Məhkəmə qərarları › İş №e-2(002)-105/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-105/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-105/2023 31.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş ziyana görə 19.837 manat 95 qəpik sığorta ödənişinin, 149 manat 51 qəpik dövlət rüsumunun və 40 qəpik bank xidməti xərcinin Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan **-JU-*** dövlət qeydiyyat nişanlı, «BMC Procity 12M» markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış **-JX-*** dövlət qeydiyyat nişanlı «İveco Urbanway» markalı avtonəqliyyat vasitəsi ilə xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdə TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən müqavilə üzrə öhdəlikləri əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərər çəkmiş avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **- JX-*** dövlət qeydiyyat nişanlı «İveco Urbanway» markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 16.811 manat 82 qəpik, təmir edildiyi təqdirdə əlavə xərc (ƏDV) 3.026 manat 13 qəpik müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən zərər çəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 19.837 manat 95 qəpik məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Hesab edirlər ki, "xxxx" ASC tərəfindən sığortalıya ödənilmiş qalıq məbləği olan 19.837 manat 95 qəpik vəsaitin subroqasiya qaydasında Cavabdeh subroqasiya qaydasında tutulmalıdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, «İveco Urbanway» markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 19 aprel 2020ci il tarixli sığorta müqaviləsinə əsasən "xxxx" ASC-də «Avtonəqliyyat vasitələrinin tam sığortası» növü üzrə sığortalanmışdır. Müqavilə 12 ay müddətinə - xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək bağlanmışdır. Sığorta müddətində - 19 aprel 2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 11:00-da Bakı şəhərində "xxxx" MMC-nin həyətində «BMC Procity 12M» markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən ara məsafəsi qaydalarını pozmuş, nəticədə «İveco Urbanway» markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuş, həmin avtomobilə zərər vurmuşdur. Suraxanı RPİ YPX-nin xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. İnzibati xəta törədən Cavabdeh barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, eləcə də barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş zərər aktında qeyd olunmuşdur ki, «İveco Urbanway» markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 16.811 manat 82 qəpik, təmir edildiyi təqdirdə əlavə xərc (ƏDV) 3.026 manat 13 qəpik təşkil edir. Zərər çəkənə 19.837 manat 95 qəpik məbləğində sığorta ödənişi edilmişdir. Sığorta ödənişi "xxxx" MMC tərəfindən tərtib edilmiş yuxarıda qeyd edilən zərər aktına, sığorta ödənişi ilə bağlı xx.xx.2020-ci il tarixli akta əsasən, müvafiq ödəniş tapşırığı ilə köçürülmüşdür. Göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir və iddiaçının subroqasiya qaydasında tələb hüququ yaranmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2022-ci il tarixli, 9/7595 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı «İveco Urbanway» markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərci hadisə baş verən tarixə 16403.0 manat, avtonəqliyyat vasitəsinin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12410.0 manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2023-ci il tarixli, 9/868 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı «İveco Urbanway» markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərci hadisə baş verən tarixə 19355.0 manat, avtonəqliyyat vasitəsinin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14644.0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 21ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Cavabdeh tərəfindən mülki hüquq pozuntusu törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan avtomobili idarə edərkən mülki hüquq pozuntusu törətmişdir. Bu səbəbdən, o, iddiaçı qarşısında sığorta ödənişi və həmin ödənişin tələb edilməsi ilə əlaqədar çəkilən xərclər həddində cavabdehlik daşıyır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 149 manat 51 qəpik dövlət rüsumu, 40 qəpik bank xidməti haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 19355.0 manat sığorta ödənişi, bundan dəyişilməli hissələrin dəyəri 15003,0 manat, təmir bərpa işlərinin dəyəri - 1400,0 manat ƏDV 18% - 2952,0 manat 149 manat 51 qəpik dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş 02 may 2023-ci il tarixli, 9/868 saylı ekspert rəyinə əsasən "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı «İveco Urbanway» markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərci hadisə baş verən tarixə 19355.0 manat, bundan dəyişilməli hissələrin qiyməti - 15003,0 manat, təmir bərpa işlərinin qiyməti - 1400,0 manat ƏDV 18% - 2952,0 manat həddində olduğundan bundan artıq məbləğdə pul vəsaiti cavabdehdən tutula bilməz. Digər tərəfdən əvvəlki ekspert rəyi ilə əlavə dəyər vergisi (ƏDV) ümumiyyətlə nəzərə alınmadığından həmin hissədə ekspert rəyi əsaslı hesab edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, 150 manat ekspertiza xərci Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cəmi 19355.0 manat, bundan dəyişilməli hissələrin dəyəri - 15003,0 manat, təmir bərpa işlərinin dəyəri - 1400,0 manat, ƏDV 18% - 2952,0 manat və 149 manat 51 qəpik dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. 150 manat ekspertiza xərci Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba tutularaq ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar