Məhkəmə qərarları › İş №e-2(002)-1867/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1867/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1867/2024 25.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizing obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizing obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq obyekti olan “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 4922.02 manat pul və ödənilmiş 69.23 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 may 2021-ci il tarixli MAS-3832 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373.40 manat, ümumilikdə isə 21023 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21023 manatın 14750 manatı əsas məbləğ təşkil edir. Cavabdeh “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə əməl etmədiyi üçün onun iddiaçı qarşısında öhdəliyi yaranmış və İddiaçı MMC borclu Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Qaradağ Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(002)-54/2024 saylı qətnaməsi ilə (hakim G.Aslanova) İddiaçı MMC-nin iddasını qismən təmin edilərək, müqavilənin ləğv edilməsi, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılması və cavabdehdən ümumilikdə 1520.15 manat pulun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil 25 yanvar 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 4922.02 manat ziyan dəymişdir. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lzinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Daxili Lizinq müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Daxili Lizinq müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Daxili Lizinq müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq Alana keçir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İddiaçı MMC-nin nümayəndəsi ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, Bakı İstintaq Təcridxanasından iddia tələbinə dair hər hansı bir etiraz göndərməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan 29 may 2021-ci il tarixli MAS-3832 saylı X2 görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qiyməti 14750 manat olan 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş və lizinq alan isə vaxtında lizing ödənişlərinin edilməsini öhdəsinə götürmüşdür. Daxili Lizinq müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Daxili Lizinq müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Daxili Lizinq müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq Alana keçir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qiyməti 21023 manat olan “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 25 yanvar 2024cü il tarixli 2(002)-54/2024 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı MMC-nin iddasını qismən təmin edilərək, müqavilənin ləğv edilməsi, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılması və cavabdehdən ümumilikdə 1520.15 manat pulun tutulması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş nəqliyyat vasitəsinin şəhadətnaməsindən görünür ki, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, MAS-3832 saylı daxili lizinq müqaviləsinə 3 saylı, xx.xx.2021-ci il tarixli əlavədən görünür ki, daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 23% hesablanmaqla 48 aylıq müddətə hər ay əsas məbləğ və mükafat məbləğindən ibarət sabit məbləğ ödənişlərini, ümumilikdə 21023 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nə məxsus olan “Khazar LX" minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin kredit borcu ödənilə bilmədiyi üçün təhvil-təslimi aparılmışdır. Avtomobildə arxa-qabaq buferlər yoxdur və s. nasaz vəziyyətdə olmaqla əzilmiş hissələr aşkar edilmişdir. İş materiallarında olan "xxxx" MMC Servis Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, avtomobilə dəymiş zərərin məbləği 4922.02 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4769 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4170 manat, o cümlədən dəyişməli hissələrin qiyməti 2270 manat, təmir bərpa işləri 1900 manat , Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 3971 manat o cümlədən dəyişməli hissələrin qiyməti 2071manat, təmir bərpa işləri 1900 manat təşkil edir. Məhkəmə araşdırılması əsasında müəyyən edilmişdir ki, Azərmaş” MMC ilə Cavabdeh arasında bağlanmış 29 may 2021-ci il tarixli MAS-3832 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili Lizinq müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Hazırda iddiaçı cavabdehdən “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə onun sahibliyində olduğu müddət ərzində vurduğu zərər görə 4922.02 manat pul tələb edir, cavabdeh isə iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə müvafiq mülki iş üzrə vurulmuş maddi ziyanın məbləğini müəyyən etmək üçün ekspertiza təyin etmiş və ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3971 manat məbləğində zərər vurulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən, izinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” xx.xx.202021-ci il tarixli Qərardadında göstərilmişdir ki, həm mülki qanunvericiliyin (bax yuxarıda 17-ci bənd), həm də tərəflər arasında bağlanmış lizinq müqavilələrinin şərtlərinə əsasən lizinq obyekti üzərində mülkiyyət hüququnun lizinq verəndən lizinq alana keçməsinin əsas şərti lizinq alan tərəfindən bütün lizinq ödənişlərinin aparılmasıdır. Lizinq ödənişlərinin ümumi məbləği, lizinq müqaviləsinə əlavə formasında, lizinq verən və lizinq alan tərəfindən təsdiq edilir. Tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqavilələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər. Müqavilənin həmin şərti MM-in 748-1.12-ci maddəsinin tələblərinə uyğundur. Belə ki, mülki qanunvericilik dörd halda lizinq verənə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnu tanıyır. Bu hallardan biri, lizinq verənə lizinq alanın lizinq obyektindən istifadə üçün lizinq ödənişini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsidir. MM-in lizinq müqaviləsinin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən 748-1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) nəzərə alınmaqla, lizinq verənə aldığı vəziyyətdə qaytarmalıdır. Göründüyü kimi, həm mülki qanunvericilik, həm də tərəflərin təsdiq etdiyi lizinq müqaviləsi lizinq alan tərəfindən lizinq ödənişinin müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi halında hər hansı qeyd şərt olmadan, istisnasız olaraq lizinq obyektinin tam tərkibdə geri qaytarılmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, hazırkı halda avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 3971 manat hissədə iddia təmin olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, lizinq obyektinə dəymiş maddi ziyan barədə iddia tələbi ekspert rəyi ilə müəyyən edilmiş hissədə qismən əsaslı hesab edilərək qismən təmin edilməli, Cavabdeh lizing obyektinə vurulmuş ziyana görə 3971 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Dövlət rüsumu ilə bağlı olaraq məhkəmə qeyd edir ki, hazırki iddia tələbi ilə müraciət edərkən iddiaçı tərəfindən iddia ərizəsinə görə 69,23 manat məbləğində dövlət rüüumu ödənilmişdir. Lakin hazırda iddia tələbi yalnız 3971 manat(ekspertiza rəyində göstərilən) məbləğində təmin edildiyindən məhkəmə hesab edi ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 59,71 manat dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, təmin olunan hissə nəzərə alınmaqla ekspertiza xərci tərəflər arasında bölünərək Cavabdeh 42 manat, İddiaçı MMC-dən 8 manat məbləğində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən tələbi təmin edilsin. Cavabdeh maddi zərər görə 3971(üç min doqquz yüz yetmiş bir) manat və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 59,71(əlli doqquz manat yetmiş bir qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə Cavabdeh 42 manat, İddiaçı MMC-dən 8 manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, ekspertiza xərci, SAP (XİİS) hesabı: X1, kodu:210005, VÖEN:**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab: AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar