Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1398/2023 22.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ilə xx.xx.2022-ci il tarixdə bağlanmış VİP 18446 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixdə bağlanmış VİP 18446 saylı zaminlik müqavilələri üzrə ödənilməmiş 615.8 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%-i həcmində 154 ABŞ dolları cərimə, cəmi 769.8 ABŞ dolları və 34 manat dövlət rüsumu pulun İddiaçı MMC-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, cavabdeh X1 ilə xx.xx.2022-ci il tarixdə bağlanmış VİP 18446 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 1008 ABŞ dolları olan (ümumi məbləğ 1008 ABŞ dolları) “Apple İphone 12 mini Black 64 GB” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır.Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh xx.xx.2022-ci il tarixdə 162.94 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 144.94 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 84.32 ABŞ dolları ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununlada müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə bağlanmış VİP 18446 saylı nisyə alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixdə zamin durmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, VİP 18446 nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı müqavilə üzrə göstərilmiş məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib məhsulun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının məzmunundan aydın olur ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə “Apple İphone 12 mini Black 64 GB” təhvil almışdır. Ödəniş cədvəlinin məzmunundan görünür ki, alıcı Cavabdeh2 12 ay müddətinə aylıq 84 ABŞ dolları məbləğində ödəniş etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli maliyyə arayışının məzmununa görə, Cavabdeh2 və Cavabdeh1 İddiaçı MMC-yə alğı-satqı müqaviləsi üzrə əsas borcunun qalığı 615.8 ABŞ dollar, 154 ABŞ dolları cərimənin borcu olmaqla 769.8 ABŞ dolları məbləğində mövcuddur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin məzmunundan aydın olur ki, Cavabdeh1 zamin qismində çıxış edərək, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməsinə görə borcalan şəxslə birlikdə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlığın məzmunundan görünür ki, X1 və Cavabdeh1 ödənilməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunması bildirilmişdir. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, tərəflər arasında bağlanmış müqavilə mahiyyət etibarilə pərakəndə nisyə (hissə-hissə) alqısatqı müqaviləsidir, həmin müqavilə etibarlıdır. Ona görə də, hazırkı mübahisə üzrə iddiaçının tələbininə uyğun gələn qanuni əsas kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti qismində “Apple İphone 12 mini Black 64 GB” çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən telefonu cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən 12 ay müddətinə aylıq 84 ABŞ dolları ödəməklə malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan avadanlığı cavabdehə təhvil versə də, cavabdeh müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. Həmçinin, iş materiallarından görünür ki, həmin kredit müqaviləsi üzrə zamin qismində çıxış edən digər Cavabdeh1 müqavilə üzrə borc öhdəliyinin vaxtında və lazımi qaydada icra olunmasına dair birgə məsuliyyət daşıması ilə bağlı öhdəlik götürmüşdür. Hazırda cavabdeh alğı-satqı müqaviləsi üzrə 615.8 ABŞ dolları qalıq borcu yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın əsas borca hesablanmış 154 ABŞ dolları cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 50 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalı, beləliklə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 34 manat məbləğində dövlət rüsumunun 31.32 manat məbləğində olan hissəsi (iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq) cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 615.8 ABŞ dolları məbləğində əsas borc, 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 665.8 ABŞ dolları borc və 31.32 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, VİP 18446 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 615.8 ABŞ dolları məbləğində əsas borc, 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 665.8 ABŞ dolları borc və 31.32 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə, Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №e-2(002)-1398/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1398/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver