Məhkəmə qərarları › İş №e-2(002)-1090/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1090/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1090/2023 10.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlu, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh və Zamin qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada öhdəliklərinin yerinə yetirməməsi nəticəsində yaranmış 866,51 ABŞ dolları əsas, 955,42 ABŞ dolları lizinq mükafatı, cəmi 1821,93 ABŞ dolları borcu və 51 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeharasında bağlanmış xx.xx.2014-cü il tarixli 1990T/14/B saylı X1 Müqaviləsinə əsasən "xxxx" Lizinq Şirkəti QSC təsviri bu müqavilədə göstərilən XCMG ZL 50G markalı frontal yükləyicini öz mülkiyyətinə əldə edərək, onu lizinq alanın istifadəsinə vermişdir. xx.xx.2015-ci il tarixli restrukturizasiya haqqında əlavə razılaşmaya əsasən Cavabdeh öz növbəsində 41485 ABŞ dolları məbləğində borcu illik 21% olmaqla, 36 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda X1 müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Zamin ilə arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. xx.xx.2014-cü il tarixli təhvil-təslim aktı ilə lizinq obyekti olan XCMG ZL 50G markalı frontal yükləyicini Cavabdeh təhvil verilmişdir. Cavabdehlər Lizinq Müqaviləsinə 1 saylı Əlavədə (lizinq ödənişləri qrafiki) göstərildiyi kimi, mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu məbləği ödəməmiş və bununla da öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Bundan sonra xx.xx.2015-ci il tarixdə lizinq obyekti "xxxx" Lizinq Şirkəti QSC-yə təhvil verilmişdir. Nəticədə cavabdehlərin X1 Müqaviləsi üzrə lizinq obyekti təhvil verilən tarixə kimi öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyinə görə xx.xx.2015-ci il tarixə 866,51 ABŞ dolları əsas, 955,42 ABŞ dollarılizinq mükafatı, cəmi 1821,93 ABŞ dolları borcu yaranmışdır Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1990T/14/B saylı X1 Müqaviləsinə əsasən "xxxx" Lizinq Şirkəti QSC təsviri bu müqavilədə göstərilən XCMG ZL 50G markalı frontal yükləyicini öz mülkiyyətinə əldə edərək, onu lizinq alanın istifadəsinə vermişdir. xx.xx.2015-ci il tarixli restrukturizasiya haqqında əlavə razılaşmaya əsasən Cavabdeh öz növbəsində 41485 ABŞ dolları məbləğində borcu illik 21% olmaqla, 36 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 1990T/14/B saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən əşyaya görə borcu 866.51 ABŞ dolları əsas, 955.42 ABŞ dolları lizinq mükafatı təşkil edir. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında malın nisyə satış müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı əşyaları alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-5.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən bildiriş və iddia ərizəsinin surəti qəbul edilsə də, onun tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən borca dair maliyyə arayışlarını əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddia tələbinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 45,90 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, həmçinin cavabdeh iddia ərizəsini lazımi qaydada almasına baxmayaraq, məhkəməyə onun tərəfindən heç bir etiraz daxil olmadığını, habelə iddiaçının tələbinin aşkar və əsaslandırılmış olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdehlər Cavabdeh müştərək qaydada öhdəliklərinin yerinə yetirməməsi nəticəsində yaranmış 866,51 ABŞ dolları əsas, 955,42 ABŞ dolları lizinq mükafatı, cəmi 1821,93 ABŞ dolları borcu və 51 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284 -6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh müştərək qaydada öhdəliklərinin yerinə yetirməməsi nəticəsində yaranmış 866,51 ABŞ dolları əsas, 955,42 ABŞ dolları lizinq mükafatı, cəmi 1821,93 ABŞ dolları borcu və 51 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar