Məhkəmə qərarları › İş №e-2(002)-1168/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1168/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1168/2023 18.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2021-ci il tarixli, 10/21 nömrəli nisyə alqı-satqı müqaviləsinin və onun tərkib hissəsi olan Əlavəyə əsasən, İddiaçı MMC Cavabdeh2 4660 manat dəyərində 2020-ci il istehsallı, “SYM X Pro 125cc” markalı, Qara rəngli, LXMAEA303LXA34351 ban nömrəli nəqliyyat vasitəsini ilkin ödəniş 700 manat olmaqla, 12 ay müddətinə hər ay 330 manat hissəhissə ödəniş etmək şərtilə satmışdır.

2. 07.06.2021-ci il tarixli 10/21№-li girov müqaviləsinə əsasən, girov qoyan Cavabdeh2 girov saxlayan İddiaçı MMC qarşısında 01 saylı xx.xx.2021-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi 2020-ci il istehsallı, “SYM X Pro 125cc” markalı, Qara rəngli, LXMAEA303LXA34351 ban nömrəli nəqliyyat vasitəsini girov kimi təqdim etmişdir.

3. Daşınar əmlakın yüklülüyünün dövlət reyestri haqqında xx.xx.2021-ci il tarixli, **********79 nömrəli bildirişə əsasən, SYM X Pro 125cc” markalı, Qara rəngli, LXMAEA303LXA34351 ban nömrəli nəqliyyat vasitəsinin girov qoyulması dövlət qeydiyyatına alınmışdır.

4. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 10/21 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür.

5. İşə əlavə edilmiş maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 10/21 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 393 gün gecikməsi olmaqla İddiaçı MMC-yə 2241 AZN əsas; 6721.53 AZN cərimə; gecikdirilmiş vaxt üçün illik 5% məbləğində 92.07 AZN borcu yaranmışdır.

6. İşə əlavə edilmiş pretenziya məktubundan görünür ki, Cavabdeh2 aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

7. İşə əlavə edilmiş pretenziya məktubundan görünür ki, Cavabdeh1 aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

İddia tələbi

8. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2241 (iki min iki yüz qırx bir) manat məbləğində əsas borcun, 224 (iki yüz iyirmi dörd) manat məbləğində cərimə məbləğinin, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 92 (doxsan iki) manat pulun və ödənilmiş 46 (qırx altı) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi, tələbin “SYM X PRO 125cc” markalı, Qara rəngli, LXMAEA303LXA34351 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməsi, həmin yönəldilmə nəticəsində əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “Satıcı” İddiaçı MMC ilə Cavabdeh2 arasında 10/21 saylı, xx.xx.2021-ci il tarixli Nisyə Alqı-Satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “Satıcı” xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin Əlavələrində (təhvil-təslim aktlarında) öz əksini tapmış nəqliyyat vasitələrini ona məxsus texniki sənədləri ilə birlikdə “Alıcı”nın mülkiyyətinə verir, “Alıcı” isə 4660 manat məbləğində nəqliyyat vasitəsinin dəyərini hazırkımüqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq “Satıcıya” ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin İddiaçı MMC ilə digər Cavabdeh1 arasında10/21 saylı, xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh1 “Satıcı” İddiaçı MMC qarşısında “Alıcı” Cavabdeh2 Nisyə Alqı-Satqı müqaviləsi üzrə faktiki ödəməli olduğu bütün pul məbləğləri, həmçinin aylıq ödənişlərin vaxtında icra edilməməsinə görə hesablanmış cərimə sanksiyaları, habelə nisyə alqı-satqı müqaviləsi üzrə “Alıcı”nın öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirilməməsisəbəbindən “Satıcı”ya dəymiş zərərin əvəzinin ödənilməsi üçün tam həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Tərəfindən Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Girov Müqaviləsinə əsasən 2020-ci il istehsallı, “SYM X Pro 125cc” markalı, Qara rəngli, LXMAEA303LXA34351ban nömrəli nəqliyyat vasitəsi cavabdeh tərəfindən İddiaçı MMC-yə girov kimi təqdim edilmiş və Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestr sistemində xx.xx.2021-ci il tarixində qeydiyyata alınaraq yüklülük müddəti uzadılmışdır. Həmin Müqavilənin 4.2-ci və 4.3-cü maddələrinə əsasən “Girov qoyan” öhdəliklərini yerinə yetirmədiyi təqdirdə nəqliyyat vasitəsinin təbii aşınması nəzərə alınaraq müvafiq günə müəyyənləşmiş qiymət həcmində “Girov saxlayan”ın girov predmetini satmaq və ya öz adına keçirmək yolu ilə ödənişi yönəltmək hüququ vardır. Belə ki, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehlərin Nisyə Alqı-Satqı Müqaviləsi üzrə əsas borcu 2241 (iki min iki yüz qırx bir) manat təşkil etməkdədir. Həmin Müqavilənin 2.2.5-ci bəndinə əsasən “Alıcı” ödənişi gecikdirdiyi və ya ümumiyyətlə ödəmədiyi təqdirdə “Satıcı”nın ilkin tələbi ilə nəqliyyat vasitəsini geri qaytarır və bununla bağlı “Satıcı”ya vurulmuş ziyan məbləğini tam şəkildə ödəməlidir. Lakin tərəflərindən cavabdehlərə dəfələrlə Alqı-Satqı müqaviləsi üzrə öhdəliklərin icrasına dair şifahi qaydada və xx.xx.2023-cü il tarixində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, bu günə qədər cavabdehlər ödənişləri ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadırlar. xx.xx.2021-ci il tarixli Nisyə Alqı-Satqı Müqaviləsinin 3.2ci bəndinə əsasən müəyyən edilmiş müddət ərzində nəqliyyat vasitəsinin dəyəri ödənilmədiyi təqdirdə “Alıcı” “Satıcı”ya ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 1 (bir) % məbləğində cərimə sanksiyası ödəyir. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 6721 (altı min yeddi yüz iyirmi bir) manat təşkiletsə də tərəfimizdən güzəşt tətbiq edilərək əsas borc məbləğinin 10 %-i həcmində,cəmi 224 manat dəbbə pulu tələb edilməkdədir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

10. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462, 385, 442, 448.1, 21-ci maddələrinə istinad etmişdir.

11. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək bildirdi ki, cavabdeh cəmi iki dəfə ödəniş etmiş, sonuncu ödənişi keçən il etmiş, cavabdehin öhdəliklərinin bitdiyi vaxt yəni 07 yanvar 2022-ci ilə kimi olan borcu tələb edirlər. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın tam həcmdə təmin edilməsini xahiş etdi.

13. Cavabdeh1 məhkəmənin hazırlıq iclasında iştirak edərək, hazırkı mübahisədə zamin olduğunu bildirmiş, əsas borclu Cavabdeh2 harada olması barədə onda məlumat olmadığını, sonuncunun ödəniş etməməsindən xəbəri olduğunu bildirmiş və mübahisənin həllinin məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir.

14. Cavadehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxışına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

17. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

18. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

19. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

20. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

21. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

22. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;

23. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

24. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

25. 269.3-cü maddəsinə əsasən, girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür.

26. 269.7-ci maddəsinə əsasən. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.

27. 271.1-ci maddəsinə əsasən, əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər.

28. 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

29. 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

30. 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər.

31. 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: 298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə.

32. 298.2-ci maddəsinə əsasən, bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır.

33. 298.3-cü maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur.

34. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

36. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

37. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

38. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

39. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

40. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

42. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

43. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

44. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

b) Əsaslandırma

44. İddia qismən əsaslıdır.

45. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, tərəflər arasındakı münasibətlər mahiyyət etibarilə əşyanın hissə-hissə ödənilməsi barədə nisyə alqı-satqı müqaviləsindən irəli gəlir. Belə ki, iddiaçı SYM X Pro 125cc” markalı, Qara rəngli, LXMAEA303LXA34351 ban nömrəli nəqliyyat vasitəsini Cavabdeh2 mülkiyyətinə vermək, cavabdeh isə əşyaların qiymətinin hissə-hissə ödənilməsi (nisyə satış) barədə razılığa gəliblər. Odur ki, hazırkı iddia tələbi müqavilədən irəli gələn tələbdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı MMC ilə Cavabdeh2 arasında girov, İddiaçı MMC ilə Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmışdır.

46. Tərəflər arasında bağlanmış həmin müqavilələr qanunvericiliyin tələblərinə əsasən etibarlıdır, etibarsızlığa səbəb olacaq hər hansı digər faktları tərəflər təqdim etməmiş və məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Göstərilənlərə əsasən, tərəflər arasında etibarlı müqavilə münasibəti mövcud olmuşdur.

47. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alğısatqı müqaviləsinə 01 saylı əlavəyə əsasən, alıcı ümumi dəyəri 4660 manat təşkil edən nəqliyyat vasitəsinin dəyərini cədvəldə müəyyən edilmiş qaydada ödəməli, satıcı isə hissəvi ödənişlər ilə bağlı ödənişin həyata keçirilməsini təsdiq edən sənədləri alıcıya təqdim etməlidir.

48. İşin halları və iş materiallarına əlavə edilmiş maliyyə arayışı ilə təsdiq edilmişdir ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan nəqliyyat vasitəsini cavabdehə təhvil versə də, cavabdeh müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində nəqliyyat vasitəsini əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, ödəməkdən yayınmışdır. İddiaçı cavabdehin müqavilə üzrə öhdəliyi icra etməməsi barədə maliyyə arayışı təqdim etmiş, həmin sənədə əsasən cavabdeh ilkin ödəniş olaraq 700 manat, xx.xx.2021-ci il tarixdə 330 manat, xx.xx.2022-ci il tarixdə 1389 manat olmaqla cəmi 2419 manat ödəniş etmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə ödənişin həyata keçirilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır.

49. Bundan başqa Cavabdeh1 ilə iddiaçı arasında həmin öhdəliklərin icrasının təminatı qismində zaminlik müqaviləsi bağlanılmışdır ki, bununla da onun digər cavabdehin öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmamasına görə iddiaçı qarşısında birgə məsuliyyəti yaranmışdır. Nəticədə cavabdehlərin alğı-satqı müqaviləsi üzrə 2241 manat əsas borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olmaqla təmin edilməlidir.

50. Məhkəmə tələbin cərimə borcu hissəsi ilə bağlı qeyd edir ki, alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən tərəflər razılığa gəlmişlər ki, nəqliyyat vasitəsinin dəyərinin həmin cədvələ uyğun ödənilməməsi tərəflər arasında bağlanmış müqavilənin tələbinə görə cərimə sanskiyasının hesablanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən işin hallarını nəzərə alınaraq, hesablanmış 224 manat cərimə (dəbbə pulu) məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 100 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, beləliklə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir.

51. İddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində pulun cavabdehlərdən tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, gecikməyə görə hesablanmış 92 manat məbləğində faiz borcunun cavabdehlərdən tutulması hissəsində də tələb əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

52. Həmçinin iddiaçı məhkəmədən tələbin girov qoyulmuş cavabdehə məxsus nəqliyyat vasitəsinə (moped) yönəldilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı girov predmetinə tutma yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, həmin nəqliyyat vasitəsinin girov qoyulmasına dair müqavilə tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üçün bağlanmışdır və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Bu vəziyyətdə iddiaçı tutmanın girov predmetinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. (Mülki Məcəllənin 298.3-cü maddəsi).

53. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tutmanın girov predmetinə yönəldilməsi zamanı girov predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməsinə zərurət yoxdur. Çünki, hazırkı iş üzrə girov müqaviləsinin predmetini moped təşkil etməklə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların siyahısı”na əsasən, rəsmi reyestrdə qeydə alınmalı olan əmlak növlərinə aid olmadığından tərəflər arasında ipoteka müqaviləsi bağlanmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulandan fərqli olaraq yalnız girov predmeti olan əşyalarla bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsində belə bir tələb nəzərdə tutulmamışdır. Eyni zamanda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinin ilkin satış qiymətinin müqavilədə göstərilməli olduğu birbaşa qeyd edilsə də (maddə 10.5) girov müqavilələrində ilkin satış qiymətinin müqavilədə göstərilməli olduğu Azərbaycan Respublikasının Mülki Məcəlləsində (maddə 280.2) nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə hazırkı iş üzrə girov predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə zərurət görmür və hesab edir ki, bu məsələ qətnamənin icrası mərhələsində həll olunmalıdır.

Məhkəmə xərcləri

54. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia tələbi qismən təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğundan, ödənilmiş tələblərə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 44.33 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə

55. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2241 manat məbləğində əsas borc, 100 manat cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 92 manat borc olmaqla, cəmi 2433 manat pul vəsaiti və 44.33 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh2 məxsus 2020-ci il istehsallı, “SYM X Pro 125cc” markalı, Qara rəngli, LXMAEA303LXA34351 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməli, həmin yönəldilmə nəticəsində əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə qalıq borc cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

59. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2241 (iki min iki yüz qırx bir) manat məbləğində əsas borc, 100 (yüz) manat məbləğində cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmış 92 (doxsan iki) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2433 (iki min dörd yüz otuz üç) manat pul vəsaiti və 44.33 (qırx dörd manat otuz üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-in xeyrinə ödənilsin. Tutma Cavabdeh2 məxsus 2020-ci il istehsallı, “SYM X Pro 125cc” markalı, Qara rəngli, LXMAEA303LXA34351 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilsin. Girov qoyulmuş əşyanın satışından götürülən məbləğ borc məbləğini ödəməzsə, qalıq borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar