Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1562/2025 28.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Novruzova (Quliyeva) Gülşad Kərim qızına və Bakı şəhəri 8 saylı notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbləri barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Novruzova (Quliyeva) Gülşad Kərim qızına və Bakı şəhəri 8 saylı notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbləri barədə iddia ərizəsi, daha sonra iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Novruzova (Quliyeva) Gülşad Kərim qızına 8 saylı DNK tərəfindən verilmiş 4“V”-1-30 reyestr nömrəli, xx.xx.1993-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, həmin şəhadətnamə əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi, anası X2 miras qalmış Qaradağ rayonu, ünvan 2-ə dair ona vərəsəlik şəhadətnaməsinin verilməsinin 8 saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Nizami küçəsi, ev 23, 18 saylı mənzil iddiaçının anası X8 məxsus olmuş, anasının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Mənzil 3 otaqdan ibarət olmaqla sahəsi 46,05 kv.m-dən ibarətdir. İddiaçının anası xx.xx.1992-ci il tarixində vəfat etmişdir. Mənzildə iddiaçı, bacısı Novruzova Nərgiz, bacısı Novruzova (Quliyeva) Gülşad, bacısı oğlu Quliyev Anar, bacısı qızı Quliyeva Sara qeydiyyatdadırlar. Bacısı Gülşad 1980-cı ildə ailə qurmuş, ailə qurduqdan sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 3, SD135-ə gəlin köçmüş və həmin ünvanda həyat yoldaşı, övladları ilə bu günədək birlikdə yaşayır. Bu yaxınlarda iddiaçının bacısı Novruzova Nərgiz bacısı Novruzova (Quliyeva) Gülşadı və ailəsini pasport qeydiyyatından çıxarmaq üçün məhkəməyə iddia ərizəsi yazmaq məqsədilə vəkilə müraciət etdikdə məlum olmuşdur ki, mübahisəli ev anasının deyil, bacısı Novruzova (Quliyeva) Gülşadın adınadır. DƏDRX-nə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, cavabdeh, yəni Novruzova (Quliyeva) Gülşad 8 saylı DNK-da 4”V”-1-30 reyestr nömrəli 12 mart 1993-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən mənzili öz adına qeydiyyatdan keçirmişdir və hazırda mülkiyyətindədir. Onu da qeyd etmək istəyir ki, Novruzova (Quliyeva) Gülşad saxtakarlıqla aldığı çıxarışı özündə saxlamış, MKİS-ə təqdim etməmişdir. Bu səbəbdən də həm onlar, həm də MKİS belə hesab etmişdir ki, ev ananın adında qalmışdır. Bu günədək evlə bağlı kommunal ödənişlər iddiaçının anasının adına onlar tərəfindən ödənilmişdir. İddiaçı anası X6 qanuni vərəsəsidir, mübahisəli mənzildə qeydiyyatdadır, lakin bacısı Novruzova Nərgiz həmin mənzildə anasının sağlığından yaşadığı üçün iddiaçı ona mane olmamışdır, anasına qulluq etmiş, onun dəfnində iştirak etmiş, kommunal xərclərin ödənilməsinə kömək etmiş, bacısı xəstə olduğu üçün mənzilin yaxşılaşdırılmasında ona kömək etmişdir. Bacısı Novruzova (Quliyeva) Gülşad Kərim qızı isə 1980-cı ildə X19 oğlu ilə nikah qeydiyyatından keçərək ailə qurmuş, ailə qurduqdan sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 3, SD135-ə gəlin köçmüşdür. Həmin vaxtdan cavabdeh Gülşad onlarla birlikdə yaşamamış, anasına qulluq etməmiş, anası vəfat edən zaman yanında olmamış, 1980-cı ildən bu günədək mübahisəli mənzildə yaşamamış, mirasın yaxşılaşdırılması üçün heç bir tədbir görməmişdir, formal qeydiyyatda qalmış, anası vəfat etdikdən sonra qanuni vərəsələr olduqları halda bunu notariusdan gizlətmiş, mirası qanunsuz olaraq saxtakarlıqla öz adına keçirmişdir. Anası vəfat edən kimi vərəsəlik açdırmış, miras əmlakı mənimsəmiş və qeydiyyat vəsiqəsi almışdır. Anası Sara vəfat etdikdən sonra onlar miras əmlakı qardaşları Novruzov Əzizin adına keçirmək istəmiş, hamı öz payından onun xeyrinə imtina etmiş, notariat ofisinə ərizə yazmış, lakin bacısı Gülşad onlara imtina ərizələrini təqdim etmələrini söyləyərək, həmin ərizələrlə notariat ofisinə gedib evi qardaşlarının adına xüsusi müllkiyyət kimi qeydiyyatdan keçirəcəyini bildirmişdir. Sonradan məlum olmuşdur ki, bacısı Gülşad bu işdə qərəzli olmuş, bacı və qardaşların adından özü saxta ərizələr yazmış və saxta imzalar edərək göstərmişdir ki, guya onlar miras əmlakdakı paylarından Gülşadın xeyrinə imtina etməklə paylarını Gülşada vermişlər. Onların imzaları Gülşada imzaları saxtalaşdırmaq üçün lazım imiş. Bu hal əvvəlki məhkəmə mübahisəsi zamanı ekspert rəyi ilə təsdiq edilmişdir. Bu səbəbdən iddaçı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbləri ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələblərinin təmin edilməsini xahiş edir. Cavabdeh Novruzova (Quliyeva) Gülşad Kərim qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia ərizəsinə yazılı etiraz və iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 23 nömrəli evin 18 nömrəli mənzili daşınmaz əmlakın dövlət reyestrində xx.xx.1990-cı ildə X6 adına ilkin qeydiyyatdan keçmişdiir. Sara Novruzova xx.xx.1992-ci ildə vəfat etmişdir. Onun ölümü ilə əlaqədar Bakı şəhəri 8 saylı DNK-da açılmış vərəsəlikdə qızı Cavabdeh1 mənzilə dair xx.xx.1993-cü ildə 4“V”- İ-30 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında xx.xx.1993-cü ildə Cavabdeh1 mənzilə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Mənzil hazırda da Cavabdeh1 mülkiyyətindədir. İddiaçı iddia ərizəsində göstərir ki, mübahisəli mənzildə qeydiyyatdadır, lakin bacısı Nərgiz həmin mənzildə anasının sağlığından yaşadığı üçün ona mane olmamışdır, anasına qulluq etmiş, onun dəfnində iştirak etmiş, bacısı Nərgiz xəstə olduğu üçün mənzilin yaxşılaşdırılmasında ona kömək etmişdir. İddiaçı həmin mənzildə qeydiyyatda deyil və anasının ölümü ərəfəsində, ölümündən sonra da qeydiyyatda olmamışdır və mənzildə yaşamamışdır. İddiaçı 1970-ci illərdə ailə həyatı qurmuş və ailəsi ilə birlikdə başqa ünvanlarda yaşamışdır. Vərəsəliyin açıldığı vaxt qüvvədə olmuş AR MM-nin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində götərilən gün hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə vərəsəlik açılan gündən 6 ay müddətində mirası faktiki idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. İstinad olunan maddi hüquq normasına görə vərəsə vərəsəlik açılan gündən 6 ay müddətində üç hərəkətdən hər hansı birini etdikdə - mirası faktiki idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə və ya vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Hazırkı işdə vərəsəlik miras qoyan Sara Novruzovanın ölümü ilə onun öldüyü gün, yəni xx.xx.1992-ci ildə açılmışdır. İddiaçı qanunla müəyyən edilmiş müddətdə - vərəsəlik açılan gündən 6 ay müddətində, yəni xx.xx.1992-ci ilədək mirası qəbul etmək üçün AR MM-nin 552-ci maddəsinin 2-ci hissəsində göstərilən hərəkətlərdən hər hansı birini etməmiş, yəni mirası qəbul etməmişdir. Qanunvericilikdə mirasın qəbulunun iki üsulu (formal və qeyri-formal) müəyyən edilmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı anasının ölümü ilə açılan vərəsəlikdə mirası qanunla müəyyən edilmiş müddətdə formal və ya qeyri-formal üsulla qəbul etməyib. Onun iddia ərizəsində göstərdikləri - guya mübahisəli mənzildə qeydiyyatda olması, bacısı Nərgizin həmin mənzildə anasının sağlığında yaşadığı üçün ona mane olmaması, anasına qulluq etməsi, onun dəfnində iştirak etməsi, bacısı Nərgiz xəstə olduğu üçün mənzilin yaxşılaşdırılmasında ona kömək etməsi vərəsənin mirası faktiki idarə etməyə başlaması və ya mirasa yiyələnməsi, yəni mirası qeyri-formal üsulla qəbul etməsi kimi qiymətləndirilə bilməz. İddiaçı müstəqil tələb irəli sürməyən İİİ şəxs kimi cəlb olunduğu iddiaçı Nərgiz Novruzovanın Cavabdeh1 qarşı eyni predmet və eyni əsaslarla qaldırdığı iddiaya dair mülki iş üzrə Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(102)-1884/2024 №-li qərarının 61-ci bəndində göstərilib ki, “... mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə iddiaçının mirası qanunla müəyyən edilmiş qaydada qəbul edibetmədiyi müəyyən edilməlidir. Başqa sözlə, vərəsələrdən birinin digər vərəsənin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı barədə tələb irəli sürə bilməsi üçün əvvəlcə özünün mirası qəbul etməsi təsdiq olunmalıdır. Əks hal, onun həmin iddianı qaldırmağa subyektiv hüququnun olmadığı nəticəsini əmələ gətirəcəkdir”. İddiaçı mirası qəbul etmədiyi üçün mirası qəbul etmiş vərəsə - Cavabdeh1 qarşı onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur və bu, iddianın rədd edilməsi üçün əsasdır. Bundan əlavə, bildirir ki, anası Sara Novruzova xx.xx.1992-ci ildə vəfat etdiyindən və həmin tarixdə onun ölümü ilə vərəsəliyin açılmasından xəbərdar olan İddiaçı mirası formal və qeyri-formal üsulla qəbul etməmişdir, 33 il sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş AR MM-nin 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) 3 il müəyyən edilmişdir. Bütün qeyd olunanların nəzərə alınaraq, iddia müddətinin tətbiq edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəmə baxışı iclasına təkrarən gəlməmiş, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Novruzova (Quliyeva) Gülşad Kərim qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Digər cavabdeh Bakı şəhəri 8 saylı notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Hazırki mülki iş üzrə iddiaçı tərəf iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə, cavabdeh tərəf isə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməsi barədə ərizə verdiyindən, bununla da, iddia ərizəsinin baxılmamış saxlanılması üçün qanunda nəzərdə tutulmuş şərtlər mövcud olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 184-185ci maddələrinə əsaslanaraq hesab edir ki, mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxıla bilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan X-MYU seriyalı 264395 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İV seriyalı 680358 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası X3, anası X9r. İş materiallarında olan xx.xx.1993-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 14 mart 1992-ci il tarixdə vəfat etmiş X6 ölümündən sonra Bakı şəhəri 8 saylı dövlət notariat kontorunda 22/93 nömrəli vərəsəlik işi açılmış, miras qoyanın vərəsəsi - qızı X7 miras əmlak-Bakı şəhəri, Qaradağ rayonu, Nizami küçəsi, ev 23, 18 saylı mənzil barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ünvan 2 X4 xüsusi mülkiyyətindədir və bu barədə 01 nömrəli reyestr kitabının 398 nömrəli vərəqində xx.xx.1993-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.1993-cü il tarixdə Bakı şəhəri, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə uyğun olaraq mülkiyyətçi X4 xx.xx.2007-ci il tarixli razılıq ərizəsi əsasında X1 qəsəbəsi, ünvan 2 ünvanında yerləşən evə xx.xx.2007-ci il tarixdə yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, vətəndaş İddiaçı xx.xx.1986-cı il tarixində V.Ələkbərov küçəsi, ev 1A, mənzil 23 ünvanında qeydiyyata alınmışdır. Lakin V.Ələkbərov küçəsi 1A binasına dair sərəncamlar təqdim edilən zaman mənzil nömrəsi dəyişdirilərək 34 adlandırılmışdır. Vətəndaş İddiaçı xx.xx.1986-cı il tarixindən bu günədək qeyd olunan ünvanda yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.1953-cü ildə anadan olmuş İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, V.Ələkbərov (keçmiş Promıslovaya) küçəsi, yat. 1A, mənzil 23-də, xx.xx.2015-ci il tarixdən hazırki vaxtadək ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının “iddiaçı X5 Cavabdeh1 qarşı mülki iş üzrə” xx.xx.2025-ci il tarixli 2(102)-277/2025 saylı Qərarından görünür ki, iddiaçı X10 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-4342/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan aydın olur ki, iddiaçı X10 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Novruzova (Quliyeva) Gülşad Kərim qızına 8 saylı DNK tərəfindən verilmiş 4“V”-1-30 reyestr nömrəli, xx.xx.1993-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, həmin şəhadətnamə əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi, cavabdehin vicdansız vərəsə kimi tanınması, mirasın qəbulu müddətinin ötürülməmiş hesab edilməsi, Qaradağ rayonu, ünvan 2-ə dair ona vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, İddiaçı həmin iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-4342/2024 nömrəli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Sonuncu qətnamədə məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırda iddiaçı doğulduğu vaxtdan bu günədək anasından miras qalmış mübahisəli mənzildə yaşadığını, xəstə olduğu vaxt anasına qulluq etdiyini, onu dəfn etdiyini bildirərək, tərəfindən mirasın qəbul edilməsini, lakin cavabdehin onun vərəsəliyini gizlətməklə və vərəsə olan digər bacı və qardaşlarının adından saxta ərizələr təqdim etməklə mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığını və mənzili öz adına qeydiyyatdan keçirdiyini bildirərək, mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsini, cavabdehin adına verilmiş şəhadətnamənin etibarsızlığını, mənzilə dair həmin şəhadətnamə əsasında verilmiş hüquqmüəyyənedici sənədin ləğv edilməsini və miras əmlaka dair onun adına şəhadətnamə verilməsini tələb edir. İş materiallarından müəyyən olunur ki, miras qoyan xx.xx.1992-ci il tarixdə ölmüş və onun birinci növbə vərəsələri qismində 8 övladı olmuşdur. Onlardan cavabdeh mirasın qəbul edilməsi barədə notariat orqanına ərizə ilə müraciət etmiş və müraciətində miras qoyanın digər vərəsələri kimi iddiaçı istisna olmaqla digər bacı və qardaşlarının adlarını qeyd etmişdir. Həmin bacı və qardaşların adından mirasdan cavabdehin xeyrinə imtina etmələri barədə notariat işinə ərizələr əlavə edilmiş və notariat orqanı tərəfindən xx.xx.1993-cü il tarixdə cavabdehin adına tam pay hüququ ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ilk növbədə iddiaçının mirası qanunla müəyyən edilmiş qaydada qəbul edib-etmədiyi müəyyən edilməlidir. Başqa sözlə, vərəsələrdən birinin digər vərəsənin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı barədə tələb irəli sürə bilməsi üçün əvvəlcə özünün mirası qəbul etməsi təsdiq olunmalıdır. Əks hal, onun həmin iddianı qaldırmağa subyektiv hüququnun olmadığı nəticəsini əmələ gətirəcəkdir. Kollegiya qeyd etmişdir ki, mirasın qəbulu institutu ilə bağlı mirasın açıldığı vaxt qüvvədə olan Mülki Məcəllənin tələblərinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Hazırda iddiaçı doğulduğu vaxtdan hal-hazıradək fasiləsiz olaraq mübahisəli mənzildə yaşadığını, xəstə olduğu vaxt anasına qulluq etdiyini, onu dəfn etdiyini bildirərək, miras əmlakı faktiki sahiblik yolu ilə qəbul etdiyini irəli sürür. Cavabdeh isə etiraz edərək, bildirir ki, iddiaçı anasının vəfat etdiyi vaxt mübahisəli mənzildə yaşamamış, 1998-ci ildə özünə məxsus başqa mənzili satdıqdan sonra həmin mənzildə yaşamağa başlamış, 2007-ci ildə mülkiyyətçi kimi onun razılıq ərizəsi əsasında mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Xəstə anasına qulluq etməsi barədə göstərdikləri həqiqətə uyğun deyil. Belə ki, analarının ona qulluq tələb edən xəstəliyi olmamış, Moskvada yol-nəqliyyat hadisəsi nəticəsində aldığı zədədən (şok, qan itirmə) vəfat etmişdir. Göründüyü kimi, iddiaçı mirasın faktiki və rəsmi qəbulu ilə bağlı qanunla müəyyən edilmiş 6 aylıq müddəti ötürmüşdür. Nəzərə alınmalıdır ki, şəxsin ona miras qalan mənzildə yaşaması, onu idarə etməsi və digər formada yiyələnməsi yalnız o halda həmin mirası qəbul etmək kimi qiymətləndirilə bilər ki, bu hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilmiş olsun. Bununla yanaşı, iş materiallarından görünür ki, cavabdeh həm də iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülmüşdür. Qüvvədən düşmüş Mülki Məcəllə ilə hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün üç illik ümumi müddət (iddia müddəti) müəyyən edilirdi və iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün birbaşa əsas hesab edilirdi. Qanun nəzərdə tuturdu ki, iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən, yəni şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Eyni zamanda, həmin Məcəllədə iddia müddəti tətbiq edilməyən hallar sırasında hazırkı kateqoriya tələblər nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara əsasən müəyyən edir ki, hazırda qüvvədə olan, cavabdehə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və qeydiyyat vəsiqəsinin qanuniliyinə ətraflı hüquqi qiymət verən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-4342/2024 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-277/2025 saylı qərarı ilə müəyyən edilən hallar hazırki mülki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, iş materiallarından, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan və Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı ümumiyyətlə başqa ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Onun vərəsəlik açılan gündən altı ay ərzində mirası qəbul etməsi barədə hər hansı mötəbər sübut isə məhkəməyə təqdim edilməmişdir. Halbuki, yuxarıda göstərilən məhkəmə aktlarında qeyd olunduğu kimi, ilk növbədə iddiaçının mirası qanunla müəyyən edilmiş qaydada qəbul edib-etmədiyi müəyyən edilməlidir. Başqa sözlə, vərəsələrdən birinin digər vərəsənin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı barədə tələb irəli sürə bilməsi üçün əvvəlcə özünün mirası qəbul etməsi təsdiq olunmalıdır. Əks hal, onun həmin iddianı qaldırmağa subyektiv hüququnun olmadığı nəticəsini əmələ gətirəcəkdir. Mirasın açıldığı vaxt qüvvədə olan Mülki Məcəllənin tələblərinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Digər tərəfdən, tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan hüquq normalarına əsasən, vərəsəliyin 1992-ci ildə açıldığını bilməli olan iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (xx.xx.1965-ci il tarixdə qüvvəyə minmiş xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş) 73-cü maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrə, onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən, iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır, iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən, iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 530-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci tarixli Qərarında qeyd olunur ki, əvvəlki mülki qanunvericilik iddia müddətləri ilə bağlı birmənalı qaydalar müəyyənləşdirmişdi. Tərəflərdən birinin həmin qaydalara riayət etməməsi digər tərəfin hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmək hüququnu istisna etmirdi. İddia müddəti qanunda nəzərdə tutulmuş hallardan başqa bütün tələblərə şamil edilirdi. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. Beləliklə, mülki iş üzrə sübutlara və yuxarıda sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən, iddia tələbləri təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Novruzova (Quliyeva) Gülşad Kərim qızına və Bakı şəhəri 8 saylı notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələblərinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-1562/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1562/2025
28.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver