Məhkəmə qərarları › İş №e-2(002)-2277/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2277/2024

19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2277/2024 19.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış; xx.xx.2023-ci il tarixli-327150 saylı müqavilə üzrə 165 AZN əsas borc, 15 AZN cərimə borcu, xx.xx.2023-ci il tarixli-327149 saylı müqavilə üzrə 100 AZN əsas borc, 45 AZN cərimə borcu ümumilikdə 325 AZN borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh Babasan qızından tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli 327150 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı «Tozsoran» markalı oyun avadanlığına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 25 manat olmaqla cəmi 315 manat, xx.xx.2023-ci il tarixli 327149 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, «3-lü qranit tava» görə 10 ay ödəniş cədvəli üzrə hər ay 20 manat olmaqla cəmi 215 manat, ümumilikdə iki müqavilə üzrə 540 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, iki müqavilə üzrə qalıq qalmış 265 manat borcu qaytarmamışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 0.5 manat) gündəlik dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 60 manat təşkil edir. Bu səbəbdən də, iddiaçı məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, cavabdeh etiraz verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 may 2023-ci il tarixli, 327150 nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, İddiaçı MMC Cavabdeh 315 manat dəyərində “Tozsoran” ilkin ödəniş 10 manat olmaqla, 12 ay müddətinə hər ay 25 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 06 may 2023-ci il tarixli, 327149 nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, İddiaçı MMC Cavabdeh 225 manat dəyərində 3-lü qranit tava ilkin ödəniş 10 manat olmaqla, 10 ay müddətinə hər ay 20 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan İddiaçı MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş, 10 iyun 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlində göstərilir ki, 06 may 2023-ci il tarixli, 327150 nömrəli müqavilə üzrə cavabdehin 165 manat məbləğində ödənilməmiş əsas borc, 15 manat cərimə olmaqla, cəmi 180 manat; 06 may 2023-ci il tarixli, 327149 nömrəli müqavilə üzrə cavabdehin 100 manat məbləğində ödənilməmiş əsas borc, 45 manat cərimə olmaqla, cəmi 145 manat, ümumilikdə 325 manat məbləğində borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 may 2023-ci il tarixli, 327150 nömrəli və 06 may 2023ci il tarixli, 327149 nömrəli müqavilələr mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqavilələridir, həmin müqavilələr etibarlıdır. Ona görə də, hazırkı mübahisə üzrə iddiaçının tələbinə uyğun gələn qanuni əsas kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında 06 may 2023-ci il tarixli, 327150 nömrəli və 06 may 2023-ci il tarixli, 327149 nömrəli alğı-satqı müqavilələri bağlanmışdır və həmin müqavilələr etibarlıdır. Müqavilələrə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilələrin predmeti qismində avadanlıqları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsulların dəyərini hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarından aydın olur ki, iddiaçı hər iki müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan avadanlıqları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malların dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır. Hazırda cavabdehin 06 may 2023-ci il tarixli, 327150 nömrəli alğı-satqı müqaviləsi üzrə 165 manat əsas borc və 06 may 2023-ci il tarixli, 327149 nömrəli alğı-satqı müqaviləsi üzrə 100 manat məbləğində əsas borcu yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, yuxarıda sadalanan hüquq normalarının tələbinə əsasən, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin cərimə borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 06 may 2023-ci il tarixli, 327150 nömrəli və 06 may 2023-ci il tarixli, 327149 nömrəli müqavilələrə Əlavələrin 2-ci bəndinə əsasən, “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmdə peniya ödəyir. Cavabdehin ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək cərimə məbləğini birinci müqavilə üzrə 15 manat, ikinci müqavilə üzrə 45 manat məbləğində müəyyən etmişdir. Lakin məhkəmə hər iki iş üzrə cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, həm tərəflərin razılığı ilə cərimə məbləğləri ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək müəyyən edildiyindən, həmçinin hesablanmış cərimə məbləğləri əsas borc məbləğlərinə mütənasib olmadığından azaldılmalı və 06 may 2023-ci il tarixli, 327150 nömrəli müqavilə üzrə 5 manat, 06 may 2023-ci il tarixli, 327149 nömrəli müqavilə üzrə 15 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 06 may 2023-cü il tarixli, 327150 nömrəli müqaviləyə əsasən, Tozsoran üçün 165 manat əsas borc və 5 manat cərimə borcu, 06 may 2023-cü il tarixli, 327149 nömrəli müqaviləyə əsasən 3-lü qranit tava üçün 100 manat əsas borc, 15 manat cərimə borcu olmaqla, ümumilikdə 285 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar