Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1644/2023 13.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı «İrşad-İ.R” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, ********* saylı xx.xx.2018-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 699 manat əsas borcun, 104,8 manat cərimənin, cəmi 803,8 manat məbləğində borc pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq «İrşad-İ.R” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «İrşad-İ.R” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, «İrşad- İ.R” MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı xx.xx.2018-ci il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, cavabdeh aldığı “GREE” markalı kondisionerə və “İNDESİT” markalı soyuducuya görə 12 ay ödəniş cədvəli üzrə hər ay 100 manat olmaqla, cəmi 1199 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2018-ci ildə 100 manat ödəniş etmiş, qalıq qalmış 699 manat borcu qaytarmamışdır. Bununla da, qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 1048 manat təşkil edir, lakin cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1048 manat təşkil etdiyi halda, humanizm prinsiplərinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı təşkilat tərəfindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 104,8 manat iddiaçı «İrşad-İ.R” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. İddiaçı «İrşad-İ.R” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, onunla «İrşad- İ.R” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ********* saylı xx.xx.2018-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə iddia müddəti ötürüldüyünə görə iddia tələbinin rədd edilməsini xahiş edir. Belə ki, müqavilə üzrə 2018-ci ilin sonuna qədər ödəniş etmiş, soyuducunun dəyərini tam ödəmişdir, kondisioner qüsurlu olduğuna görə onun dəyərini ödəməmişdir, ümumiyyətlə 2019-cu ildən müqavilə üzrə hər hansı ödəniş etməmişdir. İddiaçı iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir, ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki, «İrşad-İ.R” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən «İrşad-İ.R” MMC Cavabdeh “GREE” markalı kondisioneri və “İNDESİT” markalı soyuducunu 12 ay müddətinə hər ay 100 manat (sonuncu ay 99 manat) hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin müqavilə üzrə 699 manat məbləğində ödənilməmiş əsas borcu və 1048 manat cərimə borcu yaranmışdır. Sonuncu dəfə ödəniş xx.xx.2018-ci il tarixdə aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə (nisyə) alqı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə aparılmış, müqavilənin icra müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. İddiaçının bundan əvvəl məhkəməyə təqdim etdiyi iddia ərizəsi xx.xx.2020-ci il tarixdə baxılmamış saxlanılmışdır. İddiaçının hazırki iddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh borclu iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etmişdir. Qeyd olunanlara və mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf müqavilə üzrə icra müddətinin bitməsindən (həmçinin iddia ərizəsinin baxılmamış saxlanılmasından) 3 (üç) ildən çox vaxt keçdikdən sonra iddia qaldırdığından və iddia müddətini ötürdüyündən, habelə cavabdeh borclu məhkəməyə ərizə təqdim edərək iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etdiyindən iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə, əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, iddia təmin edilmədiyindən, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia müddəti ötürüldüyündən, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı «İrşad-İ.R” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-1644/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1644/2023
13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver