Məhkəmə qərarları › İş №e-2(002)-1457/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1457/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1457/2023 05.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, ********* saylı xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 596,9 manat əsas borcun, 89,5 manat cərimənin, cəmi 686,4 manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Samsung” markalı telefona və aksesuara görə ödəniş cədvəli üzrə hər ay 60 manat olmaqla, cəmi 716,97 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, qalıq qalmış 596,9 manat borcu qaytarmamışdır. Bununla da, qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 895 manat təşkil edir, lakin cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 895 manat təşkil etdiyi halda, humanizm prinsiplərinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı təşkilat tərəfindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 89,5 manat İddiaçınə ödənilməlidir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. İddiaçı nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bununla yanaşı, iddiaçı təşkilatın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 xx.xx.2023cü il tarixli məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, cavabdeh öz etiraz ərizəsində mobil telefonu qızıl zəmanətlə əldə etdiyini bildirsə də, həmin telefon standart zəmanət talonu ilə əldə edilmişdir və həmin zəmanət talonuna əsasən zəmanətli təmir yalnız istehsalçının günahından baş vermiş qüsurlara aid edilir. HHP35987 saylı texniki rəyə əsasən, müştəri Cavabdeh məxsus “Samsung” markalı telefonda mexaniki təsir izləri aşkar edilmişdir, telefon aparatında yaranmış nasazlıq istifadəçinin təqsiri üzündəndir. Texniki rəydən də aydın görünür ki, telefonda nasazlıq istifadəçinin təqsiri üzündən yaranmışdır, bu hal zəmanətə daxil deyildir, ona görə də cavabdeh telefonunu ödəniş əsasında istədiyi zaman təmir etdirə bilər, lakin o, borcunu əsassız olaraq ödəmir. Ona görə də iddia təmin edilməlidir. Cavabdeh dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla yanaşı, cavabdeh xx.xx.2023-cü i tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddia tələbi ilə razı olmadığını bildirmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, əldə etdiyi mobil telefonda ciddi problemlər yaranmış və o, telefonu cavabdehin texniki zəmanət şöbəsinə təqdim etmişdir. Telefon alınarkən ona bildirilmişdir ki, telefonda hər hansı bir problem yaranarsa, "Qızıl zəmanət" əsasında telefon tam təmir ediləcək və təmiri mümkün olmazsa başqa telefonla dəyişdirilib ona qaytarılacaqdır. Lakin o, həmin telefonu texniki servis xidmətinə təqdim etsə də, telefonun təmiri mümkünsüz olmuş və onda zavod qüsuru olduğu müəyyən olunmuşdur. Əfsuslar olsun ki, bu günə kimi də həmin telefon "xxxx" MMC-də qalmaqdadır. Buna baxmayaraq "xxxx" MMC ona qarşı əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh “Samsung” markalı telefonu və aksesuarı 12 ay müddətinə hər ay 60 manat (sonuncu ay 56,97 manat) hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin müqavilə üzrə 596,9 manat məbləğində ödənilməmiş əsas borcu və 895 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli satış üzrə müştəri Cavabdeh təqdim edilmiş zəmanət talonunun surətindən görünür ki, zəmanətli təmir yalnız istehsalçının günahından baş vermiş qüsurlara aid edilir. Qüsurun istehsalçı tərəfindən baş verib-verməməsi yalnız İrşad Electronics şirkətinin, şirkətlərin avtorizə olunmuş servis (ASM) mərkəzinin mütəxəssisləri və ya ixtisaslı mütəxəssislər tərəfindən təsdiq edilə bilər. Zəmanət şərtlərinin 4-cü bəndinə əsasən, istifadə nəticəsində yaranmış mexaniki və fiziki zədə zamanı (çat, sınıq, batıq, əyilmə, cızıq və s.) zəmanət verilmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müştəri müraciətinin surətindən görünür ki, müştəri Cavabdeh “Samsung” markalı telefonu həmin tarixdə İddiaçı MMC-nin servis mərkəzinə təqdim etmişdir, məhsulun vəziyyəti: karkasda əzik, arxa qapaqda batıq, cızıqlar var, zəmanət: standart. İş materiallarında olan HHP35987 saylı texniki rəydən görünür ki, müştəri Cavabdeh məxsus “Samsung” markalı telefonda mexaniki təsir izləri aşkar edilmişdir. Təqdim olunmuş telefon aparatında yaranmış nasazlıq istifadəçinin təqsiri üzündəndir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqaviləsidir. Ona görə də həmin müqavilə barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 448.1ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçı təşkilatdan aldığı əşyalara (“Samsung” markalı telefona və aksesuara) görə qalıq borc məbləğini iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də əsas borc tələbi barədə iddia əsaslı hesab olunmalıdır. Məhkəmə cavabdehin etirazında qeyd olunan hallarla bağlı qeyd edir ki, xx.xx.2022-ci il tarixli zəmanət talonuna, xx.xx.2022-ci il tarixli müştəri müraciətinə, HHP35987 saylı texniki rəyə əsasən, cavabdehə standart zəmanət təqdim edilmiş, cavabdehə məxsus “Samsung” markalı telefon alınandan təqribən üç ay sonra servisə təqdim edilərkən onda mexaniki təsir izləri aşkar edilmiş və telefon aparatında yaranmış nasazlığın istifadəçinin təqsiri üzündən baş verdiyi müəyyən edilmişdir. Zəmanət talonuna görə zəmanətli təmir yalnız istehsalçının günahından baş vermiş qüsurlara aid edilir, zəmanət şərtlərinin 4-cü bəndinə əsasən, istifadə nəticəsində yaranmış mexaniki və fiziki zədə zamanı (çat, sınıq, batıq, əyilmə, cızıq və s.) zəmanət verilmir. Ona görə də əşyada qüsurun iddiaçı tərəfindən aradan qaldırılmalı olduğu barədə cavabdehin etirazı əsassızdır və əşyanın dəyərinin ödənilməsindən imtinaya əsas vermir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, cərimə hissəsində iddia əsassız hesab olunmalıdır. Belə ki, xx.xx.2022-ci il tarixli müştəri müraciətindən sonra satıcı tərəfindən alıcıya qüsurun zəmanətlə əhatə olunmadığı və satıcı tərəfindən ödənişsiz aradan qaldırılmasının mümkün olmadığı barədə hər hansı bildirişin ünvanlanması barədə sübut təqdim edilməmiş, əşyanın satıcının servisində olduğu müddət ərzində əsassız olaraq cərimə hesablanmışdır. Ona görə də cərimə hissəsində iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən, öhdəlikdən bu və ya başqa məlumatı almaq hüququ irəli gələ bilər, məlumat verilməsi onun öhdəliyin məzmununu müəyyənləşdirmək üçün əhəmiyyətli olduğu və kontragentin belə məlumatı öz hüquqlarına xələl gətirmədən verə biləcəyi halda da təmin edilməlidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 596,9 manat məbləğində əsas borc və 26 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar