Məhkəmə qərarları › İş №e-2(002)-1701/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1701/2024

24.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1701/2024 24.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11.000 (on bir min) manat məbləğində kompensasiya verilməklə onun mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Ş.Xəlilov küçəsi (keçmiş 1594-cü keçid) 15 saylı evin 30 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh ona məxsus mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15.000 (on beş min) manat məbləğində kompensasiya verilməklə onun mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Ş.Xəlilov küçəsi (keçmiş 1594-cü keçid) 15 saylı evin 30 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh ona məxsus mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Ş.Xəlilov küçəsi (keçmiş 1594-cü keçid) 15 saylı evin 30 saylı mənzili üç otaqdan ibarətdir və xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzili mərhum anası Hacıyeva Naiyətdən miras qalmışdır. 14 mart 2020-ci il tarixli vərəsəlik payının bağışlanması müqaviləsinə əsasən bacısı Nəsiyət Baratovna və qardaşı Cavabdeh miras əmlakdan özlərinə düşən payı ona bağışlamışlar. Hazırda mənzildə özü, qardaşı və bacısı yaşayırlar. Qardaşı onlarla yaşasa da, heç bir kommunal xərcləri ödəmir, daim onlarla mübahisələr edir, evdə rahat yaşamalarına imkan vermir. Onun böyük bacısı X1koloji xəstədir, bacısının sağlamlığı üçün sakitçilik və rahatlıq lazımdır. Lakin qardaşı buna imkan vermir. Bu səbəbdən də, onların birlikdə yaşamaları mümkün deyil. Hazırki ona məxsus evin yerləşdiyi ərazidə mənzillərin orta aylıq kirayə qiyməti hazırki tarixə yerləşdiyi ərazi, kommunal imkanlar, təmir vəziyyəti və məişət avadanlıqları ilə təchizatından asılı olaraq hər ay 270-300 manat təşkil edir. Həmin ünvanda üç otaqlı mənzilin satışının orta bazar qiyməti 75.000-76.000 manatdır. Cavabdehə 11.000 manat kompensasiya verməklə cavabdehin mənzillə bağlı istifadə hüququna xitam verilməsini və cavabdehin ona məxsus mənzildən çıxarılmasını təklif edir. Qardaşının qızı özü üçün mənzil alır, hazırda cavabdeh olan atası Cavabdeh aldığı mənzildə yaşamasına da razıdır. Qardaşı Əlinin qızına ev alması üçün pulu da onlar vermişlər. Hesab edir ki, onun mülkiyyət hüququnun həyata keçirilməsi təmin edilməli, cavabdehlə onun arasında mübahisənin mövcud olmasını, eyni ünvanda birgə yaşamalarının mümkün olmamasını məhkəmə nəzərə almalı və mübahisəli mənzildən cavabdehin istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, mənzilə yerində baxış keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 14 mart 2020-ci il tarixdə Bakı şəhəri 8 saylı Notariat Ofisində təsdiq olunmuş 3M-133 reyestr saylı vərəsəlik payının bağışlanması haqqında müqavilədən görünür ki, X2 və Cavabdeh Naiyət Hacıyevadan miras qalmış Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Ş.Xəlilov küçəsi (keçmiş 1594-cü keçid) 15 saylı evin 30 saylı mənzilindən hər birinə çatası 1/3 hissədə paylarını bacıları İddiaçı bağışlamışlar. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin müvafiq ərazi idarəsi tərəfindən verilmiş 08 may 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1594-cü keçid 15 saylı evin 30 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına tam pay üzrə qeydiyyata alınmışdır. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi arayışa (Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən ev alğı-satqı ofisində fərdi qaydada fəaliyyət göstərən X3 (VÖEN **********) tərəfindən 16 aprel 2024-cü il tarixdə verilmişdir) əsasən eyni ərazidə mənzillərin orta aylıq kirayə qiyməti yerləşdiyi ərazi, kommunal imkanlar, təmir vəziyyəti və məişət avadanlıqları ilə təchizatından asılı olaraq 270-300 manat, üç otaqlı mənzilin orta bazar qiyməti isə 75.000-76.000 manat təşkil edir. Məhkəmə tərəfindən iddiaçının mülkiyyətində olan mənzilə yerində baxış keçirilərkən müəyyən edildi ki, iddiaçının və cavabdehin yaşadığı mənzil 3 otaqlıdır. İddiaçı, iddiaçının bacısı və qardaşı, iş üzrə Cavabdeh həmin mənzildə yaşayırlar. İddiaçı bacısı ilə mənzilin iki otağında, cavabdeh isə mənzilin bir otağında yaşayır. İddiaçının yaşadığı otaqlar təmirli, təmiz və səliqəlidir. Cavabdehin yaşadığı mənzil isə təmirsiz vəziyyətdədir, səliqə və təmizliyə diqqət yetirilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2 və 228.5-ci maddələri təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 158.1.2-ci maddəsinin tələbinə görə, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu «şərti və qeyri-sabit» xarakterli edir. Məhkəmə həmçinin nəzərə alır ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarında həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Məhkəmə son olaraq vurğulayır ki, bu qəbildən olan işlər üzrə istər mülkiyyətçilər, istərsə də, istifadə hüququna xitam verilməsi tələb edilən şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsi təmin edilməli, təyin edilən, yaxud təklif edilən kompensasiya məbləği işin həqiqi hallarına uyğun olmalıdır. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi ərazidə oxşar şəraitli mənzillərin aylıq kirayə haqları həmin yaşayış sahəsinin yerindən (yol infrastrukturuna yaxınlığı, yaxınlıqda dükan, bazar, məktəb, bağça, xəstəxana və bu tip sosial, təhsil, səhiyyə və iaşə obyektlərinin yerləşməsi, binanın mərtəbəsi, günçıxan yaxud günbatan tərəfə baxması, mənzərə görünüşlərini izləməyə imkan verib verməməsi), təmirindən və şəraitindən (yeni tikilidə yerləşib yerləşməməsi, otaqların genişliyi, otaqların planlaşdırılması, yaşayış sahəsinin hər bir yerindən rahat istifadə etmək imkanının olub-olmaması və s.) asılı olaraq 270-300 manat arasında dəyişir. Cavabdehin əvvəlki şəraitə oxşar mənzildə 3 il ərzində normal şəraitdə yaşaması üçün hər ay 300 manat kirayə haqqı ödəməsi şərti ilə yaşamalı olmasını nəzərə aldıqda, görünür ki, riyazi hesablamaya görə bu dövr ərzində ödənilməli kirayə haqqının ümumi məbləği 10.800 manat təşkil edir. Lakin məhkəmə obyektivliyi və ədaləti tam bərqərar etmək üçün işin nəzərə alınmalı bütün diqqətə layiq halları araşdırmalıdır. Məhkəmə vurğulayır ki, kirayə haqlarının sabit olmaması, vaxtaşırı olaraq bahalaşması hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır. Məhkəmə nəzərə alır ki, 3 il ərzində kirayə haqqı məbləğinin eyni səviyyədə qalacağına zəmanət yoxdur. Cavabdehin hər hansı mənzil sahibi ilə uzunmüddətli və kirayə haqqı sabit şəkildə qeyd olunan (fiksasiya edilmiş) icarə müqaviləsi bağlamaq imkanının olub-olmayacağı da bəlli deyil. Mənzil sahibləri adətən bu cür müqavilələri ümumiyyətlə bağlamırlar, bağlayan şəxslər də müqavilə müddətini ən yaxşı halda 1 illik qeyd edirlər. Müqavilədə də kirayə haqqının qaldırıla bilməsi üçün özlərinə münbit şərtlər əlavə etməyə meyilli olurlar. Məhkəmə yuxarıda qeyd olunan halları həm tərəflərə barışıq əldə etmələri üçün, həmçinin diqqət yetirilməli məqamları nəzərə çatdırmaq üçün iddiaçıya və cavabdehə məhkəmə iclası zalında bildirmişdir. İddiaçıya işin halları nəzərə alınaraq 15.000 manat kompensasiya məbləği təklif etməsinin daha qənaətbəxş olması bildirilmişdir. İddiaçı yuxarıda qeyd olunan halların hər birinə diqqətlə yanaşaraq, xüsusi mülkiyyətində olan mənzilində yaşamaq, eləcə də rahat yaşamaq istədiyini, cavabdehə münasibətdə qərəzliliyi olmadığını, əsas qayğılarının onkoloji xəstəlikdən əziyyət çəkən bacısının müalicəsi üçün zəruri olan şəraiti (sakitçiliyi, gərginliyin olmamasını) təmin etmək istədiyini məhkəmənin nəzərinə çatdırmış və 15.000 manat kompensasiya məbləği ödəməyə razı olduğunu bildirmişdir. Bununla bağlı iddiaçı sərbəst iradə ifadəsi ilə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi həmin ərizə iş materiallarına əlavə olunmuşdur və iş üzrə təkcə prosessual qanunvericiliyə riayət edilməsi baxımından deyil, baxılan mübahisə insan taleləri (hazırda isə yaş yetirmiş insanların taleləri) ilə bağlı olduğundan tərəflərin hər birinə münasibətdə obyektivliyin təmin edilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1594-cü keçid 15 saylı evin 30 saylı mənzilinə olan istifadə hüquqlarına Cavabdeh 15.000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməli, Cavabdeh həmin mənzildən çıxarılmalıdır. Cavabdeh 15.000 manat məbləğində kompensasiya ödənilməsi ilə sonuncunun istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması eyni anda icra olunmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1594-cü keçid 15 saylı evin 30 saylı mənzilinə olan istifadə hüquqlarına Cavabdeh 15.000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilsin və o, həmin mənzildən çıxarılsın. Cavabdeh 15.000 manat məbləğində kompensasiya ödənilməsi ilə sonuncunun istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması eyni anda icra olunsun. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar