Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1924/2022 06.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə Philips markalı üzqırxan üçün 182,4 manat ödənilməmiş əsas borc, 18 manat cərimə, ümumilikdə 200,4 manat borc və 30 manat dövlət rüsumu, cəmi 230,4 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, cavabdeh tərəf iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Philips markalı üzqırxan almış və nəticədə 200,4 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 200,4 manat (12 ay x 16,7 manat + 0 manat ilkin ödəniş) olan Philips markalı üzqırxan üçün ümumilikdə 200,4 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazı ilə bağlı bildirir ki, cavabdeh xx.xx.2020-ci il tarixdə üzqırxanı dəyişdirmək üçün servisə müraciət edərkən şəxsi gigiyena əşyası olan həmin əşyanın istifadə olunduğu, cihazın başlıq daxilində tük hissəciklərin olduğu müəyyən edilmiş, cavabdeh sifariş blankında bu halları özü də təsdiq etmişdir. Servisdə əşyanın hər hansı qüsurunun omadığı, şəxsi gigiyena əşyasının dəyişdirilməsinin mümkün olmadığı, əşyanı gəlib götürməli olduğu cavabdehə izah edilmişdir. Ona görə də etiraz tamamilə əsassızdır. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, həqiqətən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında qeyd olunan müqavilə bağlanmış və Philips markalı üzqırxan alınmışdır. Həmin üzqırxanı hədiyyə üçün almışdır, lakin hədiyyə aldığı şəxs onu bəyənməmiş, bu səbəbdən əşyanı dəyişmək istəyəndə iddiaçı təşkilat üzqırxanın yoxlanması üçün onu servisə göndərmişdir. Servisdə sifariş blankını oxumadan imzalamışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 200,4 manat dəyərində Philips markalı üzqırxanı ilkin ödəniş 0 manat olmaqla, 12 ay müddətinə hər ay 16,7 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdehin 182,4 manat məbləğində ödənilməmiş əsas borc, 18 manat cərimə olmaqla, cəmi 200,4 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan “Link Servis” Texniki Xidmət Mərkəzinin xx.xx.2020-ci il tarixli sifarış blankından görünür ki, müştəri Cavabdeh satılmış Philips markalı üzqırxan cihazın başlıq daxilində tük hissəcikləri var, cihaz tükü yaxşı götürmür, oan görə müştəri cihazı qaytarmaq istəyir. Cavabdeh yuxarıda göstərilən şərtlərlə razı olduğunu qeyd edərək sifarış blankını imzalamışdır. İş materiallarında olan “Link Servis” Texniki Xidmət Mərkəzinin texniki vəziyyət barədə aktından görünür ki, müştəri Cavabdeh satılmış Philips markalı üzqırxan cihazda qüsur aşkar edilməmişdir, cihaz istifadə edilib, dəyişdirilib qaytarıla bilməz. Müştəri tərəfindən təqdim olunan qüsur cihazın tükü yaxşı götürməməsi ilə bağlıdır. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqaviləsidir. Ona görə də həmin müqavilə barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçı təşkilatdan müqavilə üzrə aldığı əşyanın dəyərini hissə-hissə ödəmək və gecikməyə görə cərimə məbləğini ödəmək barədə öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliklərini icra etməmişdir. Buna görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qalan borcu və gecikməyə görə cəriməni tələb etməsi tam əsaslıdır. Məhkəmə cavabdehin etirazında qeyd olunan hallarla bağlı müəyyən edir ki, cavabdehin özünün imzaladığı sifariş blankından, habelə texniki vəziyyət barədə aktdan şəxsi gigiyena əşyası olan malın istifadə olunduğu təsdiq olunmaqla, onun dəyişdirilməsi mümkün olmamışdır, ona görə də etirazda qeyd olunan hallar iddianın rədd olunmasına əsas vermir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyetklərində dəyişdirilməli olmayan malların siyahısı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 114 saylı Qərarı ilə şəxsi gigiyena əşyaları Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına daxil edilmişdir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 182,4 manat ödənilməmiş əsas borc, 18 manat cərimə, ümumilikdə 200,4 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 230,4 manat (iki yüz otuz manat qırx qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-1924/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1924/2022
06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver