Məhkəmə qərarları › İş №e-2(002)-2299/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2299/2022

16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2299/2022 16.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə CVD000164 saylı xx.xx.2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 104 manat əsas borcu, 15.6 manat cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X2 ilə Cavabdeh arasında bağlanmış CVD000164 saylı xx.xx.2021-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 126 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürüb. Ferrum Kapital MMC ilə X2 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X2-nin Cavabdeh qarşı olan 126 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir Ferrum Kapital MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki,cavabdehin bugünə 104 manat əsas borcu, 15.6 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Qeyd olunan halları nəzərə alaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışının məzmunundan aydın olur ki, xx.xx.2021-ci il tarixli CVD000164 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh xx.xx.2022-ci il tarixə Ferrum Kapital QSC-ə əsas borcu 104 manat, cərimə borcu 15.6 manat olmaqla, cəmi borcu 119.6 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli CVD000164 saylı nisyə alqı-satqı müqaviləsinin məzmunundan aydın olur ki, satıcı qismində çıxış edən X1 dəyəri 126 manat olan malı alıcıya verir, alıcı həmin malları qəbul etməklə, həmin malların qalıq dəyərini ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının məzmunundan aydın olur ki, 126 manat dəyərində olan CASİO markalı malı alıcıya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli CVD000164 saylı nisyə alqı-satqı müqaviləsinin 1 saylı Əlavənin məzmunundan aydın olur ki, alıcı borclu Cavabdeh malın dəyərini 6 ay müddətində hər ay 21 manat aylıq ödəniş etməklə , malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişin məzmunundan aydın olur ki, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixli CVD000164 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ümumilikdə 158 manat məbləğində borcunun qaldığını, həmin borcu 3 gün müddətində ödəmədikdə, müqavilə üzrə qalıq borcunun vaxtından əvvəl qaytarılması və bununla əlaqədar çəkilmiş xərcin tutulması tələbi ilə məhkəməyə müraciət edilməsi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli R-752/21 saylı faktorinq müqaviləsinin məzmunundan aydın olur ki, Fiziki şəxs X1 ilə Ferrum Kapital QSC arasında faktoniq müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsaəsn faktor borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul vəsaitini veriri, müştəri isə borcluya qarşı pul tələb etmək hüququnu faktora güzəşt edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli R-752/21 saylı Sazişin məzmunundan aydın olur ki, faktor qismində Ferrum Kapital QSC, müştəri qismində Fiziki şəxs X1, borclu qismində Cavabdeh, güzəşt edilən tələb məbləği 126 manat məbləğ qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Həmin Məcəllənin 656-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Həmin Məcəllənin 657.4-cü maddəsinə əsaəsn əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. Həmin Məcəllənin 657.7-ci maddəsinə əsasən əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı bildirişin verildiyi məqamda müştəriyə qarşı olan tələblərinin ödənilməsinə dair hər hansı hüququ da qarşılıqlı əvəzləşdirmə çərçivəsində faktora qarşı etiraz kimi irəli sürə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X1 ilə Cavabdeh arasında xx.xx.2021-ci il nisyə alqısatqı müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə 6 ay müddətinə aylıq 21 AZN məbləğində ödənişlər etməklə avadanlığın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsi üzrə müqavilənin predmeti olan avadanlıq cavabdehə təhvil verilmiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini vaxtında və lazımi qaydada ödəməkdən yayınmışdır. Bununla da, cavabdehin nisyə alıq-satqı müqaviləsi üzrə onun mülki hüquqi məsuliyyətinə əsas olan borc öhdəliyi yaranmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Ferrum Kapital QSC ilə X1 arasında xx.xx.2021-ci il tarixli faktorinq müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən satıcı qismidnə çıxış edən X1 borclu Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə 126 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmək hüququnu xx.xx.2021-ci il tarixli Sazişə əsasən faktor qismində çıxış edən iddiaçı Ferrum Kapital QSC-yə güzəşt etmişdir. Bununla da, tərəflər arasından bağlanılmış nisyə alıq-satqı müqaviləsi üzrə tələb hüququ iddiaçıya keçmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tərəflər arasında bağlanılmış nisyə alıq-satqı müqaviləsi üzrə tələb hüququnun satıcıdan ona keçməsinə dair müvafiq bildiriş cavabdehə göndərilməklə, bu barədə ona məlumat verilmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçı qarşısında 104 manat məbləğində əsas borcu yaranmışdır. Bu halda, məhkəmə hesab edir ki, cavabdehin nisyə alqı-satqı müqaviləsi üzrə borc öhdəliyinin yaranması, borc məbləği və həmin borc öhdəliyi üzrə tələb hüququnun faktorinq müqaviləsi əsasında iddiaçıya keçməsi halı aşkar olduğundan, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olmaqla təmin edilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın əsas borca hesablanmış 15.6 manat (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 10 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödəmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi çəkilmiş məhkəmə xərcini tutulması hissəsində iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq,ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində olan hissədə və 0,40 manat xidmət haqqı cavabdehdən tutularaq,iddiaçıya ödənilməli, qalan hissədə iddiaçının özünə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır;284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 104 manat məbləğində əsas borc, 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 114 manat borc pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 104 manat məbləğində əsas borc, 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 114 manat borc pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar