Məhkəmə qərarları › İş №e-2(002)-2328/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2328/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2328/2024 29.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh 2975 manat məbləğində vurulmuş zərər və 49,75 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 3024,75 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(002)- 2328/2024 saylı qərardadı ilə sadələşdirilmiş icraat üzrə iş iddia icraatına keçirilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “FORD TRANSİT” markalı, **-OT- *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il sentyabrın 09-da Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi “FORD TRANSİT” markalı, **-OT-*** dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsində “HYUNDAİ ACCENT” markalı, **-TA-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Abşeron DYP-nin xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü (Bu Məcəllənin 332.2-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Abşeron DYP-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü(Bu Məcəllənin 332.2-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilnmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 2881 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “HYUNDAİ ACCENT” markalı, **-TA-*** dövlət nömrə nişanlı avtomobillə 2975 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 2975 manat sığorta ödənişi zərərçəkmiş şəxs X3 ödəmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında qeyd etdi ki, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Avtoqəza baş vermişdir. Cavabdeh barəsində inzibati qərar və protokol tərtib olunmuşdur. Həmin inzibati qərar qüvəddədir və ondan şikayət olunmayıb. Cavabdeh iclasında izahatından qeyd edir ki, avtomobil onundur, maşını 3500 kq yük götürüb. Avtoqəza baş vermişdir, onun barəsində inzibati qərar qəbul olunmuşdur və həmin qərardan şikayət verməmişdir. Hadisəyə görə məhkəmə qaydasında cərimə yazılmış və onu ödəmişdir. Baş Dövlət Yol Polis İdarəsi sənədlərdə onun yük qabiliyətini səhv göstərmişdir, ona görə hesab edir ki, təqsir onda yox, BDYPİ-dir. Sürücülük vəsiqəsi B kateqoriyalıdır və onun yükqötürmə qabiliyyəti 3 ton yarımdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş PXA********** nömrəli xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “FORD TRANSİT” markalı, **-OT-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İş materiallarına əlavə olunmuş PXA94174 saylı sığorta aktından görünür ki, 2021-ci il sentyabrın 09-da Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi “FORD TRANSİT” markalı, **-OT-*** dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsində “HYUNDAİ ACCENT” markalı, **-TA-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə 2975 manat məbləğində sığorta ödənişi X2 -AZ11HAJC******************** saylı hesaba həyata keçirilmişdir. İş materiallarında olan Abşeron DYP-nin xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli protokolun və həmin tarixli TP4629983 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü (Bu Məcəllənin 332.2-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmiş və Cavabdeh 400 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan AC583477 saylı sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh “B” kateqoriyalı sürücülük vəsiqəsinə sahibdir. İş materiallarında olan xx.xx.2021-ci il təhvil təslim aktından görünür ki, "xxxx" ASC tərəfindən X2 plastik kartlar və Şen zərflər təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cari hesabdan çıxarışdan görünür ki , "xxxx" ASC tərəfindən AZ11HAJC******************** saylı hesaba 2975 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 2881 nömrəli “qiymətləndirmə akt”-dan görünür ki, “HYUNDAİ ACCENT” markalı **-TA-*** dövlət nömrə nişanlı avtomobillə cəmi 2975 manat məbləğində ziyan dəymişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, 2021-ci il sentyabrın 09-da Cavabdeh FORD TRANSİT” markalı, **- OT-*** dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsində “HYUNDAİ ACCENT” markalı, **-TA-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və yol-nəqliyyat hadisəsi nəticəsində ikinci avtomobilə zərər vurmuş, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdə avtomobili etibarnamə olmadan idarə etdiyi müəyyən olunmuşdur. "xxxx" ASC tərəfindən sığorta aktına və dəymiş zərərin hesablanması aktına əsasən ümumilikdə 2975 manat məbləğ ödənilmişdir. Cavabdeh həmin hadisəyə görə barəsində inzibati qərar qəbul olunmuş, qərar qanuni qüvvəyə minmiş və cavabdehin deməsinə görə həmin qərar üzə məhkəmə qaydasında da cərimə olunub, cərimə üzrə dövlət büdcəsinə ödəniş etmişdir. İddiaçı həmin məbləği cavabdehdən tələb edir, cavabdeh isə barəsində qəbul olunan Abşeron DYP-nin xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli protokolun və həmin tarixli TP4629983 saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olduğunu bildirərək iddia tələbini rədd olunmasını xahiş edir. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-ci maddəsinin məzmunundan görünür ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Cavabdeh təqsiri, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadığı halda avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq digər avtomobilə maddi ziyan vurması qanuni qüvvəyə minmiş inzibati xəta haqqında qərar və protokol ilə sübuta yetirildiyindən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yarandığından, həmçinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sığorta aktı və ödəniş tapşırığından göründüyü kimi, iddiaçı tərəfindən ödənilmiş 2975 manat məbləğində sığorta odənişi subroqasiya qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xəta haqqında qərarı cavabdeh qanunsuz olduğunu bildirsə də, yəni onun sürücülük hüququ B kateqoriyalı olsa da ona həmin qərarla sürücülük hüququ olmama barədə qərar qəbul olunmuş və həmin qərar artıq qanuni qüvvəsini almışdır bununla, cavabdeh barəsində sürücünün hazırkı işə münasibətdə nəqliyyat hadisəsini törətməsi və ziyanın vurulması təkzib olunmaz haldır. Həmçinin cavabdehdə hadisənin törətməsini inkar etmir. Həmin hadisə ilə bağlı cavabdehin bildirdiyinə görə məhkəmə qaydasında da məsuliyyətə cəlb olunub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia qaldırmaq üçün 49,75 manat dövlət rüsumu ödənilmiş və həmin məbləği cavabdehdən tutulmasını tələb etmişdir. Hazırda iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 49,75 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir, Cavabdeh 2975 manat məbləğində maddi ziyan və ödənilmiş 49,75 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2975(iki min doqquz yüz yetmiş beş) manat məbləğində maddi ziyan və ödənilmiş 49,75 (qırx doqquz manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin.. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar