Məhkəmə qərarları › İş №e-2(002)-2166/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2166/2024

03.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2166/2024 03.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən tərtib olunmuş, xx.xx.2023-cü il tarixli ******* №li Akta əsasən, ünvan 1 ünvanında **********00170 nömrəli sayğaca müdaxilə olunub, qaz itkisi 25920 m3 hesablanmışdır.

2. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il üzrə üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2- 2/3-5-4704/Q007 nömrəli Aktına əsasən G-4 markalı 1802AZ**********27 nömrəli sayğacda ALARM-1 rejimi aşkar olunmuş, xx.xx.2024-cü il tarixli təbii X2nın pozulması haqqında ******* nömrəli akta əsasən **********00170 saylı abonent İddiaçı 25920 m3 qaz sərfiyyatına uyğun dəymiş ziyan həcmi hesablanmışdır.

3. İddiaçı (abonent **********00170) məxsus saldo məlumatlarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci məhəllə, keçid 4,ev 17 Zenner G4T Smart sayğac qurğusu üzrə istehlakçıya 2023-cü il üzrə 3110.40 manat məbləğində borc hesablanmışdır. İddia tələbi

4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən əsassız olaraq istifadəsində olan **********00170 saylı abonent sayğacına (istehlakçı hesabına) 2023-cü il tarixliakta əsasən zərər kimi hesablanmış 3110.40 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs, 2-ci massiv, keç 4,ev 17 ünvanında yaşayır. Qeyd edilən ünvana Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və cavabdeh tərəfindən yaşayış sahənin texniki göstəricilərinə uyğun olaraq 2 ədəd- **********00170 abonent nömrəli və **********00000 saylı abonent nömrəli qaz sayğacları quraşdırılmışdır. İddia ərizəsinə əlavə olunmuş qaz hesabından çıxarış saldosundan da göründüyü kimi istifadəsinə verilmiş sayğac tərəfindən uzun illərdi istifadə edilir və istifadə edilmiş qaz sərfiyyatı təyin edilmiş qazdan istifadə qiymətlərinə əsasən tərəfindən gecikdirilmədən ödənilir. 2023-cü il aprel-may tarixlərində Cavabdeh nümayəndələri onların yaşadığı ünvana gələrək guya təbii qazdan qeyri-qanuni istifadə edərək (sayğaca müdaxilə vasitəsilə) istifadə etdiyi aşkar ediblər və onun istifadəsində olan **********00000 saylı abonent nömrəli sayğacda neqativ halların olduğun bildiriblər. Lakin, cavabdehin nümayəndələri sayğaca müdaxilə ilə bağlı hər hansı akt tərtib etməmiş, aktın tərtib edilməsi haqqında onlara hər hansı məlumat verilməmiş, onların iştirakı təmin edilməmiş və aktın bir nüsxəsi ümumiyyətlə onlara təqdim edilməmişdir. Sonradan müəyyən olunmuşdur ki, cavabdeh Azəriqaz İB tərəfindən barəsində **********00000 saylı abonent nömrəli qaz sayğacı ilə bağlı zərər aktı tərtib edilmişdir. Tərəfindən Cavabdeh əməkdaşlarının qeyri qanuni tərtib etdikləri ******* saylı aktın ləğvi və zərər kimi hesablanmış 3110.40 manat məbləğində cərimənin ləğvi ilə bağlı Qaradağ rayon məhkəməsində iddia qaldırılmış və iddia məhkəmə tərəfindən (iş № 2(002)-2704/2023) xx.xx.2023-cü il tarixində təmin edilərək ******* saylı akt və 3110.40 manat məbləğində cərimə ləğv edilmişdir (Qətnamə iddiaya əlavə edilib) Üzərindən müəyyən müddət keçdikdən sonra istifadəsində olan digər **********00170 abonent nömrəli sayğaca hər dəfə pul yüklədikcə balansa az məbləğin yükləndiyini hiss etdi. Əvvəlcə son dövrlərdə qazdan istifadə tariflərinin yüksəldiyini düşünsə də, Qaradağ Rayon Qazidarəsinə getməyi və məsələni dəqiqləşdirməyi düşündü. İdarədən aldığı qaz sərfiyyatı ilə bağlı abonent saldosu ilə tanış olduqda müəyyən olundu ki, Azəriqaz İstehsalat birliyi tərəfindən barəsində qeyri qanuni tərtib edilmiş və məhkəmə tərəfindən ləğv edilmiş 2023-cü il tarixli akt, cavabdeh tərəfindən istifadəsində olan hər iki **********00170 abonent nömrəli və **********00000 saylı abonent nömrəli qaz sayğaclarına zərər kimi vurularaq barəsində 2 ədəd 3110.40 manat məbləğində zərər hesablayıblar. 2023cü il aprel-may ayı tarixlərində cavabdeh Azəriqaz İstehsalat birliyi tərəfindən istifadəsində olan digər **********00170 abonent nömrəli sayğaca 3110.40 manat məbləğində cərimə qeyri qanuni tərtib edilmişdir. İstifadəsində olan digər **********00000 saylı Abonent sayğacında olduğu kimi **********00170 abonent nömrəli sayğacda da zərər aktı qanunsuz tərtib edilmiş, sayğac dəyişdirilərkən və ya akt tərtib edilərkən iştirakı təmin edilməmiş, akt haqqında onlara məlumat verilməmiş, ümumiyyətlə tərəfindən sayğaca hər hansı bir müdaxilə olmamış, əlavə sərfiyyatlar tərəfindən edilməmiş, cavabdehə hər hansı bir borcu olmamışdır. Odur ki, istifadəsində olan digər **********00170 abonent nömrəli sayğacla bağlı haqqında tərtib edilmiş akt və 3110.40 manat zərər məbləği tam qanunsuzdur və ləğv edilməlidir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

6. İddiaçı tələbin hüququ əsası kimi “İstehlakçıların müdafiəsi haqqında” xx.xx.1995-ci il tarixli Qanunun 13-cü maddəsinin 8-ci bəndinə, 17-ci, 26-cı maddələrinə; “Qaz təchizatı haqqında” Qanunun 11-ci maddəsi, 12-ci maddəsinin 5-ci bənidnə, 12-ci maddəsinin 6-cı bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad etmişdir.

7. Cavabdeh İB iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin ilişdiyi, dişli çarxının dişlərinin kəsildiyi, sayğacın Alarm 1 rejimində olduğu və istismara yararsız olduğu müəyyən edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə X1 nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2023-cü il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Bundan əlavə istehlakçının saldosu üzrə iddiaçının sayğaca müdaxilə olunub aşkar edilənə qədər olan dövr ərzində olan ödənişləri ilə son dövrlərdəki ödənişlərini müqayisə etsək, arada kəskin fərqin olması, yəni müdaxilə aşkar olunana kimi ödənişlərinin az olması sayğacdan keçən sərfiyyatı az göstərmək üçün sayğaca müdaxilə etdiyi təsdiqləyir. Eyni zamanda iddiaçının bir ilə yaxın müddət ərzində hesablanan borca görə 569 manat ödəniş etməsi dəymiş ziyana görə məsuliyyət daşıdığını qəbul etməsini göstərir. Hazırda iddiaçının borc üzrə etdiyi ödənişlər nəticəsində 2541,4 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “X2nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi özözündə istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

8. Cavabdeh etirazın hüquqi əsası kimi “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndinə, “Əhalinin təbii qazda istifadə üzrə yaranmış borcların silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsaslanmışdır.

9. Qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini, aktın tərtib edilməsi zamanı iştirak etmədiyini, onun tərəfindən sayğaca heç bir müdaxilə edilmədiyini qeyd edərək iddianın təmin edilməsini xahiş etdi.

11. Cavabdeh İB məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, iddia tələbini qəbul etmədiklərini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

12. 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.

15. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Qanunun:

17. 17-ci maddəsinə əsasən, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanun

18. 6-2-ci bəndinə əsasən, müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür.

19. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «X2»

20. 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

21. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

22. 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

23. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

24. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

25. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

26. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

28. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

29. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

30. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

32. İddia əsaslıdır.

33. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac üzrə xx.xx.2023-ci il tarixli cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən sayğacın hesablama mexanizminə kənar müdaxilə edilməklə qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, həmin akt əsasında hesabat müddəti 90 gün qəbul edilməklə 25920 m3 qaz itkisi müəyyən edilmiş və iddiaçıya məxsus saldo məlumatlarından göründüyü kimi ona 2023-cü il üzrə isə 3110.40 manat borc hesablanmışdır. İstehlakçı cavabdehin hesablanmış olduğu ziyan məbləği və aktla razılaşmayaraq borcun silinməsini tələb edir.

34. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, hazırkı iddia tələbi bilavasitə qanundan irəli gəlməklə, tərəflər arasında mübahisə mülki hüquq pozuntusundan (delikt) yaranan münasibətlərə aiddir.

35. Mülki hüquq pozuntusunun (delikt) (Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1097.1ci maddələri) dizpozisiya şərtləri aşağıdakı ünsürlərdən ibarətdir: əməl (hərəkət və hərəkətsizlik), əməlin hüquqazidd olması və təqsir.

36. Hazırkı işdə əməlin baş verib-vermədiyi, iddiaçının hüquqazidd hərəkət etməsi və bu zaman təqsirli olmasının yoxlanması zamanı ilk növbədə sübutetmə yükünün düzgün müəyyən edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, kənar xəttin çəkilməklə qaz itkisinin baş verməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə məhz Cavabdeh İB-nin üzərinə düşür.

36. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı sübut qismində xx.xx.2023-ci il tarixli akta, cavabdehin özü tərəfindən tərtib edilmiş laborator akt və həmin akta əsasən hesablanmış dəymiş ziyanla bağlı tələbnaməyə istinad edilmişdir.

37. Məhkəmə qeyd edilən sübut vasitəsilə bağlı onu qeyd edir ki, həmin aktlar kserosurət olmaqla, lazımi qaydada təsdiq edilməmiş, iddiaçı tərəfindən imzalanmamışdır. Halbuki mülki qanunvericiliyin tələbinə əsasən yazılı sübutlar-sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməlidir. Bundan əlavə qeyd edilən aktların tərtib edilməsində istehlakçı qismində çıxış edən iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdehin özü tərəfindən birtərəfli qaydada tərtib edilmiş, iddiaçı məhkəmə iclasında verdiyi izahatında aktı imzalamadığını bildirmişdir. Bu hal isə həmin aktın formal olaraq tərtib edilməsi kimi qiymətləndirilməsinə əsas verir. Belə olduqda, cavabdeh tərəfindən təqdim edilmiş həmin sənədlərin iş üzrə mötəbər sübut qismində qəbul edilməsi yolverilməzdir.

38. Bundan əlavə yuxarıda qeyd edilən “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsi (maddə 2022-ci ilin mayın 1-dən qüvvəyə minmişdir) və “X2”nın 6.5-ci bəndinin tələblərindən aydın olduğu kimi, qeyd edilen tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli va həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xatalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ila müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan təleb etməlidir.

39. Hazırkı işdə Cavabdeh tərəfindən Qanunun yuxarıda göstərilən maddəsinin tələblərinə əməl edilməmiş, abonent İddiaçı tətəfindən sayğaca müdaxilə halları ila bağlı tərtib edilmiş akt inzibati xəta haqqında iş üzra icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilməmiş, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların va ya məhkəmənin qərarı ilə təsdiq edilmədən onun şəxsi hesabına borc kimi yazılaraq tələb edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı qanunsuz müdaxilə halının etirafı baş verməmişdir.

40. Məhkəmə qeyd edir ki, istehlakçının sayğaca müdaxiləsi ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələblərinin əsaslı olmasına qiymət verilməsi üçün kifayət edir.

41. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması halına dair başqa heç bir sübut vasitəsi təqdim edilməmişdir. Bu da öz növbəsində iddiaçıya hesablanmış borc məbləğinin əsassız olmasını şərtləndirir. Bununla da, hazırkı mülki iş üzrə istehlakçı qismində çıxış edən iddiaçıya qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi və cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli ******* nömrəli aktın əsasının müəyyən edilməsi mümkün olmamışdır.

42. Məhkəmə bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

43. Məhkəmə qeyd edilən halları əsas götürərək hesab edir ki, mübahisələndirilən akt əsasında cavabdeh tərəfindən istehlakçı qismində iddiaçıya məxsus sayğac üzrə onun şəxsi hesabına 3110.40 manat vurulmuş ziyan məbləği əsassız yazıldığından iddia tələbi təmin edilməlidir. Məhkəmə xərcləri

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

45. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

46. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə bütün növ büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

47. Həmin qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir.

48. Məhkəmə hazırkı tələb üzrə ödənilməli olan dövlət rüsumunun “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən 51.11 manat təşkil etməsini, iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu və iddianın təmin edildiyi əsas götürərək, qanunvericliyin yuxarıda göstərilən tələblərinə əsasən qeyd edir ki, iş üzrə ödənilməli olan 51.11 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Nəticə

49. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, cavabdeh iddiaçının tələbdə göstərilən borcunun yaranması halını sübut edə bilməməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB-i tərəfindən iddiaçıya hesablanmış 3110.40 manat məbləğində pul vəsaiti silinməlidir.

50. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı **********00170 saylı (Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci məhəllə, keçid 4,ev 17) istehlakçı hesabına ******* saylı xx.xx.2023cü il tarixli akt əsasında yazılmış 3110.40 manat məbləğində borc silinsin. İş üzrə ödənilməli olan 51.11 manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar