Məhkəmə qərarları › İş №e-2(002)-1502/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1502/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1502/2022 29.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair sadaələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Apple MacBook Pro Komputer üçün 4979 (dörd min doqquz yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 842 (səkkiz yüz qırx iki) manat cərimə. xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********27831 Samsung Galaxy A21s markalı telefon üçün 190.4 (yüz doxsan manat 40 qəpik) manat ödənilməmiş hissə, 58.6 (əlli səkkiz manat 60 qəpik) manat cərimə. Ümumilikdə 6070 manat borc, 80.7 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 918 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2020ci il tarixli müqaviləsinə əsasən, Apple MacBook Pro Komputer, İMEİ kodu **********27831 Samsung Galaxy A21s markalı telefon, almış və nəticədə 6070 (altı min yetmiş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 6256 (altı min iki yüz əlli altı) manat (24 ay x 216.5 manat + 1060 manat ilkin ödəniş Apple MacBook Pro Komputer üçün ümumilikdə, 5821 (beş min səkkiz yüz iyirmi bir) manat olmaqla ondan, 4979 (dörd min doqquz yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 842 (səkkiz yüz qırx iki) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 472.8 (dörd yüz yetmiş iki manat 80 qəpik) manat (12 ay x 39.4 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********27831 Samsung Galaxy A21s markalı telefon üçün ümumilikdə, 249 (iki yüz qırx doqquz) manat olmaqla ondan, 190.4 (yüz doxsan manat 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 58.6 (əlli səkkiz manat 60 qəpik) manat cərimə;cavabdehin cəmi ödədiyi məbləğ 1559.4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 21158026 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı İMEİ kodu **********27831 Samsung Galaxy A21s markalı məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 39.4 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh İMEİ kodu **********27831 Samsung Galaxy A21s markalı avadanlığı təhvil almışdır. iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 22293694 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı Apple MacBook Pro Komputer - markalı məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 24 ay müddətinə, aylıq 216.5 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh Apple MacBook Pro Komputer - markalı avadanlığı təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə aidiyyati üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borca ödənilməmiş 190.4 manat və 58.6 manat cərimə olmaqla, ümumilikdə 249 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 4979 manat və 842 manat cərimə olmaqla, ümumilikdə 5821 manat, cəmi 6070 manat ödənilməmiş borcu mövcuddur. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020ci il, xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilələri bağlanılmışdır. Həmin müqavilələrin predmeti qismində Apple MacBook Pro Komputer, İMEİ kodu **********27831 Samsung Galaxy A21s markalı telefon çıxış etmişdir. Müqavilələrə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə xx.xx.2020-ci il muqaviləsi üzrə 12 ay müddətinə, aylıq 39.4 AZN məbləğində, xx.xx.2021-ci il muqaviləsi üzrə 24 ay müddətinə, aylıq 216.5 AZN məbləğində ödənişlər etməklə avadanlıqların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilələr üzrə öz öhdəliklərini icra edərək, alqı-satqı müqavilələrinin predmeti olan avadanlıqları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilələr üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqları əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malların dəyərini vaxtında və lazımi qaydada ödəməkdən yayınmışdır. Bununla da, cavabdehin iddiaçı qarşısında müvafiq müqavilələr üzrə borc öhdəliyi və buna görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə cərimə borcunun tutulması hissəsində münasibətdə hesab edir ki, iddia tələbinin borca görə hesablanmış cərimə borcunun tərəflər arasında qarşılıqlı razılıq əsasında bağlanılmış müqavilənin şərtlərinə əsasən hesablanmış cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olmaqla, ədalətli olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 80.7 manat məbləğində dövlət rüsumu ödəmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 80.7 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçı tərəfindən müqavilə üzrə hesablanmış əsas borc və cərimə borclarını ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borca ödənilməmiş 190.4 manat və 58.6 manat cərimə borcu olmaqla, ümumilikdə 249 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 4979 manat əsas borc və 842 manat cərimə borcu olmaqla, cəmi 5821 manat məbləğind borc, ümumilikdə cəmi 6070 manat ödənilməmiş borc və ödənilmiş 80.7 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə əsas borca ödənilməmiş 190.4 manat və 58.6 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 4979 manat əsas borc və 842 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6070 manat ödənilməmiş borc və ödənilmiş 80.7 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar