Məhkəmə qərarları › İş №e-2(002)-201/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-201/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-201/2023 12.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi Məcidli Aysel Əli qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissəsi : İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh Qarabul oğlundan 430 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 460 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “HYUNDAİ SONATA” markalı, 90–UP–451 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il aprelin 22-də Cavabdeh idarə etdiyi “HYUNDAİ SONATA” markalı, 90–UP–451 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində Tufan markalı M50 MOPEDLƏ toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Həmin hadisə ilə bağlı Nərimanov DYPŞ-i tərəfindən xx.xx.2021-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı(yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Nərimanov DYPŞ-in xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh Qasımov Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Qafur Qaraqabul oğlu Azərbaycan Respublikası İXM-nin 327.6-cı(yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 4936 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində Tufan markalı M50 MOPEDƏ 430 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 3957 nömrəli ödəniş tapşırığı ilə 430 manat məbləği ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, iddia ərizəsində texniki səhv olaraq cavabdehin ata adı Qarabul yazıldığından, cavabdehin ata adının Qaraqabul kimi oxunmasını xahiş etmişdir . İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ərizə göndərərək, ekspertizanın rəyi ilə razı olduqlarını, iddia tələbini müdafiə etdiklərini, iddianın təmin edilməsinə dair qətnamənin çıxarılmasını və məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Cavabdeh iclasında iddianı qismən qəbul etdiyini bildirərək, yalnız 200 manat məbləğində ödəyə biləcəyini, qalan hissədə isə rədd edilməsi barədə qətnamənin çıxarılmasına dair izahat vermişdir. Əsaslandırıcı hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında olan PXA********** nömrəli xx.xx.2020-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, müvafiq şəhadətnamə ilə iddiaçı "xxxx" ASC tərəfindən **-UP-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtonəqliyyat vasitəsinin icbari sığortası üzrə sığortalanmışdır İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında PXA72561 saylı sığorta aktından görünür ki, 2021-ci il aprelin 22-də Cavabdeh idarə etdiyi “Hyundai Sonata” markalı, 90–UP–451 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində “Tufan markalı M50” Mopedlə toqquşmuşdur. Nəticədə "xxxx" ASC tərəfindən 430 manat məbləğində sığorta ödənişi X5 (AZ32Ab********************saylı hesabına) həyata keçirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MK 2 n 3711/102- 6414 saylı Raportdan görünr ki, xx.xx.2021-ci il tarixdə saat 15:33-də vətəndaş X2 zəng vuraraq, bildirmişdir ki, qeyd olunan tarixdə 13:29-da idarə etdiyi “Tufan M50” markalı mopedə “Hyundai Sonata” markalı, 90–UP–451 dövlət nömrə nişanlı avtomobilinin sürücüsü tərəfindən qəza şəraiti yaratması nəticəsində toqquşmuş və sonuncu hadisə yerindən qaçmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən və xx.xx.2021-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh barəsində AR İXM-nin 327.6-cı maddəsi ilə protokol tərtib edilmiş, daha sonra həmin maddə ilə Cavabdeh AR İXM-nin 327.6-cı maddəsi ilə yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünə yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə 100 manat məbləğində cərimə edilmişdir.Protokola əsasən hadisə nəticəsində vətəndaş X1 maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il ƏN- № 375297 etibarnamədən görünür ki, X4 tərəfindən “Hyundai Sonata” markalı, 90–UP– 451 dövlət nömrə nişanlı avtomobilinin idarə edilməsi Cavabdeh etibar edilmişdir. Etibarnamənin müddəti xx.xx.2026-cı ilədək müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AD1999479 saylı sürücülük vəsiqəsindən görünür ki ,Cavabdeh “B” kateqoriyalı sürücülük vəsiqəsinə sahibdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Sonata” markalı, 90–UP– 451 dövlət nömrə nişanlı avtomobilinin sahibi X3r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 3957 nömrəli xx.xx.2021-ci il ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “Tufan M50” markalı moped üçün ödənişin təyinatı PXA72561 saylı sığorta aktı və PXA********** nömrəli sığorta müqaviləsi olmaqla 430 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli bildirşdən görünür ki , "xxxx" ASC tərəfindən Cavabdeh subroqasiya qaydasında 430 manat məbləğində sığorta ödənişini 7 iş günündə könüllü ödəmək təklif edilmiş və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 4936 nömrəli “qiymətləndirmə akt”dan görünür ki, “Tufan M50” markalı mopedə cəmi 430 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-ci il tarixli 9/9429 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablamalar yolu ilə ,iş materiallarında olan “"xxxx" MMC-tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Tufan M50” markalı mopedin təmir-bərpa xərci, hadisə baş verən tarixə təxminən 430 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Tətbiq edilən hüquq normaları: Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin məzmunundan görünür ki, Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmasə hallarından biri kimi Həmin Qanunun 63.1ci maddəsində nəzərdə tutulmuş hal göstərilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə sığorta hadisəsi zamanı sürücünün hadisə yerindən yayınmış olması qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərar ilə sübuta yetirildiyindən, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yarandığından, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, xx.xx.2021-ci il tarixində Cavabdeh idarə etdiyi "Hyundai Sonata” markalı, 90–UP–451 dövlət nömrə nişanlı avtomobil vasitəsilə “Tufan M50” markalı mopedə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuş, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmiş, “Tufan M50” markalı nəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 430 manat müəyyən edilmiş, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına və xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesablanması aktına əsasən "xxxx" ASC tərəfindən dəymiş ziyana görə ümumilikdə 430 manat məbləğ zərərçəkənin hesabına köçürülmüşdür. Hazırda «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci və 63.1-ci maddələrinə əsasən iddiaçı subroqasiya hüququ yarandığı üçün həmin ödənişi cavabdehdən geri tələb edir. Cavabdeh isə iddia tələbini qismən (200 manat məbləğində) qəbul edərək, iddia tələbini qalan hissədə rədd edilməsini xahiş etsə də məhkəməyə iddia tələbinə olan etirazını(şifahi) əsaslandıracaq mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir, Cavabdeh 430 manat məbləğində maddi ziyan və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 430(dörd yüz otuz) manat məbləğində maddi ziyan və ödənilmiş 30( otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş 50 manat məbləğində ekspertiza xərci cavabdehə aid edilsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar