Məhkəmə qərarları › İş №e-2(002)-1702/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1702/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1702/2024 20.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-cu il tarixli, YK14677№-li müqavilə üzrə 369.99 manat qalıq borcu, 183.70 manat cərimə borcu olmaqla, cəmi 553.69 manat məbləğində iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-cu il tarixli, YK14677 №-li nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, ilkin ödəniş 12 manat olmaqla, 18 ay müddətinə hissə-hissə hər ay üçün 21 manat, sonuncu ay üçün isə 12.99 manat ödəmək şərti ilə, 381.99 manat dəyərində Malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə-Təhvil-təslim aktında göstərilən məişət texnikalarını nisyə satılmış və həmin məhsullar cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəfindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Belə ki, Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2021-ci il tarixli, YK14677 saylı müqavilə üzrə 369.99 manat qalıq borcu, 183.70 manat cərimə borcu olmaqla, cəmi 553.69 manat borcu yaranmışdır. Faktor “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə müştər"xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, YK14677 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh xx.xx.2021-ci il tarixli, YK14677№-li nisyə alqı- satqı müqaviləsindən irəli gələn pul tələbini “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etməsi barədə bilidiriş verilmişdir. Qeyd olunan halları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli, 1 nömrəli faktorinq müqaviləsindən görünür ki, faktor ("xxxx" MMC), borclu (Müştərinin ona qarşı pul tələbi olan şəxs) barəsində Müştərinin ("xxxx" MMC) borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. İşdə olan, xx.xx.2021-ci il tarixli YK14677 saylı nisyə alqı-satqı müqaviləsinin və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavənin məzmunundan aydın olur ki, satıcı qismində çıxış edən "xxxx" MMC dəyəri 381.99 manat olan malı alıcı - Cavabdeh vermək, alıcı həmin malları qəbul etməklə, həmin malların qalıq dəyərini ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətində hər ay 21 manat aylıq ödəməyi öhdəsinə götürmüş; xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının məzmunundan aydın olur ki, 381.99 manat dəyərində olan Samsung A12 alıcıya təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilənlərdən aydın olur ki, xx.xx.2021-ci il tarixli YK14677 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh "xxxx" MMC-ə əsas borcu 369.99 manat, cərimə borcu 183.70 manat olmaqla, cəmi borcu 553.69 manat təşkil edir. Bildirişin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Həmin Məcəllənin 656-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Həmin Məcəllənin 657.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. Həmin Məcəllənin 657.7-ci maddəsinə əsasən əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı bildirişin verildiyi məqamda müştəriyə qarşı olan tələblərinin ödənilməsinə dair hər hansı hüququ da qarşılıqlı əvəzləşdirmə çərçivəsində faktora qarşı etiraz kimi irəli sürə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, işin faktiki halları bundan ibarətdir ki, "xxxx" MMC (faktor) ilə "xxxx" MMC oğlu (müştəri) arasında xx.xx.2022-ci il tarixdə faktorinq müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən faktor müştəriyə pul vəsaiti verməyi, müştəri isə borcluya (hazırkı halda Cavabdeh) qarşı olan pul tələbini faktora güzəşt etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4-cü maddəsinə görə, sazişin imzalanması ilə faktor borcluya qarşı münasibətdə kreditor qismində çıxış edir, borcludan öhdəliklərinin icra edilməsini tələb edir. Faktor borcludan tələb məbləğini həm özü toplaya bilər həm də bu işi müştəriyə həvalə edə bilər. "xxxx" MMC oğlu (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2021-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmış, satıcı dəyəri 381.99 manat olan alıcıya nisyə satmağı, alıcı ilə həmin malları qəbul edib və bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəyir. Həmin müqaviləyə ƏLAVƏ 1-ə əsasən, satıcı avadanlığı alıcıya təhvil verməyi, alıcı isə 18 ay müddətinə aylıq 21 AZN məbləğində ödənişlər etməklə avadanlığın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Sazişə əsasən Cavabdeh qarşı yuxarıda qeyd edilən nisyə alqı-satqı müqaviləsi üzrə 381.99 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmək hüququnu faktor qismində çıxış edən iddiaçı "xxxx" MMC-yə güzəşt etmişdir. Bununla da, tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi üzrə tələb hüququ iddiaçıya keçmişdir və xx.xx.2021 tarixli YK14677 saylı “X2 müqaviləsinə Əlavə 1” dən görünür ki, ilə həmin nisyə alqı-satqı müqaviləsi üzrə tələb hüququnun satıcıdan "xxxx" MMC-yə güzəşt edilməsi barədə borclu Cavabdeh məlumatlandırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsi üzrə müqavilənin predmeti olan avadanlıq cavabdehə təhvil verilmiş (təhvil-təslim aktı işə əlavə edilmişdir), cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissəhissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini vaxtında və lazımi qaydada ödəməkdən yayınmışdır. Bununla da, cavabdehin nisyə alqı-satqı müqaviləsi üzrə onun mülki hüquqi məsuliyyətinə əsas olan borc öhdəliyi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin nisyə alqı-satqı müqaviləsi üzrə borc öhdəliyinin yaranması, borc məbləği və həmin borc öhdəliyi üzrə tələb hüququnun faktorinq müqaviləsi əsasında iddiaçıya keçməsi halı aşkar olduğundan, iddia tələbi əsas borcun (369.99 manat) tutulması hissəsində əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir. Bununla yanaşı, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 5.6-cı bəndinə əsasən, alıcı qalıq borcun ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş hər gün üçün, gecikdirilmiş borc məbləğinin 0.3 faizi həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın əsas borca hesablanmış 183.70 manat (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 20 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 369.99 manat məbləğində əsas borc, 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 399.99 manat borc pul vəsaiti, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh YK14677 saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 369.99 manat məbləğində əsas borc, 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 389.99 manat pul vəsaiti, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar