Məhkəmə qərarları › İş №e-2(002)-2245/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2245/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2245/2025 12.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən LG Led Tv, Tozsoran Samsung, AUX kondisioner, 3 ədəd Zəmanət+3 il xidməti üçün 522.6 manat ödənilməmiş əsas borc, 52.26 manat cərimə, ümumilikdə 574.86 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf iddiaçı "xxxx" MMC ilə bağladığı 11 avqust 2023-ci il tarixli müqaviləyə əsasən LG Led Tv, Tozsoran Samsung, AUX kondisioner, 3 ədəd Zəmanət+3 il xidməti almış, lakin cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 2675.98 manat (18 ay x 143.11 manat + 100 manat ilkin ödəniş) olan LG Led Tv, Tozsoran Samsung, AUX kondisioner, 3 ədəd Zəmanət+3 il xidməti üçün ümumilikdə 574.86 manat (522.6 manat ödənilməmiş hissə + 52.26 manat cərimə) borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində AUX kondisioner, Zəmanət+3 il xidmətindən imtina etmişdir, 1008 manat borcundan silinmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1145.38 manat, məhsul qayarıldıqdan sonra qoyulan qiymət 1008 manat, ümumilikdə 2153.38 manat təşkil edir. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, cavabdeh müqavilə öhdəliklərini icra etməmişdir. Tələbin əsaslılığını və əmlakın dəyirini sübut edən sənədlər: tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildiriş, əşyaların təhvil-təslim aktı və ödəniş cəfvəlindən ibarətdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırdığı üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir və iddia tələbinin təmin olunması xahiş edliir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, cavabdeh etiraz verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 avqust 2023-ci il tarixli, № 02094502 Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh 3801 manat dəyərində LG Led Tv, Tozsoran Samsung, AUX kondisioner, 3 ədəd Zəmanət+3 il xidməti ilkin ödəniş 300 manat olmaqla, 18 ay müddətinə hər ay 194.5 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. Tərəflər arasında bağlanmış 11 avqust 2023-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh 02094502 nömrəli müqaviləyə əsasən LG Led Tv, Tozsoran Samsung, AUX kondisioner, 3 ədəd Zəmanət+3 il xidməti təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş, 02 may 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlində göstərilir ki, 11 avqust 2023-ci il tarixli müqavilə üzrə cavabdehin 522.6 manat məbləğində ödənilməmiş əsas borc, 52.26 manat cərimə olmaqla, cəmi 574.86 manat məbləğində borcu yaranmışdır. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11 avqust 2023-ci il tarixli müqavilə mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqısatqı müqaviləsidir. Ona görə də, hazırkı mübahisənin maddi hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında 11 avqust 2023-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsulun dəyərini hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş sübutlardan aydın olur ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malın dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır. Hazırda cavabdehin alğı-satqı müqaviləsi üzrə 522.6 manat məbləğində qalıq borcu yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun məbləğinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 11 avqust 2023-ci il tarixli müqavilənin tərkib hissəsi olan xx.xx.2023-ci il tarixli Əlavənin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%dək müəyyən edildiyindən, həmçinin hesablanmış cərimə məbləğləri əsas borc məbləğlərinə mütənasib olmadığından azaldılmalı və xx.xx.2023-ci il tarixli müqavilə üzrə 20 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bununla yanaşı, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə LG Led Tv, Tozsoran Samsung, 2 ədəd Zəmanət+3 il xidməti üçün 522.6 manat ödənilməmiş əsas borc, 20 manat cərimə olmaqla, ümumilikdə 542.6 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMCnin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar