Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2298/2025 28.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanı üzrə abonent qismində Cavabdeh çıxış edir, həmin ünvanı üzrə xx.xx.2014-cü ildə su sayğacı quraşdırılmışdır. Müqavilənin bağlanma tarixi xx.xx.2014-cı il, müqavilə nömrəsi 26327341, 2016-cı il üzrə illik su sərfiyyatı 42.44 m3 və yekun borc məbləği 2.16 manat, 2017-ci il üzrə illik su sərfiyyatı 75 m3 və yekun borc məbləği 38.84 manat, 2018-ci il üzrə illik su sərfiyyatı 91.5 m3 və yekun borc məbləği 71.5 manat, 2019-cu il üzrə illik su sərfiyyatı 79.5 m3 və yekun borc məbləği 39.5 manat, 2020-ci il üzrə illik su sərfiyyatı 55 m3 və yekun borc məbləği 55 manat, 2021-ci il üzrə illik su sərfiyyatı 153.43 m3 və yekun borc məbləği 153.43 manat, 2022-ci il üzrə illik su sərfiyyatı 179 m3 və yekun borc məbləği 44 manat, 2023-cü il üzrə illik su sərfiyyatı 139 m3 və yekun borc məbləği -31 manat, 2024-cü il üzrə illik su sərfiyyatı 140 m3 və yekun borc məbləği 140 manat, xx.xx.2025-ci il tarixə qədər su sərfiyyatı 13 m3 və yekun borc məbləği 13 manat olmaqla, ümumilikdə yekun borc məbləğinin 526.43 manat olduğu qeyd edilmişdir.
2. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, su xidmətlərindən istifadə olunmasına görə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 526.43 manat məbləğində borcu olduğunu, həmin borcu 7 iş günü müddətində borcun ödənilməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
3. Bakı şəhər Qaradağ rayon Mənzil Kommunal İstismar İdarəsin tərəfindən verilmiş 692 nömrəli, xx.xx.2025-ci il tarixli Arayışa əsasən, Ağdam rayonundan məcburi köçkün olan Quliyev X1 rayonu Müşfiqabad qəsəbəsi, bina 22, mənzil 80 ünvanıda müvəqqəti məskunlaşmışdır.
İddia tələbi
4. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 526.43 manat borcun tutularaq **********800 saylı abonent koduna və 30 manat dövlət rüsumunun “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 tərəfindən Cavabdeh su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 526.43 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilər uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş sonuncu dəfə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borc ödənilməsini təmin etməmişdir.
6. İddiaçı tələbin hüququ əsası kimi “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30, 61, 62-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 445.1, 448.2-ci maddələrinə istinad etmişdir.
7. İddia ərizəsinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
8. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, cavabdeh həmin mənzildə yaşayır və iddianın təmin edilməsini xahiş edir.
9. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, əvvəlki müddətin borcu üzrə iddia müddəti ötürülmüşdür. Hal-hazırda işləmir və uşaqları xəstədir. Qeyd edilən mənzildə hazırda özü yaşayır. Borc onun borcudur. Cavabdeh yazılı ərizə təqdim edərək 3 illik iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 372.1 Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.3 Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2 Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.3 İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
11. «Su təchizatı və tullantı sular haqqında» Azərbaycan Respublikasının Qanunu: 30.1 Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablanmalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 59 (b). Su təchizatı və kanalizasiya müəssisəsi onun xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. 61.1 Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 62 Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 №-li Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”: 3.1.2 STKM-in smart-kart tipli olmayan su ölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək hüququna malikdir. 4.1.3 Bu Qaydaların tələblərinə əsasən, istehlakçının əsas vəzifələrindən biri də verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməkdir. 7.1 Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 7.4 Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
14. İddia qismən əsaslıdır.
15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı qismində çıxış edən su təchizatı müəssiəsi tərəfindən cavabdeh qismində çıxış edən istehlakçıya su təchizatı obyektindən istifadə edilməsi ilə bağlı xidmətlər göstərilmişdir. Lakin buna baxmayaraq cavabadeh qismində çıxış edən istehlakçı görülmüş xidmətlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə xidmət haqqını vaxtı-vaxtında, lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı qarşısında mülki hüquqi məsuliyyətinə səbəb olan sudan istifadə edilməsinə görə xidmət haqqının ödənilməməsi ilə bağlı borc öhdəliyi yaranmışdır.
17. İşə əlavə edilmiş abonent kartından görünür ki, su sayğacında cavabdehin illik su sərfiyatı (m3 ilə), ödənilən pul vəsaitinin məbləği və illik yekun borc məbləği aşkar qeyd edilmişdir. Cavabdehin sudan istifadə edilməsinə görə xidmət haqqının ödənilməməsi ilə bağlı yaranmış qalıq borcu 2016-ci il tarixdən 2025-ci il tarixədək olan dövr ərzində hər il üzrə **********800 nömrəli abonent kodu üzrə elektron abonent kartına daxil edilmiş, həmin dövr ərzində ümumilikdə qalıq borcu 526.43 manat olduğu göstərilmişdir.
18. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən məhkəmə iddia icraatına keçərək məhkəmə iclasında mübahisəni araşdırmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən qeyd edir ki, həmin borcun tələb edilməsi üçün iddia müddəti üç il təşkil edir. Ona görə də, iddia tələbi xx.xx.2022xx.xx.2025-ci illər üzrə təmin edilə bilər.
19. Abonent kartı məlumatlarından görünür ki, xx.xx.2022-xx.xx.2025-ci il üzrə hesablanmış borc məbləği, xx.xx.2022-ci il üzrə -18 manat (117-135(borclunun ödənişi)) 2023-cü il üzrə -31 manat; 2024-cü il üzrə 140 manat və 2025-ci il üzrə 13 manat borcu vardır. Bundan əlavə, abonentin 2022-ci il üzrə -18 və 2023-cü il üzrə -31 manat artıq ödəməsi müəyyən edilmişdir.
20. Göstərilənlərə əsasən, son üç illik dövr üzrə cavabdehin iddiaçıya kommunal xidmətlərdən istifadəyə görə borcu 104 manat (-18-31+140+13=104) təşkil edir.
21. Məhkəmə qeyd olunan halları əsas götürərək bu qənaətə gəlir ki, hazırkı iş üzrə cavabdehin su təchizatı xidmətlərindən istifadəyə görə xidmət haqqının ödənilməməsi nəticəsində iddiaçı qarşısında, iddia müddəti tətbiq edilməklə 104 manat məbləğində borc öhdəliyinin yaranması aşkar olduğundan iddia tələbi əsaslı olmaqla qismən təmin edilməlidir.
Məhkəmə xərcləri
25. İddia tələbinin 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. “Dövlət rüsumu haqqında Qanun”un 9.1.20-ci maddəsinə görə, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumundan azaddır.
27. İşdə olan Qaradağ rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh məcburi köçkündür, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, bina 22, 80№-li mənzildə ailə üzvləri ilə birlikdə müvəqqəti məskunlaşmışdır.
28. Odur ki, cavabdeh məcburi köçkün olmaqla dövlət rüsumundan azad olduğundan iddia tələbi rüsumun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilə bilməz. Nəticə
29. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh su təchizatı obyektlərindən istifadə edilməsi xidmətlərinə görə yaranmış 104 manat məbləğində borcu tutularaq iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
30. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edilməsinə görə yaranmış 104 manat məbləğində pul vəsaiti (abonent kodu **********800; sayğac ********) tutularaq iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova