçirilməsinə etiraz etmədiyini bildirmişdir.
13. Cavabdehə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
16. İddia qismən əsaslıdır.
17. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli nisyə alğısatqı müqavilələri bağlanılmışdır. Müqavilənin məzmununda da göstərildiyi kimi alıcı Kamran İsabəyli İddiaçıdan hissə-hissə ödəniş şərti ilə İMEİ kodu **********11321 İphone 15 Pro Max markalı telefon, İMEİ kodu **********85640 Samsung Galaxy S24 markalı telefon və Apple Watch 9 45MM qol saatı 2 ədəd əldə etmişdir.
18. Həmin müqavilələr etibarlıdır. Müqavilələrə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilələrin predmeti qismində avadanlıqları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsulların dəyərini hissəhissə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarından aydın olur ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malları əldə etməsinə, həmin malların dəyərini hissəhissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malların dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır.
19. İş materialları əsasında müəyyən edilmişdir ki, cavabdehin müqavilələr üzrə qalıq borcun məbləği 3324.06 manat, 2666.20 manat və 2548.70 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin borc öhdəliyi aşkar olduğundan və cavabdeh tərəfindən öhdəlyii icra etməsinə dair sübutları məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsas borcun tutulması hissəsində həmin hissədə təmin edilməlidir.
20. Həmçinin məhkəmə iddia tələbinin cərimə borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 18 iyun 2024-cü il tarixli, 16 may 2024-cü il tarixli və 12 aprel 2024-cü il tarixli müqavilələrə Əlavələrin 2-ci bəndinə əsasən, “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmdə peniya ödəyir.
21. Cavabdehin ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək cərimə məbləğini birinci müqavilə üzrə 997.22 manat, ikinci müqavilə üzrə 799.86 manat və üçüncü müqavilə üzrə 764.61 manat məbləğində müəyyən etmişdir.
22. Lakin məhkəmə hər iki iş üzrə cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, həm tərəflərin razılığı ilə cərimə məbləğləri ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək müəyyən edildiyindən, həmçinin hesablanmış cərimə məbləğləri əsas borc məbləğlərinə mütənasib olmadığından azaldılmalı və xx.xx.2024-ci il tarixli müqavilə üzrə 300 manat, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 200 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 200 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
23. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə innovativ layihələr mərkəzi rüsumu tələbinə dair hissədə təmin edilməməlidir. Belə ki, iddia ərizəsində qeyd edilmiş telefon markaları üçün həmin İMEİ kodu üzrə İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6+23.6 manat rüsumun iddiaçı tərəfindən ödənildiyini təsdiq edən mötəbər sübut əlavə edilməmişdir. Məhkəmə xərcləri
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 123.44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia tələbi qismən təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğundan, ödənilmiş tələblərə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 110.39 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə
26. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18 iyun 2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********11321 İphone 15 Pro max markalı telefon üçün 3324.06 manat əsas borc və 300 manat cərimə borcu, 16 may 2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********85640 Samsung Galaxy S24 markalı telefon üçün 2666.20 manat əsas borc və 100 manat cərimə borcu, 12 aprel 2024-cü il tarixli müqaviləyə əsasən, Apple Watch 9 45 MM qol saatı 2 ədəd üçün 2548.70 manat əsas borc və 100 manat cərimə borcu olmaqla, ümumilikdə 9038.96 manat məbləğində pul vəsaiti və 110.39 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir
27. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 18 iyun 2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********11321 İphone 15 Pro max markalı telefon üçün 3324.06 manat əsas borc və 300 manat cərimə borcu, 16 may 2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********85640 Samsung Galaxy S24 markalı telefon üçün 2666.20 manat əsas borc və 100 manat cərimə borcu, 12 aprel 2024-cü il tarixli müqaviləyə əsasən, Apple Watch 9 45 MM qol saatı 2 ədəd üçün 2548.70 manat əsas borc və 100 manat cərimə borcu olmaqla, ümumilikdə 9038.96 manat məbləğində pul vəsaiti və 110.39 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova