Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2054/2022 22.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 və cavabdeh Süleymanova (Əliyeva) Ağabacı Salman qızının iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Süleymanova (Əliyeva) Ağabacı Salman qızına qarşı pul tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Süleymanova (Əliyeva) Ağabacı Salman qızına qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Süleymanova (Əliyeva) Ağabacı Salman qızından xx.xx.2019-cu il tarixli müqavilə üzrə Samsung LED TV üçün 771 manat ödənilməmiş əsas borc, 77 manat cərimə, ümumilikdə 848 manat borc və 30 manat dövlət rüsumu, cəmi 878 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 izahat verərək bildirdi ki, cavabdeh tərəf iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED TV almış və nəticədə 848 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1699,2 manat (18 ay x 94,4 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED TV üçün ümumilikdə 848 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı cavabdeh Süleymanova (Əliyeva) Ağabacı Salman qızı iddiaya etiraz edərək izahatında bildirdi ki, həqiqətən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında qeyd olunan müqavilə bağlanmış və Samsung LED TV alınmışdır. Lakin sonradan nikahı pozulmuş, həmin televizor keçmiş həyat yoldaşında qalmışdır. Ona məxsus əşyaların tələbi ilə bağlı Ağstafa Rayon Məhkəməsində iddia qaldırmış, iddia tələbi qismən, o cümlədən həmin televizorun keçmiş həyat yoldaşından alınaraq ona verilməsi hissəsində təmin edilmişdir. Lakin icra məmuru qeyd olunan qətnaməni həmin televizorun alınması hissəsində hələ də icra etməmişdir. İndiyə kimi qətnamə televizorun ona verilməsi hissəsində icra edilmədiyindən, borcun ondan tutulmasını əsassız hesab edir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Süleymanova (Əliyeva) Ağabacı Salman qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Süleymanova (Əliyeva) Ağabacı Salman qızına 1699,2 manat dəyərində Samsung LED TV-ni ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 94,4 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cavabdehin 771 manat məbləğində ödənilməmiş əsas borc, 77 manat cərimə olmaqla, cəmi 848 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 2(015)-42/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X4 qarşı “qızıl-zinət və cehiz əşyaları tələbi barədə” iddiasının qismən təmin olunması, dəyəri 1800 manat olan televizorun və digər əşyaların Cavabdeh verilməsi qət edilmişdir İş materiallarında olan Ağstafa rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 347 saylı məktubun surətindən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-42/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı Cavabdeh X4 qarşı qızıl-zinət və cehiz əşyaları tələbinə dair icra sənədində qeyd olunan cehiz əşyaları tələbkara təhvil verilsə də, lakin 1800 manat dəyərində Samsung LED TV markalı televizor kreditdə olduğu üçün həmin əşya Ağstafa rayon Kolxəlfəli kəndində yaşayan xx.xx.1963-cü il təvəllüdlü X2 evində qalmışdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Süleymanova (Əliyeva) Ağabacı Salman qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqaviləsidir. Ona görə də həmin müqavilə barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçı təşkilatdan müqavilə üzrə aldığı əşyanın dəyərini hissə-hissə ödəmək və gecikməyə görə cərimə məbləğini ödəmək barədə öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliklərini icra etməmişdir. Buna görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qalan borcu və gecikməyə görə cəriməni tələb etməsi tam əsaslıdır. Məhkəmə cavabdehin etirazında qeyd olunan hallarla bağlı müəyyən edir ki, mübahisəli əşya Ağstafa Rayon Məhkəməsinin 2(015)-42/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə cavabdehə verilməli olduğundan və həmin əşya üzrə borc tələbi barədə hazırki iddia da müqavilə tərəfi kimi cavabdehə yönəldiyindən, etirazda qeyd olunan hallar iddianın rədd olunmasına əsas vermir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədinin icrası hər bir halda təmin edilməli olduğundan, həmin icra sənədinin indiyə kimi tam icra edilməməsi hazırki iddianın rədd olunmasına hüquqi əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Süleymanova (Əliyeva) Ağabacı Salman qızından xx.xx.2019-cu il tarixli müqavilə üzrə 771 manat ödənilməmiş əsas borc, 71 manat cərimə, ümumilikdə 848 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 878 (səkkiz yüz yetmiş səkkiz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-2054/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2054/2022
22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver