Məhkəmə qərarları › İş №e-2(002)-158/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-158/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-158/2025 05.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh 450 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 480 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(002)- 3245/2024 saylı qərardadı ilə sadələşdirilmiş icraat üzrə iş iddia icraatına keçirilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “LEXUS LX470” markalı, 90–TT– 821 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2022-ci il yanvarın 10-də Cavabdeh idarə etdiyi “LEXUS LX470” markalı, 90–TT–821 dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax dairəvi yolunun 5-ci km-də “KHAZAR LX” markalı, 99–PD–046 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Ekologiya YPX-in xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı(yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarxində verilmiş verilmiş 176 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “KHAZAR LX” markalı, 99–PD–046 dövlət nömrə nişanlı avtomobilə 450 manat zərər dəymişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 1341 nömrəli ödəniş tapşırığı ilə 450 manat məbləğində sığorta ödənişi "xxxx" MMC-yə ödəmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia tələbinin təmin edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə cavabehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahatında qeyd etmişdir ki, hadisədən 3-4 il keçib. Hadisə nəticəsində o idarə etdiyi nəqliyyat vasitəsi ilə digər avtomobillə yüngülvari zərər vurmuşdur. O,həmçinin həmin vaxtı qarşı tərəfə 100 manat təklif etsə də, o puldan imtina etmişdir. Polis isə ona bildirdi ki, o işi sığortaya yönəldiləcəkdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli PXA **********-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “LEXUS LX470” markalı, 90–TT–821 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İş materiallarına əlavə olunmuş PXA104220 saylı sığorta aktından görünür ki, 2022ci il yanvarın 10-də Cavabdeh idarə etdiyi “LEXUS LX470” markalı, 90–TT–821 dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax dairəvi yolunun 5-ci km-də “KHAZAR LX” markalı, 99–PD–046 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Nəticədə “KHAZAR LX” markalı, 99–PD–046 dövlət nömrə nişanlı avtomobilə "xxxx" MMC-nin qüsur aktına əsasən 450 manat zərər dəymişdir. "xxxx" ASC tərəfindən 450 manat məbləğində sığorta ödənişi "xxxx" MMC-yə -AZ53NİCB**********0001A40090 saylı hesaba həyata keçirilmişdir. İş materiallarında olan Ekologiya YPX-in xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmiş və Cavabdeh 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il təhvil təslim aktından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına PXA104220 saylı sığorta aktına əsasən 450 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-dən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC "xxxx" ASC-yə rekvizitlər təqdim edərək ona məxsus “KHAZAR LX” markalı, 99–PD–046 dövlət nömrə nişanlı avtomobilə ödəniləcək 450 manat məbləğində sığorta ödənişinin şirkətin hesabına köçürülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 176 nömrəli “qiymətləndirmə akt”-dan görünür ki, “KHAZAR LX” markalı, 99–PD–046 dövlət nömrə nişanlı avtomobilə 450 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərrkəzinin məktubundan görünür ki, məhkəmə ekspertizasının təyin edilməsi barədə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3245/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı icrasız geri qaytarılmışdır. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, 2022-ci il yanvarın 10-də Cavabdeh “LEXUS LX470” markalı, 90– TT–821 dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax dairəvi yolunun 5-ci km-də “KHAZAR LX” markalı, 99–PD–046 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və yolnəqliyyat hadisəsindən sonra cavabdeh hadisə yerindən yayınmışdır. xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı(yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Hadisə nəticəsində "xxxx" MMC-yə məxsus “KHAZAR LX” markalı, 99–PD–046 dövlət nömrə nişanlı avtomobilə 450 manat zərər dəymişdir. Həmin zərər "xxxx" ASC tərəfindən sığorta aktına və dəymiş zərərin hesablanması aktına əsasən 450 manat məbləğində olmaqla zərərçəkən-"xxxx" MMC-nin hesabına köçürülmüşdür. Hazırda iddiaçı cavabdehdən həmin məbləği tələb edir, cavabdeh isə iddia tələbinə etiraz etsə də, etirazını əsaslı faktlarla əsaslandırmamışdır. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-ci maddəsinin məzmunundan görünür ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Cavabdeh təqsiri, hadisə yerindən yayınması və hadisə nəticəsində maddi ziyan vurması qanuni qüvvəyə minmiş inzibati xəta haqqında qərar və protokol ilə sübuta yetirildiyindən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yarandığından, həmçinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sığorta aktı və ödəniş tapşırığından göründüyü kimi, iddiaçı tərəfindən ödənilmiş 450 manat məbləğində sığorta odənişi subroqasiya qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin əlavə edir ki, cavabdehin təqsiri inzibati xəta haqqında qərarı ilə təsdiq edilmiş və həmin qərar artıq qanuni qüvvəsini almış, eyni zamanda cavabdeh də hadisənin törətməsini inkar etməmiş və inzibati qərarı mübahisələnirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmiş və həmin məbləği cavabdehdən tutulmasını tələb etmişdir. Hazırda iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir, Cavabdeh 450 manat məbləğində maddi ziyan və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 450(dörd yüz əlli) manat məbləğində maddi ziyan və ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar