Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1637/2025 24.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanı üzrə abonent qismində Famil Qasımov çıxış edir, həmin ünvanı üzrə xx.xx.2014-cı ildə su sayğacı quraşdırılmışdır. Müqavilənin bağlanma tarixi xx.xx.2014cı il, müqavilə nömrəsi 26330961, 2016-cı il üzrə illik su sərfiyyatı 131.17 m3 və yekun borc məbləği 110.17 manat, 2017-ci il üzrə illik su sərfiyyatı 35 m3 və yekun borc məbləği 20 manat, 2018-ci il üzrə illik su sərfiyyatı 35.5 m3 və yekun borc məbləği 35.5 manat, 2019-cu il üzrə illik su sərfiyyatı 65.5 m3 və yekun borc məbləği 55.5 manat, 2020-ci il üzrə illik su sərfiyyatı 46 m3 və yekun borc məbləği 46 manat, 2021-ci il üzrə illik su sərfiyyatı 88.5 m3 və yekun borc məbləği 88.5 manat, 2022-ci il üzrə illik su sərfiyyatı 100 m3 və yekun borc məbləği 100 manat, 2023-cü il üzrə illik su sərfiyyatı 111 m3 və yekun borc məbləği 111 manat, 2024-cü il üzrə illik su sərfiyyatı 108 m3 və yekun borc məbləği 108 manat, xx.xx.2025-ci il tarixə qədər su sərfiyyatı 13 m3 və yekun borc məbləği 13 manat olmaqla, ümumilikdə yekun borc məbləğinin 687.67 manat olduğu qeyd edilmişdir.
2. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, su xidmətlərindən istifadə olunmasına görə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 684.67 manat məbləğində borcu olduğunu, həmin borcu 7 iş günü müddətində borcun ödənilməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
3. Qaradağ rayon qediyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 844857 nömrəli xx.xx.2017ci il tarixli Ölüm haqqında şəhadətnaməyə əsasən, X6 07 iyul 2016-cı il tarixdə vəfat etmişdir.
4. Bakı şəhər Qaradağ rayon Mənzil Kommunal İstismar İdarəsin tərəfindən verilmiş 600 nömrəli, xx.xx.2025-ci il tarixli Arayışa əsasən, Ağdam rayonundan məcburi köçkün olan Cavabdeh ünvan 2 ünvanıda müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi aşağıdakılardan ibarətdir: oğlu X2, qızı X4, gəlini X7, nəvəsi X3, nəvəsi X1.
İddia tələbi
5. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X17 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 687.67 manat borcun tutularaq **********620 saylı abonent koduna və 30 manat dövlət rüsumunun “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X17 tərəfindən Cavabdeh su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 687.67 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilər uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X17 tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş sonuncu dəfə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borc ödənilməsini təmin etməmişdir.
7. İddiaçı tələbin hüququ əsası kimi “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30, 61, 62-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 445.1, 448.2-ci maddələrinə istinad etmişdir.
8. İddia ərizəsinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, cavabdeh həmin mənzildə yaşayır və abonent vəfat edən əridir. İddianın təmin edilməsini xahiş edir.
10. Cavabdeh xx.xx.2025-ci il tarixli işin məhkəmədə baxılmağa hazırlanması ilə bağlı məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, oğlu xəstə olduğu üçün xəstəxanada yaşamışdır. Borcu ödəməyəcəkdir. Abonent vəfat edən əridir, həmin evdə yaşamışlar. Özü işləmir və iddiaçının tələb etdiyi məbləği ödəməyə gücü çatmır.
11. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə baxış iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 1255 Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1306.1 Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
13. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərar: Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.
14. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı:
Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun
15. «Su təchizatı və tullantı sular haqqında» Azərbaycan Respublikasının Qanunun: 30.1 Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablanmalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 59 (b). Su təchizatı və kanalizasiya müəssisəsi onun xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. 61.1 Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 62 Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 №-li Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”: 3.1.2 STKM-in smart-kart tipli olmayan su ölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək hüququna malikdir. 4.1.3 Bu Qaydaların tələblərinə əsasən, istehlakçının əsas vəzifələrindən biri də verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməkdir. 7.1 Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 7.4 Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
b) Əsaslandırma
18. İddia qismən əsaslıdır.
19. Məhkəmə ilk növbədə qeyd edir ki, Qaradağ rayonu, Müşfiqabad qaçqın şəhərciyi, ev 7, mənzil 62 ünvanı üzrə müqavilə cavabdehin mərhum əri Famil Qasımovla bağlansa və abonent qismində Famil Qasımovun adı qalsa da, iş materiallarından görünür ki, o, 2016-cı ildə vəfat etmişdir. Mülki qanunvericliyin yuxarıda qeyd edilən təlblərinə əsasən, cavabdeh miras əmlakı faktiki qəbul etməklə və mübahisəli mənzildə yaşamasını məhkəmə iclasında etiraf etməklə həmin mənzil üzrə kommunal xidmətlərə görə yaranmış borc öhdəliyini ödəmək barədə ona qarşı tələb irəli sürülməsi əsaslı olmuşdur.
20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı qismində çıxış edən su təchizatı PHŞ tərəfindən cavabdeh qismində çıxış edən istehlakçıya su təchizatı obyektindən istifadə edilməsi ilə bağlı xidmətlər göstərilmişdir. Lakin buna baxmayaraq cavabadeh qismində çıxış edən istehlakçı görülmüş xidmətlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə xidmət haqqını vaxtı-vaxtında, lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı qarşısında mülki hüquqi məsuliyyətinə səbəb olan sudan istifadə edilməsinə görə xidmət haqqının ödənilməməsi ilə bağlı borc öhdəliyi yaranmışdır.
21. İşə əlavə edilmiş abonent kartından görünür ki, su sayğacında cavabdehin illik su sərfiyatı (m3-lə), ödənilən pul vəsaitinin məbləği və illik yekun borc məbləği aşkar qeyd edilmişdir. Cavabdehin sudan istifadə edilməsinə görə xidmət haqqının ödənilməməsi ilə bağlı yaranmış qalıq borcu 2016-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində hər il üzrə **********620 nömrəli abonent kodu üzrə elektron abonent kartına daxil edilmiş, həmin dövr ərzində ümumilikdə qalıq borcu 687.67 manat təşkil etmişdir.
22. Məhkəmə onu da qeyd edir ki, işin məhkəmədə baxılmağa hazırlanması ilə bağlı məhkəmə iclasında hansı illər üzrə borcun hesablanmasının bildirilməsinə, hüquq və vəzifələrinin izah edilməsinə baxmayaraq cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməmiş, ümumiyyətlə, hər hansı ərizə yazmayacağını, borcundan heç bir məbləğ ödəməyəcəyini bildirdirmişdir.
23. Göstərilənlərlə yanaşı, məhkəmə cavabdehin 2015-ci illər ərzində mənzildə yaşamaması, oğlunun xəstəxanada olması səbəbindən orada qalması ilə bağlı izahatına münasibət bildirərək qeyd edir ki, cavabdeh bu barədə sübutları məhkəməyə təqdim etməmişdir və bundan əlavə, həmin il üzrə abonent kartına nəzər yetirdikdə borc məbləğinin 0,00 manat təşkil etdiyi göstərilmişdir.
24. Göründüyü kimi, məhkəmə araşdırması nəticəsində iddianın təmin edilməsi üçün əsaslar yaranmışdır.
Məhkəmə xərcləri
25. İddia tələbinin 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. “Dövlət rüsumu haqqında Qanun”un 9.1.20-ci maddəsinə görə, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumundan azaddır.
27. İşdə olan Qaradağ rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh məcburi köçkündür, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, bina 7, 62№-li mənzildə ailə üzvləri ilə birlikdə müvəqqəti məskunlaşmışdır.
28. Odur ki, cavabdeh məcburi köçkün olmaqla dövlət rüsumundan azad olduğundan iddia tələbi rüsumun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilə bilməz.
Nəticə
29. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh su təchizatı obyektlərindən istifadə edilməsi xidmətlərinə görə yaranmış 687.67 manat məbləğində borcu tutularaq iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
30. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edilməsinə görə yaranmış 687.67 manat məbləğində pul vəsaiti (abonent kodu **********620; sayğac ********) tutularaq iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova